Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hökumət növbəti devalvasiyaya gedəcəkmi?

Dövriyyədə manatın kütləsinin və idxalın artması milli valyutaya təzyiqi gücləndirir

Manatın xarici valyuta qarşısında ucuzlaşması prosesi davam edir. Xəbər verdiyimiz kimi artıq Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatı keçib. Bəzi analitiklər yay mövsümündə yerli məhsulların bazara çıxışıyla əlaqədar dollara tələbatın azalacağını və onun kursunda ucuzlaşma proqnozlaşdırırdı. Lakin proses əksinə cərəyan edir və daha çox istirahət mövsümü hesab edilən iyul və avqustda manatın dollar qarşısında daha çox dəyər itirəcəyi güman edilir.

Çünki azərbaycanlıların bir çoxu bu mövsümdə istirahət üçün xarici ölkələrə üz tutur və bununla da ölkədən xarici valyuta axını sürətlənir. Turizm mövsümünün başlanmasıyla əlaqədar yayın orta ayları, payızda və ümumiyyətlə, ilin sonuna yaxın dolların daha da bahalaşacağı da verilən proqnozlar sırasındadır.

Elə belə görünür ki, hökumət də yay mövsümündən, mövsümi qida məhsullarının ucuz olmasından istifadə edərək manatı kəskin devalvasiyaya uğratmaq istəmir. Amma bu o demək deyil ki, hökumət bu fikrindən ümumiyyətlə əl çəkib.

Manatı bahalaşdıran iki səbəbdən biri dövriyyədəki pul bazasının artmasıdır. Yanvarın sonunda pul bazası 5.7 milyard idisə, hazırda dövriyyədəki manat kütləsi 7.6 milyard təşkil edir. Məhz bu faktor manatın məzənnəsinə təsir edən faktordur.

Ikinci və ən mühüm məqamlardan biri isə ölkəyə idxalın artmasıdır. Bir müddət süni şəkildə ölkəyə idxalın qarşısını alan və bununla da ölkədən valyuta axınını azaldan hökumət manatın məzənnəsinə bununla yardım etmişdi. Amma ekspertlərin də qeyd etdiyi kimi bu prosesi uzun müddət aparmaq mümkün olmayacaqdı.

Məhz bu iki faktor – dövriyyədəki manatın kütləsinin və idxalın artması müqabilində dollara tələbatın yüksəlməsi milli valyutanın məzənnəsini aşağı salır.

Bəs, manatı qarşıdakı aylarda nə gözləyir? Hökumət növbəti dəfə kəskin devalvasiyaya gedəcəkmi? Yoxsa günə 3 kuruş artımla manatın məzənnəsi bir müddət hazırkı formada saxlanılacaq?

Ekspertlərə görə, Britaniyada keçirilən referendum gözlənildiyi kimi Azərbaycan iqtisadiyyatına təsir etdi. Referendumun nəticələri elan edilən gün Azərbaycanın valyuta bazarında dollar qıtlığı yarandı və xarici valyutaya yüksək tələb əmələ gəldi. Ekspertlərə görə, əslində dolların möhkəmlənməsi və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatından ötrü arzulanan hal deyil. Dünya bazarında möhkəmlənən dollar manata təzyiqi artırır, ucuzlaşan neftsə gəlirlərimizi azaldır. Hazırda ümumi rəyə görə, valyuta bazarımızda dolların möhkəmlənməsinə tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. Indi hərraclarda dollara tələbatın, ən yaxşı halda, 20 faizi ödənilir. Deməli, MB və Dövlət Neft Fondu dollar almaq üçün verilən sifarişin böyük əksəriyyətini təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur.

Yaranmış vəziyyətdən çıxış yolu kimi müxtəlif addımlar təklif olunur. Addımlardan biri də bundan ibarətdir ki, Mərkəzi Bank valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu isə dollara tələbatı ödəməyə yardım etsə də, rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Mövcud tələb-təklifi və MB-nin manevr imkanlarını nəzərə aldıqda, dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək. Hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir.

Manatın gələcək aqibətinə gəlincə ekspertlərə görə sentybrdan sonra manatın sayca 3-cü böyük devalvasiyasının şahidi ola bilərik. Bu dəfə manat daha 20-30 faiz ucuzlaşa bilər.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xarici valyutaların bu günə olan rəsmi məzənnələri açıqlanıb

%d bloqqer bunu bəyənir: