Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
s%c9%99ms%c9%99ddin-haciyev

“Heç kimi məcburi pambığa apara bilməzlər” – Deputat

«Heç vaxt heç kimi məcburi pambıq yığmağa apara bilməzlər. Yalan söhbətlərdir. İnanmayın belə şeylərə».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna müsahibəsində belə deyir.
– Şəmsəddin müəllim, pambıq…
– Pambıq mövzusu ilə bağlı parlamentin Aqrar siyasət komitəsi ilə danışın. Mənə elmdən, iqtisadiyyatdan sual verin.
– Pambıq da iqtisadi sahəyə aid deyilmi? Məsələn, iqtisadçılar deyirlər ki, pambığı təkcə xammal kimi yetişdirmək düzgün deyil, onun emalı ilə məşğul olacaq fabriklər yaradılmalıdır.
– Deyirlər ki… Kim deyir? Bir az ciddi sual verin.
– Bunu Oqtay Haqverdiyev deyib Azadlıq Radiosuna, uzun illər Nazirlər Kabinetində çalışıb.
– Nə deyir ki?
– Deyir ki, pambıqdan 18-20 adda məhsul hazırlamaq olur, amma Azərbaycanda o, sadəcə, xammal kimi əkilir. Onun emalı ilə məşğul olacaq, onu xaricə çıxara biləcək fabrik-zavodların yaradılmasına ehtiyac var. O sual edir: «Niyə Türkiyədən bizim pambığı alıb mayka, köynək tikib bura göndərirlər? Bunu Azərbaycanda da etmək olar».
– Müəyyən mənada razılaşmaq olar. Biz bəzi ənənəvi sahələri yenidən dirçəltməliyik, inkişaf etdirməliyik və bununla bağlı ölkə rəhbərimizin çox dəqiq konsepsiyası var. O konsepsiya da artıq həyata keçirilir. Biz vaxtilə bir milyon tona qədər pambıq istehsal etmişik. Toxuculuq fabrikləri də var idi, emal zavodları da. Həm xammal kimi satılırdı, həm də parça kimi. Yüngül sənaye müəssisələri işləyirdi. İndi də bu məsələ birmənalı şəkildə qoyulub ki, bu sahə dirçəldilsin. Yalnız pambıqçılıq yox, digər ənənəvi sahələr də. Məsələn, tütünçülük, çayçılıq, şərabçılıq, üzümçülük də inkişaf etdiriləcək.
– Necə bilirsiniz, Azərbaycan bu məhsullarla dünya bazarında özünə yer edə biləcəkmi? Dünya bazarında ciddi rəqiblər və brendlər var.
– Əvvəla, biz bu məhsullar üzrə idxaldan asılılığımızı azaltmalıyıq. Yerli tələbatı ödəyəcəyik, emal sənayesini inkişaf etdirəcəyik, yeni iş yerləri açacağıq. Kənd yerlərində istehsal, əsasən, mövsümi xarakter daşıyır. Bu sahələrin inkişaf etdirilməsi isə ilboyu iş yerlərinin yaradılması deməkdir. Beləliklə də, idxaldan asılılıq azalacaq. Eyni zamanda, həmin məhsulların bir hissəsini ixrac edəcəyik və ölkəyə valyuta daxilolmaları artacaq. Düzgün siyasətdir. Kənd Təsərrüfatı Nazirliyinə, Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Sahibkarlığa Yardım Fonduna bu sahədə ciddi tapşırıqlar verilib. Biz əminik ki, bir ilin içində yox, amma bir neçə ilə həmin sahələr 1980-ci illərdəki inkişaf səviyyəsinə çatacaq.
– Bəs sahibkarlara hansısa güzəştlər nəzərdə tutulurmu?
– Təbii. Məsələn, baramaçılıq. Stimullaşdırıcı addımlar atıldı, artıq inkişaf göz qabağındadır. Yəni, növbəti ildə ciddi irəliləyiş gözlənir. Eyni zamanda, burda da güzəştlər, subsidiyalar, investisiyalar olacaq. Sahibkarlara şərait yaradılır ki, həmin sahələri inkişaf etdirsinlər.
– Onların vergidən azad edilməsi nəzərdə tutulur?
– Müəyyən güzəştlər olacaq. Müəyyən. Amma vergidən tam azad olunması… Bu məsələ müzakirə olunmalıdır, yəqin. Konkret deyə bilmərəm.
– Pambıq əkilib. Amma yığımında problem var. Onu fermerlər əksə də, büdcə təşkilatlarının işçiləri pambıq yığımına cəlb olunur. Bu, nə qədər qanunidir?
– Məndə məlumat yoxdur ki, büdcə təşkilatları pambıq yığımına cəlb olunub.
– Amma bütün sosial şəbəkələrdə tarlada pambıq yığan səhiyyə, təhsil işçilərinin fotoları var, mətbuata danışırlar həmin şəxslər. «ASAN Xidmət»in əməkdaşları da pambıq yığımına aparılıblar.
– Ola bilər, kimsə könüllü gedib kömək göstərir. O demək deyil ki, onları icra hakimiyyəti məcbur edir, onlara «get pambıq yığ» deyir.
– Ancaq o şəxslər icra hakimiyyətinin göstərişi ilə getdiklərini deyirlər.
– Məndə məlumat yoxdur. Deyirlər də… Bayaqkı söhbətə qayıtdıq.
– Amma gəlin düşünək, büdcə təşkilatında çalışan vətəndaşın nə marağındadır ki, pambıq yığımına göndərilməsi haqda yalan uydursun?
– Gəlin, başqa cür danışaq. Bizim bu ənənəvi sahələrin inkişafına, daha doğrusu, kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə və dövlət tərəfindən ona bu cür dəstək və qayğı kimi narahat etməlidir? Deyirlər, elə oldu, deyirlər, belə oldu. Çox şey deyə bilərlər. Bu, ölkəmiz, əhalimiz, iqtisadiyyatımız üçündür. Bunu dəstəkləmək, alqışlamaq lazımdır. Və təşviq etmək lazımdır.
– İnkişaf etdirilsin, buna kim nə deyir, Şəmsəddin müəllim. Amma adamlar niyə məcburi pambıq yığmağa aparılmalıdır?
– Heç vaxt heç kimi məcburi pambıq yığmağa apara bilməzlər. Yalan söhbətlərdir. İnanmayın belə şeylərə.
– Ortada konkret adlar var, şikayətlər var. Məsələn, Zərdabdan büdcə təşkilatının əməkdaşları AzadlıqRadiosuna zəng vurub deyirlər ki, onlar məcburi pambıq tarlasına aparılıblar. Pambıq yığmağı bacarmasalar da, icra başçısının təhdidi altında, iş yerlərini itirməmək üçün işləməli olublar.
– (Gülür) İnanırsınız bu sözlərə?
– Niyə aldatsınlar bizi?
– O qədər sözlər deyə bilərlər ki. Özünüz dediniz ki, pambığı, əsasən, sahibkarlar əkir. Dövlət əkmir ki? Necə olur ki, büdcə təşkilatlarını məcbur edirlər ki, gedin pambıq yığın? İnandırıcı deyil.
– Biz də elə buna cavab axtarırıq.
– Cavab da odur ki, inanmayın, çox şey deyərlər. İnanın, bu işi biz çoxdan gözləyirdik. Hər şeyin vaxtı var, sadəcə, imkan, şərait yetişməlidir. Bu, dəstəklənəsi, bəyəniləsi işdir. Bir halda ki, istehsal edə bilirik, bütün şəraitimiz də var, torpaq, iqlim, maliyyəmiz var, niyə valyuta ilə kənardan alaq? Bir halda ki daimi iş yerləri yarada bilərik, niyə yaratmayaq? Bu, növbəti islahatdır. Buna hamı dəstək verməlidir, təşviq etməlidir, media da o cümlədən.
– Dəstək demiş, niyə dövlət sahibkara texnikada dəstək vermir ki, yığım asanlaşsın?
– Böyük sahələr olmalıdır ki, texnika ilə yığmaq sərfəli olsun. Məsələn, bir-iki hektar yerdə əkilən pambığı maşınla yığmaq sərfəli deyil, əllə yığmaq lazımdır. Amma gələcəkdə bunlar hamısı olacaq. Uzatdıq bu məsələni. Sonda onu deyirəm ki, sahibkarlara hər cür dəstək veriləcək…

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Bir dəfə də olsun Eldar Mahmudova pay ayırmamısız, nazirimizi saymırsız…”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: