Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hərbi hissədə dəhşət: şərəf və ləyaqət alçaldılıb, pul tələb olunub

Əsgərlərin şərəf və ləyaqətini alçatmaqda, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Məhəmməd Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhəmməd Lətifov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər rütbəsində xidmətdə olarkən digər əsgər yoldaşlarından zorakı yolla pul və digər əşyalara tələb edib. O, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 2015-ci ilin fevral ayının əvvəllərində əsgər Kamal Vəliyev ilə birlikdə su gətirmək üçün xidmət etdikləri tağımın şərti olaraq “Ceyran” adlanan döyüş postunun yaxınlığında yerləşən bulağa gediblər.

Bu zaman Məhəmməd Lətifov Kamil Vəliyevin arxada qaldığını bəhanə edib. O, “düş qabağa, cəld ol, tez get”, -deyərək Kamilə zorakılıq göstərib. Bununla da o, tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub.

“Məzuniyyətə gedəcəyəm, mənə pul verməlisiniz”

Daha sonra Məhəmməd Lətifov fevralın 16-da, səhər saatlarında onunla birlikdə döyüş postunda xidmət edən əsgərlər – Mirsadıq Abbaszadə, Fərid Oğulzadə, Kamil Vəliyev, Əvəz Hüseynov və Tehran Bağışovu postun sığınacağının arxasına çağırarıb.

Məhəmməd orada əsgərlərə bildirib ki, məzuniyyətə gedəsiyəm, mənə pul verməlisiniz, hünəriniz var verməyin. O, həmçinin əsgərlərin şərəf və ləyaqətlərini alçatmaqla hədələyərək fevral ayı üzrə verilmiş aylıq pul təminatından ona 5-8 manat pul vermələrini hədə-qorxu ilə tələb edib.

Bir əsgərə iki dəfə zorakılıq

Məhəmməd Lətifovun hədələrindən qorxuya düşən Mirsadıq Abbaszadə və Fərid Oğulzadə hər biri 5 manat, Kamil Vəliyev 8 manat, Əvəz Hüseynov 10 manat və Tehran.Bağışov 6 manat məbləğində pulu ona veriblər.

Məhəmməd Lətifov həmin ilin fevral ayının sonlarında yenidən Kamil Vəliyevə qarşı zorakılıq göstərib. O, Kamili döyüş postunun ərazisindəki odun doğranılan yerdə odunları birlikdə doğramağa çağırıb. Onun çağırışına gec gələn Kamili yumruqla sinəsindən bir zərbə vurub.

Bundan əlavə, Məhəmməd Lətifov martın 2-də, axşam saatlarında xidmət etdiyi tağımın döyüş postunun sığınacağında növbəti gün üçün döyüş növbətçiliyi cədvəlinin tərtib edilməsi zamanı heç bir səbəb olmadan əsgər Niyaməddin Salahovdan ertəsi gün saat 06:00-dan 08:00-dək onun yerinə döyüş növbətçiliyinə çıxmasını tələb edib.

10 əsgərə hədə-qorxu tələbi

Bu zaman Niyaməddin onun tələbinə etiraz edib və kimsənin əvəzinə döyüş növbətçiliyinə çıxmayacağını bildirib. Həmin vaxt Məhəmməd Niyaməddini döyərək zorakılıq göstərib.

Daha sonra Məhəmməd Lətifov martın 5-də, saat 18 radələrində əsgərlər – Elvin Həsənli, Kamil Vəliyev, Niyaməddin Salahov, Tehran Bağışov, Əvəz Hüseynov, Bəxtiyar İdrisov, Ağaxan Məlikov, Qulam Süleymanov, Mirsadıq Abbaszadə və Fərid Oğulzadəni döyüş postunun sığınacağının arxasına çağırıb. O, hədə-qorxu ilə ə.sgərləri sıraya düzüb və sıranın qarşısında həmin əsgərlərin ünvanına nalayiq ifadələr işlədib, onların şərəf və ləyaqətini alçaldıb.

 

“2 gün ərzində 20 manat verməlisiz”

Daha sonra Məhəmməd tələbini yerinə yetirilməyəcəyi halda həmin əsgərlərin günlərini qara edəcəyini və onları döyəcəyini deyib. O, əsgərlərin hər birindən 2 gün ərzində onun Xaçmaz rayonunda yaşayan dostu Əlihəsən Hüseynovun adına 20 manat məbləğində pul göndərtmələrini tələb edib.

Onun bu tələbinə etiraz edən əsgər Elvin Həsənliyə yaxınlaşıb və yaxasından tutaraq təpiklə bir zərbə vurub. Məhəmməd Lətifov daha sonra Elvini yerə yıxaraq üzünü digər əsgərlərə tutub və bildirib ki, kim pul göndərməsə, onu da bu əsgərin gününə salacam.

“Atam xəstədir, kasıb adamlarıq”

Daha sonra Məhəmməd “kimin nə sözü var təklikdə gəlsin mənə desin” deyərək sıranı dağıdıb. Bu zaman Kamil Vəliyev ona yaxınlaşaraq “atam xəstədir, kasıb adamlarıq, imkanımız yoxdur, mən göndərə bilməyəcəm” deyə bildirib.

Məhəmməd Kamilin bu cavabından bərk əsəbləşib. O, Kamil Vəliyevin sifət nahiyəsinə bir sillə zərbəsi, daha sonra sinəsindən bir yumruq zərbəsi vurmaqla haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə və ona qarşı zor tətbiq göstərib. Daha sonra Kamildən 20 manat pulu dediyi adamin adına göndərməsini təkrar tələb edib.

Onun hədələrindən qorxmuş Kamil Vəliyev, Niyaməddin Salahov, Əvəz Hüseynov, Bəxtiyar İdrisov, Ağaxan Məlikov, Qulam Süleymanov və Fərid Oğulzadə həmin gün valideynlərinə zəng edərək müxtəlif bəhanələrlə onları aldadıblar.

Aldanan valideynlərdə Məhəmməd Lətifovun dostu olan Xaçmaz rayon sakini Əlihəsən Hüseynov adına hər biri 20 manat göndərdiblər.

Digər əsgərlər Mirsadıq Abbaszadə və Tehran Bağışovun valideynləri isə poçt vasitəsilə həmin pulu göndərə bilməyiblər. Daha sonra  Mirsadıq Abbaszadənin qardaşı Mirnahid Abbaszadə martın 7-də, Tehran Bağışovun qardaşı Təbriz Bağışov martın 9-da Bakı şəhərində yaşayan və Məhəmməd Lətifovla dostluq münasibətlərində olan Tale  Mehrabov ilə görüşüblər.

Onların hər biri Taleyə 20 manat verib.

Restorandan yeyib-içmək almaq tələbi

Məhəmməd daha sonra martın 8-də, günorta saatlarında Mirsadıq Abbaszadə və Qulam Süleymanovu yanına çağırıb. O, hər iki əsgərin qarşısında yeni tələb qoyub.

Bu dəfə Məhəmməd onlardan tələb etdiyi pullarla döyüş postunun yaxınlığında yerləşən “Turist” restoranından yemək-içki almalarını və 17 dəqiqədən sonra posta qayıtmalarını tələb edib.

Daha sonra Məhəmməd qoyduğu vaxt ərzində restorandan posta qayıda bilmədiklərini bəhanə edərək hər iki əsgərə qarşı zorakılıq göstərib. O, Mirsadıq Abbaszadəyə “boynuyoğun, mən sənə deməmişdim ki, 17 dəqiqəyə gəl, niyə gec gəlibsən?” deyib və onun boynunun arxasından iki-üç sillə zərbəsi vurub.

Əsgərlərin əməkahqlarından alınan “haqq”

Məhəmməd Lətifov daha sonar mart ayının ortalarında şəxsi heyətə aylıq pul təminatı paylandıqdan sonra onunla eyni tağımda xidmət edən Mirasadıq Abbaszadə, Fərid Oğulzadə, Kamil Vəliyev və Əvəz Hüseynovu xidmət etdikləri döyüş postunun sığınacağının arxasına çağırıb.

O, əsgərlərin əmlakını hədə-qorxu ilə tələb etməklə onları sıraya düzüb və sıranın qarşısında həmin əsgərlərə tələb etdiyi pulu verməyəcəkləri günlərini qara edəcəyini və onları döyəcəyini deyib.

Həmin vaxt Məhəmməd postun yaxınlığında yerləşən “Turist” restoranından yemək və spirtli içki almaq üçün onlardan pul vermələrini tələb edib. Onun hədələrindən qorxan Mirsadıq Abbaszadə 5 manat, Fərid Oğulzadə 3 manat, Kamil Vəliyev 14 manat və Əvəz Hüseynov 5 manat verib.

Bayram günü törədilən cinayət

Məhəmməd Lətifov növbəti cinayət əməlini novruz bayramı günü, 20 mart 2015-ci il tarixdə törədib. O, həmin gün saat 18 radələrində Tural Qurbanzadə ilə birlikdə xidmət etdikləri tağımın döyüş postunun yaxınlığında yerləşən bulaqdan su gətirməyə gedib.

Məhəmməd Lətifov yolda həmin vaxt bölüyün dayaq məntəqəsindən bayram payını götürərək posta qayıdan əsgərlər – Elvin Həsənli, Qulam Süleymanov, Niyaməddin Salahov və Əvəz Hüseynovu görüb. O, Əvəz Hüseynovun üzərində öz üstünlüyünü nümayiş etdirərək onu öz əvəzinə su gətirməyə məcbur etməyə qərar verib.

Məhəmməd bu məqsədlə Əvəzə yaxınlaşıb və sinəsindən tutaraq itələyib. Daha sonra zorakılıq göstərərək əlindəki su qablarını ona verib və bulaqdan su gətirməyə göndərib.

6 il 6 ay cəza

Məhəmməd Lətifov Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3-cü (təkrar, zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə), 332.2.1, 332.2.2-ci (təkrar, iki və ya daha çox şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Məhəmməd Lətifov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli həbs edildiyi 26 avqust 2015-ci il tarixdən hesablanıb.

Hökmdən narazı qalan Məhəmməd Lətifov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Məhəmməd Lətifovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhəmməd Lətifov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü həddindən artıq ağırdır. O, qeyd edib ki, cəza təyin edilərkən məhkəmə barəsində olan yüngülləşdirici halları nəzərə almayıb: “Məhkəmə gənc olduğumu, təhsilli olduğumu, birinci dəfə cinayət əməli törətməyimi, əməlimdən səmimi peşman olmağımı qiymətləndirməyib”.

Daha sonra prosesdə çıxış edən dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Məhəmməd Lətifovun apelyasiya şikayəti təmin edilməyib.

Aydın Məmmədov

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Oyal” sahibkarlara hücum edir – ŞİKAYƏT

%d bloqqer bunu bəyənir: