Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakerlər kəmərə hücum etdi, Azərbaycan qazı iki həftə Rusiyaya axdı

Hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat Çexiyada açıqlanıb. “Prague Daily Monitor” qəzetinin yazdığına görə Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi olan Ales Şpidla “Pravo” adlı çex nəşrinə danışıb.

Ales Şpidla deyib ki, super dövlətlər kiberhücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirir, eyni zamanda gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırır.

Ales Şpidlanın bildirdiyinə görə Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.

Ekspertin bildirdiyinə görə, Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Şpidla bildirib ki, kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. “Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi sistemləri, informasiya sistemləridir”, – o deyib.

Ales Şpidla sensasion məlumat açıqlayaraq deyib ki, hakerlər Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəldiblər. Qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Ekspert bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ərəfəsində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışın da haker hücumu ilə törədildiyi üzə çıxmışdı. Məlum olmuşdu ki, hakerlər neft kəmərinin nasos stansiyasında kompüter sisteminə müdaxilə edərək kəmərdə təzyiqi süni şəkildə kəskin artırıb. Nəticədə kəmərə heç bir fiziki müdaxilə olmadan güclü partlayış baş verib. Bu hücumun arxasında Rusiyanın dayandığı ehtimal edilir.

Virtualaz.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Neftin qiyməti sabitdir

%d bloqqer bunu bəyənir: