Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hacıyevin tələbə yoldaşı 60 milyonu bankdan necə çıxarıb?

Avqustun 29-da “Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi davam etdirilib. Məhkəmədə təqsirləndirilən şəxslərdən Azad Cavadov və şahidlər ifadə verib. Azad Cavadov ifadəsində rəhbərlik etdiyi Bakı Fındıq emalı zavoduna 60 milyon dollar kreditin necə ayrıldığını açıqlayıb.

24saat.org Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilənlərdən Azad Cavadov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Azad Cavadov prokuror Fərid Nağıyevin suallarına cavab verərək bildirib ki, “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevlə tələbə yoldaşı olub.

C.Hacıyevin dəvəti ilə Bakı Fındıq emalı zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib:

Prokuror: Necə oldu ki, zavod bankın idarəetməsinə keçdi?

Azad Cavadov: “Beynəlxalq Bank”dan 5 milyon manat kredit götürülüb, girov olaraq isə müəssisə qoyulmuşdu. Bu kredit mən gəlmədən əvvəl götürülmüşdü.

Prokuror: Bununla bağlı bir sənəd təqdim edə bilərsinizmi?

Azad Cavadov: Bəli, edə bilərəm.

Prokuror: İki gün ərzində 17 milyon kreditin götürülməsi kimin təşəbbüsü idi?

Azad Cavadov: Vergilər Nazirliyinin müstəntiqlərinin. Onlar dedilər ki, pullar ödənilməlidir. Müstəntiqlərə dedik ki, işçilərə ödənişlər paket şəklində edilib. Dövlət strukturlarına ödənişlər edilib. Onlar isə dedilər ki, Azərbaycanda paket sistemi yoxdur, dövlət strukturlarına belə ödənişlər edilmir, rüşvət yoxdur. Bizim bu xərcləri qəbul etmədilər. Ona görə də həmin məbləğlərin ödənilməsi üçün əlavə kreditlər götürülməsini təklif etdilər. Bu barədə Cahangirə dedim.

Azad Cavadov ifadəsində bildirib ki, onun barəsində əvvəl cinayət işi açılıb. Həmin cinayət işi zavodda Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub. Azad Cavadov bankdan götürülən 17 milyon kreditlə həmin borcu ödəyib və bundan sonra cinayət işi açılıb.

Prokuror: Sizin qayınananızın adına 816 min manat kredit olub. Bu nə üçün verilib?

Azad Cavadov: Həmin kredit əvvəl vəkil Akif Məlikovun adına olub. Akif Məlikov bir gün dedi ki,kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adına böyük məbləğdə kredit var. Sonra həmin krediti qayınanamın adına keçirdim.

Azad Cavadov soyuq və odlu silahla bağlı verilən suallara cavab olaraq bildirib ki, soyuq silah dedikləri xəncər 10 il evində olub. O deyib ki, həmin xəncəri qaynı ona hədiyyə olaraq alıb.

“Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya, soyuq silahdır. Halbuki, evdə ondan da böyük iki balta var. Odlu silaha gəlincə isə bu ümumiyyətlə mənlik deyil. Özləri evə qoyublar. Səbəbi də o idi ki, mənə 6 milyon ittihamı ikinci dəfə verilirdi. Baxdılar ki, eyni əmələ görə ikinci dəfə cəzalandırmaq mümkün deyil və məhkəmədən vaxt istədilər. Yenidən bağa baxış keçirdilər və saunada yastığın altından tapança tapdılar. Mən orda odlu silah saxlasaydım, ən azından evə xəbər edərdim ki, baxış keçirəcəklər, “tədarük” görün. O qədər balqabağam ki, silahı orada saxlayım? Axtarış aparanda çox arxayın idilər. 20 nəfər içəri girdilər. Çıxarıb dedilər ki, “bu da silah””- deyə A.Cavadov ifadəsinə əlavə edib.

O, ifadəsində bildirib ki, həmin silaha əl vurmayıb. Lakin prokuror deyib ki, ekspert rəyinə görə həmin silahda onun əl izi var. A.Cavadov həmin ekspert rəyinin də qurama olduğunu deyib.

Daha sonra vəkillərin suallarını cavabalandıran A.Cavadov söyləyib ki, zavoda ümumi 60 milyonluqkredit götürülüb və həmin məbləğ müəssisənin genişləndirilməsinə sərf edilib və bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib.

Qeyd edək ki, ittiham aktına görə, həmin pullardan 6 milyonu mənimsənilib. A.Cavadov deyib ki, heç bir mənimsəmədən söhbət gedə bilməz və pul ödənilməsə də, müəssisənin özü bankın girovunda idi. O, qeyd edib ki, müəssisə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib.

C.Hacıyev onun dediklərini təsdiqləyib: “Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin “Aqrarkredit”in nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir”- deyə C.Hacıyev qeyd edib.

C.Hacıyev A.Cavadovun tələb yoldaşı olduğunu, ona güvəndiyini və onun fəaliyyəti dövründə bankın kredit borclarının ödənildiyini deyib. Sabiq bankir dostu ilə bağlı irəli sürülən 6 milyonluq mənimsəmə ittihamının cəfəngiyat olduğunu bildirib.

C.Hacıyev silah ittihamının əsassız və qurama olduğunu da iddia edib.

Məhkəməninin davamında 14 nəfər şahid qismində dindirilib. Onlar “İnter Security” mühafizə şirkətinin işçiləri olub. Onlar rəhbərlik tərəfindən banka göndərildiyini və götürülən kreditlərdən xəbərsiz olduqlarını deyiblər. Həmin şəxslər rəhbərliyin göstərişi ilə banka gedib sənədlərə qol çəkdiklərini söyləyiblər.

Xatırladaq ki, sonuncu məhkəmə prosesində “İnter Security” şirkətinin rəhbəri olmuş İbrahim Hüseynov da ifadəsində həmin işçiləri banka özünün göndərdiyini və onların bu işdə heç bir günahının olmadığını demişdi.

Məhkəmə prosesi fasilədən sonra şahidlərin ifadəsi verməsi ilə davam etdirilib.

İfadə verənlər “İnter Security” mühafizə şirkətinin işçiləri olub. Onlar təqsirləndirilən şəxslərdən yalnız şirkətin rəhbəri olmuş İbrahim Hüseynovu tanıdıqlarını deyiblər.

İfadə verən Zaur Soltəliyev deyib ki, şirkət rəhbərliyi tərəfindən çağırılıb və bankın “Nərimanov” filialına gedərək sənədlərə qol çəkib. O bildirib ki, nə üçün sənədlərə qol çəkdiyindən xəbərsiz olub.

Növbəti ifadə verən şəxs Namiq Quliyev olub. O da bankın “Suraxanı” filialından sənədlərə qol çəkib. O, qeyd edib ki, adına kredit götürülməsindən sonra xəbərdar tutub.

İfadə verən Zaur Xəlilov “İnter Security” şirkətində işlədiyini və rəhbərlik tərəfindən bankın “Nəqliyyat” filialına çağırıldığını və sənədlərə qol çəkdiyini qeyd edib. O, deyib ki, kreditgötürülməsindən xəbəri olmayıb.

Şahid qismində ifadə verənlərdən Emin Abbasov 2008-ci ildə bankın “Nəqliyyat” filialından adınıkredit götürüldüyünü və həmin məbləğin ödənildiyini deyib.

Məhkəmə prosesində “Beynəlxalq Bank”ın nümayəndəsi Ağalar Ağaşirinov məhkəmə heyətinə arayış təqdim edib. Arayış ittiham aktında mənimsənildiyi qeyd edilən 211 milyonun yalnız sabiq bankir Cahangir Hacıyev tərəfindən yox, digər təqsirləndirilən şəxslərlə müştərək mənimsənildiyi ilə bağlı olub.

Təqdim edilən arayışda qeyd edilib ki, 211 milyon manatın 94 milyonu Anar Soltanov, 45 milyon 813 mini İlqar Abdullayev, 16 milyonu Kənan Orucov, 6 milyonu Məmməd Cahangirov, 7 milyon 612 mini Azad Cavadov, 37 milyon 469 mini Yusif Ələkbərov, 39 milyon isə İbrahim Hüseynov tərəfindən mənimsənib. Və onlar buna görə müştərək məsuliyyət daşıyırlar.

Hakim bildirib ki, arayışla bağlı yaranan suallara sonra baxılacaq. Bu arayış cinayət işi materiallarına əlavə edilib, məhkəmənin növbəti proseslərində baxılacaq.

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi ilə bağlı qaranlıq qalan əsas məqam iki zərərçəkmiş tərəfin tanınmasıdır. “Prezidentin fərmanı ilə “Beynəlxalq Bank”ın səlahiyyətləri, problemli kreditlərlə bağlı məsələlərin həlli ”Aqrarkredit” QSC-yə verilib. Belə olan halda “Beynəlxalq Bank”ın zərərçəkmiş kimi tanınması ziddiyyət təşkil edir.

Biz məhkəmədən də xahiş edirik ki, Maliyyə Nazirliyi, “Beynəlxalq Bank” və “Aqrarkredit” QSC tərəfindən imzalanan çoxtərəfli müqavilərin sürəti və problemli kreditlərlə bağlı sənədlərin sürəti məhkəməyə təqdim edilsin. Bu zaman yaranan sualllara cavab aydınlıq gəlsin. Biz bununla bağlı əvvəlki proseslərdə də vəsatətlər qaldırmışıq. Ancaq baxılmamış saxlanılıb”.

Prosesin davamında “İnter Security”in əməkdaşı Rasim Fətullayev bildirib ki, bankın “Nərimanov” filialına gedərək sənədlərə qol çəkib. O, deyib ki, bunu şirkət rəhbərliyinin tapşırığı ilə etdiyini və sonra onun adına 505 min dollar kredit götürüldüyünü öyrənib. Sonradan həmin kredit ödənilib.

İfadə verən Nazim Zamanov da “Nərimanov” rayon filialından adına pul götürüldüyü deyib. O, istintaqdan əvvəl kreditin ödənildiyini deyib.

Növbəti ifadə verən şəxs şirkətin növbə rəisi olmuş Telman Qurbanov olub. O deyib ki, şirkət rəhbərliyinin göstərişi ilə banka gedib. O, adına 306 min dollar kredit götürüldüyünü bildirib. T.Qurbanov kreditin 2013-də ödənildiyini deyib.

Şahid kimi ifadə verən Rauf Şahbazov deyib ki, təqsirləndirilənlərdən Azad Cavadovun işi ilə bağlı 10 nəfərin adına kredit götürülüb. Həmin şəxslər “İnter Security” şirkətinin işçiləri olub. Həminkreditlər Bakı Fındıq Emalı Zavodu üçün götürülüb.

Prokuror Fərid Nağıyev şahidə indi də adına bankda 107 min 800 manat pul olmasından xəbərinin olub-olmadığını soruşub.

Rauf Şahbazov deyib ki, nə bu puldan, nə də götürülən kreditdən xəbəri olmayıb.

Şirkətinin digər əməkdaşı Əli Həsənov da ifadəsində rəhbərliyin göstərişi ilə banka getdiyini və sənədlərə qol çəkdiyini deyib. O, pul götürmədiyini və adına yazılan məbləğdən xəbərsiz olduğunu deyib.

Prokuror şahid Əli Həsənova indi də adında 352 min manat borc qaldığını deyib. Şahid bundan xəbərsiz olduğunu bildirib.

Məhkəmədə ifadə verən şirkət nümayəndələrindən Ruslan Kərimov banka gedib sənədlərə qol çəkdiyini, lakin adına götürülən kreditin məbləğindən istintaqa ifadə verən zaman xəbər tutduğunu söyləyib. Onun adına 450 min dollar kredit götürülüb.

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Bəzi məmurlar o qədər natəmizdir ki, kriminal aləm də onları qəbul etmir”

%d bloqqer bunu bəyənir: