Loading...
Loading...

“Himayə olunan “makler-biznesmenlər” ev qiymətlərinin azalmasına imkan vermirlər”

Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb.

Virtualaz.org saytı xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, süni tələb yaratmaq üçün bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər var idi. “Amma proqnozlaşdırıldığı kimi, qiymət azalmaları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əməkhaqqı və gəlirlik səviyyəsini nəzərə alsaq, qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əməkhaqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil”, – deyə iqtisadçı şərh edib.

O həmçinin bildirib ki, əmlak bazarındakı himayə olunan “makler-biznesmenlər” kəskin qiymət azalmalarına imkan vermilər: “Məhz bunun nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı maklerlər tərəfindən idarə edilir. Buna görə də, qiymət azalmalarına baxmayaraq, mənzil mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını “dəfn edəcəklər”.

V.Bayramovun fikirlərinə Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı münasibət bildirib. “Təkrar mənzil bazarında qiymət azalmasının qarşısını alan başlıca səbəb məhz yeni tikililərdə qiymətlərin yüksək olmasıdır. Rieltor (makler) faizə işləyir. Onsuz da alqı-satqının məhdud olduğu, gəlirin azaldığı bir vaxtda heç bir makler süni qiymət artımı ilə öz bazarını itirmək istəməz. 1 mənzil 10-dan artıq makler vasitəsilə satışa çıxarılır. Onların arasında 2-si dələduz ola bilər. Amma tikinti şirkətləri “havadangötürmə” qiymət siyasəti ilə işləyir və fantastik qiymətlər təklif edirlər”, – deyə R.Osmanlı əlavə edib.

R.Osmanlı bildirib ki, rieltor fəaliyyətini tənzimləyən qanunun qəbuluna ehtiyac var: “Belə bir qanun layihəsi Milli Məclisə təqdim olunmuşdu, amma nədənsə müzakirəyə qəbul edilmədi”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Qorxmaz Hüseynovun qardaşının korrupsiya əməlləri ilə bağlı şok sənəd – FOTO

Loading...
%d bloqqer bunu bəyənir: