Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyət xalqın ömründən necə kəsir?

Avtoritarizm uzunömürlülüyün qənimidir

Dünya Iqtisadi Forumu göstəricilərinə görə, ölkələrin inkişaf səviyyəsi artdıqca səhiyyə xidmətlərinin keyfiyyəti artır. Bu da orta ömür müddətini uzadır. Orta ömür müddətinin ən uzun olduğu 15 ölkə sırasında Cənubi Koreya (81,4 il), Lüksemburq (81,4 il), Norveç (81,5 il), Ingiltərə (81,5 il), Isveç (81,7 il), Israil (81,7 il), Avstraliya (82,1 il), Sinqapur (82,1 il), Ispaniya (82,4 il), Fransa (82,6 il), Isveçrə (82,7 il), Islandiya (82,9 il), Italiya (82,9 il), Yaponiya (83,1 il), Honq Konq (83,5 il) kimi ölkələrin adı var.

Diqqət edəndə aydın şəkildə görmək olur ki, orta ömür müddətinin yüksək olduğu ölkələr demokratik, inkişaf etmiş, normal hökumətlərin olduğu ölkələrdi. Avtoritar, diktaturanın hökm sürdüyü ölkələrdə bir qayda olaraq orta ömür müddəti aşağı olur, yaxud azalmağa doğru gedir.

Çünki, avtoritarizmin hökm sürdüyü ölkələrdə bütün sahələr korrupsiyaya bulaşır, dəyərlər dəyərsizləşir, savadsızlıq külətviləşir və s. Bu da nəticə etibarilə səhiyyəni də təhdid edir ki, hər bir ölkənin taleyində səhiyyənin böyük önəmi var. Ümumilikdə, avtoritarizmin hökm sürdüyü ölkələrdə dövlətin bütün sərvəti bir qrup insanın əlində birləşir, sadə vətəndaş qul vəziyyətinə salınır, həyat şəraiti pisləşir, hüquqsuzluq meydan sulayır. Bir sözlə, belə ölkələrdə xoşbəxtlik mümkünsüzləşir, insanlar bədbəxtliyə adaptasiya olunur.

Bu mənada yaşadığımız ölkə də istisna deyil. Bir vaxtlar Azərbaycan uzunömürlülər diyarı kimi tanınırdı. Indi isə 60-65 yaşlı adamların ölümü adiləşib və bu, orta ömür sayılır. Hətta insanlar 60-65 il ömür sürəcəklərinə inanmırlar, gələcəyə ümid azalıb. Bəli, ölkədəki anti-demokratik idarəetmə, qanunların işləməməsi, korrupsiyanın tüğyan etməsi, səhiyyənin acınacaqlı vəziyyətdə olması nəticə etibarilə insanların yaşamaq haqqına qənim kəsilir. Bu gün ölkə əhalisinin 35 faizi kredit borcu ödəyir, hər il yüzlərlə insan intihar nəticəsində həyatını itirir, minlərlə insanın intihar cəhdinin qarşısı alınır, insanlar zəruri ehtiyaclarını ödəyə bilmir, yaşamaq eşqi ölür, ən kiçik arzular belə həyata keçmir. Faktiki olaraq avtoritarizm insanların ömrünü oğurlayır, dövlətin bir qrup adamın girovuna çevrilməsi vətəndaşı səfalətə sürükləyir.

Azərbaycanda məhşur bir ifadə var: “Allah mənim ömründən kəsib, prezidentin ömrünə calasın”. Bəziləri bu sözləri daha yaxşı yalataqlana bilmək üçün, bəziləri hansısa probleminin həll olunacağını ümid etdiyi üçün, bəziləri savadsızlıqdan, sadəlövhlükdən işlədirdi. Istənilən halda demokratik, hüquqi, sivil ölkələrdə vətəndaşın dilindən belə “arzu və istək” eşitmək mümkünsüzdür. Çünki, normal ölkələrdə vətəndaş bilir ki, hakimiyyəti o formalaşdırır və hakimiyyət onun ömrünü uzatmaq üçün çalışmalıdır. Yəni xalqın hökumətə deyil, hökumətin xalqa xidmət etməli olduğunu bilirlər.

Indi isə sözün həqiqi mənasında hökumət insanların ömründən kəsib, öz ömrünə calayır. Bu “ümummilli” söz, artıq reallığa çevrilib. Məsələn, devalvasiyadan sonra sadə vətəndaş quyunun dibinə düşdü, intihara əl atdı, hökumət isə milyonlar qazandı. Deməli, vətəndaşın ömründən kəsildi, hökumətin cibinə calandı. Cib isə bizim hökumət üçün ömür deməkdir. Bütün bu haqsızlıqlar, ədalətsizliklər, talanlar cibləri doldurmaq üçündür.

Demək istəyirik ki, orta ömür müddətinin azaması da ölkədəki idarəçilikdən, xalqa göstərilən qayğıdan, həyat şəraitindən asılıdır. Orta ömürün məhz demokratik ölkələrdə uzun olması təsadüfi deyil. Ağ gün həqiqətən də adamı ağardır. Zülmətlə əhatələnmişlərin isə, parıldamağı mümkünsüzdür.

Unutmayaq ki, avtoritar idarəçilik bizim həyatımızı, arzularımızı oğurlayır. Ölkənin sərvətlərinin oğurlanmasına biganə qalanlar, ölkədəki ədalətsizliyə susanlar, əslində, öz ömürlərindən kəsmiş olurlar, öz həyatlarını qısaldırlar.

azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Böhran məsələsi

%d bloqqer bunu bəyənir: