Loading...
Loading...
63910

Hökumət yoxsullara “yox” dedi

Gürcüstan hökuməti kasıb ailələrə dekoderləri pulsuz verib, Azərbaycanda isə 22 manata satdılarMDB ölkələri analoq yaymla bağlı planlarını əhalinin cibinə görə qururlar

Ölkənin bir nömrəli mövzusu yəqin ki, rəqəmsal yayıma keçidin yaratdığı problemdir. “Bizim Yol” xəbər verir ki, Azərbaycan ötən ildən bu yayıma keçməli olduğu halda posesi bir il ləngitdi. Aztəminatlı, xüsusi imtiyazlı ailələrin çiyninə əlavə yük qoymamaq üçün yalnız analoq yayımı dəstəkləyən televizorlarda dekoderlərin (“Set-Top-Box”) onlara pulsuz veriləcəyi barədə müzakirələr, hətta vədlər vardı.

Bu vədi də Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli şəxsən vermişdi. Cənab Məhərrəmli hələ 2014-cü ilin yanvarında bildirirdi ki, “insanların tam rəqəmsal yayıma keçid üçün dekoder, riskiver, kinerlər adlanan aparatlar alması arzulanandır. İstəyirik ki, analoq yayım dayandırılanda hər hansısa problem ortaya çıxmasın. Biz əhalinin marağını nəzərə alırıq. Hesab edirik ki, bu işə tam hazırlaşmalı və ondan sonra analoq yayımı dayandırmalıyıq. Çünki ölkədə kifayət qədər dekoderlər olmalıdır ki, əhali analoq yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin. Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı prezidentə müraciət etmişik, Nazirlər Kabineti də bu məsələyə baxıb. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə həllini tapacaq. Dekoderlərin verilməsi yalnız aztəminatlı ailələrə aiddir. Əhalinin böyük hissəsi rəqəmsal yayıma keçmək üçün indidən dekoderləri mağazalardan almalıdır”.

“Xərc və yükü xalqın çiyninə qoymaq lazımdır”

Yeri gəlmişkən, bir sıra ölkələrdə, rəqəmsal yayıma keçidlə əlaqədar “Set-Top-Box” almaq imkanı olmayan yoxsul ailələrə büdcədən dotasiya ayrılır. Görünür bu təklifə dövlət başçısı və NK tərəfindən dəstək olmayıb. Yeni yayıma hazırlıqsız keçidin əsaslandırması indi belədir ki, “iki ildən çoxdur Milli Teleradio İstehsalat Birliyi paralel olaraq həm analoq yayımı aparır, həm də rəqəmsal. Hər stansiyada hər proqram üçün ayrıca vericilər işləyir. Analoq vericiləri xarab olur, onu təmir etmək, ehtiyat hissələri tapmaq çətindir. Bundan başqa, hər birinin işıq pulu, xidmət pulu var. Ona görə də analoq yayım Teleradio İstehsalat Birliyi üçün böyük xərc və yükdür. Məhz bu səbəbdən belə qərar qəbul edilib”. Daha açığı, həmin xərc və yükü vətəndaşın çiyninə qoymağa qərar veriblər. Zatən vətəndaş 2014-cü ilin axırından, Avropa Oyunlarına “hazırlaşdığı” vaxtdan bir çox yüklərin altına öz çiynini verib. Daha doğrusu buna məcbur edilib. Indi də rəqəmsal yayımın xərci onun üzərinə qoyulur. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Amma ölkədə çoxları 80-90-cı illərin televizoruna baxır. Bugünkü məlumatlara görə poçt şöbələrində 5 min dekoder satılıb. Poçt şöbələrində qiymətin 20-22 manat olduğu iddia edilsə də dünən 27 saylı poçta müraciət edən bəzi vətəndaşlara dekoderin olmadığını deməklə bərabər bildiriblər ki, yaxşı dekoderlər 35-40 manatadır, ondan ucuzların keyfiyyəti aşağıdır.

Ölkələr rəqəmsal yayıma 2015-ci ilə qədər keçməliydilər

Rəqəmsəl yayıma keçid Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakçısı olan ölkələrin 2015-ci ilə qədər başa çatdırmalı olduğu öhdəliyidir. Dünyanın bir çox dövlətləri, Şimali Amerika və Avropa İttifaqı son on ildə rəqəmsal televiziya yayımına keçib. Analoq yayımın keyfiyyəti rəqəmsal yayımla müqayisə oluna bilməz. Çünki analog yayım ağ-qara televizorlara siqnalların çatdırılması üçün yaradılmışdı. Rəqəmsal televiziya isə aydın görüntü, daha yaxşı səs keyfiyyəti və çoxsaylı kanal təqdim edir. İlkin keçid dövründə bəzi texniki problemlər yaşanır. Bununla da ən çox prosesə hazırlıqsız start verən dövlətlər qarşılaşır. Eynilə bizim kimi. Ölkələrin çoxu tamamilə rəqəmsal şəbəkəyə keçid üçün ya analoq yayımı dayandırıblar, ya da dayandırmağı planlaşdırırlar. Məlumat bazasında analoq yayımın ilk Lüksemburq və Niderlandda dayandırıldığı göstərilir. Bu ölkələrdə 2006-cı ilin sonlarına doğru rəqəmsal yayıma keçildiyi qeyd edilir. Finlandiya, Andorra, İsveç 2007-ci ilin sentyabr-oktyabr aylarında, İsveçrə 2009-cu ilin mayında, Amerika Birləşmiş Ştatları və Almaniya 2009-cu iyununda, Danimarka həmin ilin oktyabrı, Norveç noyabrda, İspaniya 2010-cu ilin apreli, Slovakiya dekabr ayında, Avstriya 2011-ci ilin iyunu, Yaponiya paytaxtı Tokio iyul, Kanada avqust, Belçika, Fransa noyabr aylarında, Yaponiya bütövlükdə 2012-ci ilin martında, Çexiya həmin ilin iyun ayında, İrlandiya, Böyük Britaniya, Litva oktyabrda, Bolqarıstan, İtaliya, Koreya Respublikası dekabrda rəqəmsal yayıma keçib. Belorusiya, Monteneqro, Cənubi Afrika Respublikası, Moldova, Qırğızıstan, Gürcüstan, Filippin, Albaniya, Rumıniya, Türkiyə, Azərbaycan, Çinin 2015-ci ildə, Braziliya, Ermənistan, Qazaxıstanın 2016-cı ildə, Ukraynanın 2017-ci ilin dekabrında, Meksikanın isə 2022-ci ildə rəməqsal yayına keçmək planı açıqlanıb.

Son sadalananlardan Gürcüstan, Ermənistan rəqəmsal yayıma plana uyğun olaraq ötən ildən keçib. Gürcüstanın regionlarında analog televiziyanın mərhələli bağlanması 2015-ci ilin iyulun əvvəlində başlayıb və avqustun sonlarında başa çatıb. ATƏT ölkənin bu sistemə uğurla keçidini yüksək qiymətləndirib. Qanunun qəbulu və texniki məlumat bazasının hazırlanması, o cümlədən Gürcüstan vətəndaş cəmiyyətinin bu sahədə qanun və texniki bazanın hazırlanmasında fəal iştirakı yüksək qiymətləndirib. Ölkədə televiziya siqnalları antenlərlə daxil olan 40% əhali ya dekoderlər aldılar, ya da rəqəmsal yayımı dəstəkləyən yeni televizorlar. Bunun 30% kabel televiziyası və bir o qədər də peyk istifadəçiləri olan auditoriyaya aidiyyatı yoxdu. “Set-Top-Box”-ları əhali 20-25 dollardan əldə etdi. Gürcüstanda da yoxsul ailələrə dekoderləri hökumət pulsuz verib.

Ermənistan 95 faiz “Set-Top-Box” alana qədər gözləyəcək

Ermənistan rəqəmsal yayımla bərabər analoq yayımı da saxlayıb. Əhalinin 95 faizi “Set-Top-Box”-a keçənə qədər paralel olaraq analoq yayım da qalacaq. Türkiyə isə hələ də analoq yayımda qalır. Qırğızıstan mətbuatı yazıb ki, 10 min aztəminatlı ailənin rəqəmsal yayımı izləməsi üçün hökumət onları aparatlarla təmin edəcək. Hökumət bunun üçün büdcə ayırıb, həmin dekoderləri alaraq sosial durumu aşağı olan ailələrə paylamaq niyyəti baş nazirin müavini səviyyəsində xalqa ifadə edilib. Bunun üçün ayrılacaq vəsait ölkənin maliiyə nazirliyinə sorğu edilib. Rusiya hökuməti də aztəminatlı vətəndaşlarına belə bir söz verib. Xərcin federal və ya regional büdcədən ödənilməsi müzakirə mövzusudur. Rusiya rəqəmsal yayıma tədricən keçir, analoq yayımın 2018-ci ildə dayandırılacağı rəsmi səviyyədə bəyan edilib. Amma Azərbaycan praktikası göstərdi ki, hökumətlər verdikləri sözə əməl etməyə də bilirlər.

Ukrayna hökumətinə əhali ATƏT-dən daha maraqlıdır

Ukrayna bir sıra səbəblərdən rəqəmsal yayıma keçə bilmir. Bunlardan biri də ölkədə “Set-Top-Box”-un olmamasıdır. Bizdəki kimi kimsə əvvəlcədən gətirib bazarı doldurmayıb. Əslində bu özü də araşdırılmalıdır. Bu qədər dekoder birdən-birə haradan peyda oldu? Bizdəkindən fərqli Ukraynada kimin evində nəyin olduğunu təhlil ediblər. Sosioloji araşdırmalara görə, bu ölkədə 5,7 milyon ev kabel televiziyası, 4,5 mln. peyk atennləri, 6,2 mln. efir yayımına üstünlük verir, onlardan da rəqəmsala baxan 1,6 mln.-dur. Rəqəmsal yayıma tam keçmək üçün 4,6 milyonun “Set-Top-Box”-la təmin olunması vacibdir.

Belarusda xalqla maddi durumuna görə davranırlar

Keçən il rəqəmsal yayıma keçən Belarusda dekoderlərin qiyməti 290 min rubldan 440 min rubla qədərdir. Bu isə 7,6-11,5 manata bərabərdir. Yəni, ən ucuz dekoderin qiyməti endirimlə 7 manat 60 qəpik, ən bahalısı isə 11 manat 50 qəpik təşkil edir. Bundan bahası yoxdur. Amma operatorlar “nənələr” üçün müxtəlif ölçülü paket analoq yayımı saxlayıblar.

Yoxsulluq səviyyəsini plazma televizorun yoxluğu ilə də ölçmək olar

Azərbaycanda vəziyyət əvvəlcədən öyrənilməyib, həmişəki kimi, işə plansız başlayıblar. Əhalinin neçə faizinin rəqəmsal yayımı dəstəkləyən televizoru var, nə qədər sayda evdə sovet sistemindən qalma televizorlar istifadə edilir, o ailələrin nə qədəri yoxsuldur və s. barədə ortada heç bir sosioloji araşdırma yoxdur. Demirlərmi ki, əhalinin yalnızca 5 faizi yoxsuldur? O zaman o 5 faizi tapıb büdcədən ayılan vəsaitlə onlara dekoder alsınlar. Amma mən deməzdim ki, ölkədə yoxsul ailələrin sayı bu qədərdir. Qəzetimizdə televizoru göstərməyənlərə bir xəbərdarlıq getmişdi, həmin yazıya 65 mindən çox adam baxıb. Bu, o deməkdir ki, təkcə Bizimyol.info-nun 65 min oxucusuna bu məsələnin bu və ya digər şəkildə aidiyyatı var. Yoxsulluğu məncə elə televizorun yoxluğu ilə də ölçmək olar. Analoq yayım hələ paytaxt və Abşeronda dayandırılıb. Regionlarda dayandırılan zaman əsl problem özünü onda göstərəcək.

Bizimyol.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xanımlar Fuad Ələsgərovdan kömək istəyəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: