Loading...
Loading...

“Gilan” Holdinqdə qalmaqal: Fəhlələr niyə tətilə çıxıb?

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının kamufulyaj formaları üçün parçanın toxunması Afrikanın ən yoxsul ölkələrindən Sudanın bir trikotaj fabrikinə sifariş verilib.

Strateq.az-a bu məlumatı verən mənbə bildirib ki, sifarişin xarici şirkətə verilməsinin səbəbi Azərbaycandakı tekstil fabriklərinin bu işin öhdəsindən gələ bilməməsidir.

Maraqlıdır ki, post-sovet məkanının ən iri toxuculuq fabriki ölkəmizdədir. Söhbət, Sumqayıtda yerləşən “Gilan” Tekstil Parkından gedir. Mütəxəssislərin hesablamalarına görə, smeta dəyəri 100 milyon dollardan çox olan bu fabrik sırf bu cür parçaların istehsalı üçün nəzərdə tutulub və indiyə qədər Azərbaycanın bütün hərbi struktrurları üçün müvafiq geyim formalarının parçalarını istehsal edib. Elədirsə, Xüsusi Dövlət Mühafizə Xidmətinin geyim formaları üçün tələb olunan parçaların toxunması niyə öz yerli müəssisəmizə deyil, dünyanın ən kasıb ölkəsinin fabrikinə həvalə edilib?

İnformasiya mənbəyimizin bildirdiyinə inansaq, bu, heç də Afrikadakı fabrikin “Gilan” Tekstil Parkından daha müasir avadanlıqlarla təchiz olunmasıyla bağlı deyil: “Əksinə, “Gilan” Tekstil Parkı, nəinki Afrikadakı, hətta Avropanın bir çox inkişaf etmiş ölkələrinin analoji fabrikləri ilə müqayisə edilməyəcək dərəcədə modern avadanlıqlarla təchiz olunub”.

Mənbəmizin sözlərinə görə, ölkənin bütün hərbi strukturları üçün geyim formaları tikən Bakı Tikiş Fabriki ilk əvvəl bu sifarişi “Gilan”a vermək istəyib. Bunun üçün də fabrikdən nümunə tələb edib. İstədiyini ala bilməyəndə, məcburiyyətdən Sudana üz tutmalı olub.

Mənbə onu da etiraf edir ki, indiyə qədər istər Xüsusi Dövlət Mühafizə Xidməti, istərsə də digər hərbi strukturlar üçün geyim formalarının bütün parçaları “Gilan”da toxunurmuş və kifayət qədər də keyfiyyətli parça istehsal olunurmuş.

Bəs, onda, bu il birdən-birə fabrikin sifarişdən imtina etməsi nə ilə bağlı ola bilər? Bəlkə, fabrikin işi çox olduğundan və daha vacib sifarişləri yerinə yetirdiyindən, bu təkılifdən imtina etməli olub?

Aldığımız məlumata əsasən, məsələnin bu ehtimalla da əlaqəsi yoxdur. Belə ki, həmin fabrikdə işlər, demək olar ki, dayandırılıb: “Müəssisədə 200-ə yaxın ən müasir dəzgah var. Hazırda onlardan 8-i işləyir. O da arada-sırada. Digərlərində isə ümumiyyətlə, iş dayandırılıb. İşsizlik hətta o həddə çatıb ki, müəssisə 1000 nəfərə qədər fəhlədən sadəcə 200-nü saxlayıb. Qalanları öz hesabına məzuniyyətə göndərilib. Bu məcburi məzuniyyətin nə zaman başa çatacağını isə bilən yoxdur”.

Mənbəmiz iddia edir ki, sifarişin Sudana verilməsinin yeganə səbəbi var – fabrikdə kadr çatışmazlığı. Təsəvvür edin ki, belə böyük fabrikdə kamufulyaj tikilməsi üçün gərəkli olan parçalarının nümunəsini çıxarıb Bakı Tikiş Fabrikinə göndərəcək kadr yoxdur. Ona görə də, bu sifarişdən könüllü imtina edilib.

İnformasiya mənbəyimiz bu ilə qədər bənzər problemlə qarşılaşmayan “Gilan Tekstil”in hazırda acınacaqlı vəziyyətə düşməsinə də aydınlıq gətirib. Sən demə, bütün məsələ “Gilan” Holdinqdə aparılan “islahatlarla” bağlı imiş: “Bir il əvvəl holdinqin əvvəlki rəhbərliyi dəyişdirilib və onların işi qeyri-peşəkarlara tapşırılıb. Nəticədə 100 milyon dollarlıq fabrik yoxsul Sudandakı şirkətə rəqabətdə uduzub”.

Məlumata görə, müəssisədəki böhranlı vəziyyət hazırda işləyən fəhlələri də narahat edir. Xüsusilə maaşların azlığı müəssisədə etirazlara, fəhlə tətillərinə səbəb olur.

Mənbənin dediklərindən: “Bir neçə ay əvvəl fabrikin sexlərindən biri maaşların azlığı və müəssisədəki ədalətsiz idarəçilik və əməyin düzgün qiymətləndirilməməsinə görə tətil edib. Müəssisə rəhbərliyinin müxtəlif vədləriylə tətil dayandırılsa da, əldə olunan razılığın ömrü uzun çəkməyib. Qaldırılan problemlər öz həllini tapmadığından, etirazlar daha geniş vüsət alıb. Bir neçə gün bundan əvvəl fabrikin bütün işçiləri tətilə çıxıblar. Onlar sexlərin qapısını açmaqdan, dəzgahları işlətməkdən imtina ediblər. Bu dəfə də yağlı vədlər vəziyyəti qismən sakitləşdirib. Amma həll edilməyən problemlərin yaratdığı gərginlik fabrikdə daha ciddi etiraz aksiyalarına yol aça bilər”.

Bu müəssisədə maaşlar və əməyin qiymətləndirilməsi həqiqətən də etiraz doğuracaq səviyyədədir. Məlumata görə, fabrikdə ən ağır işlərdə çalışan fəhlələrin maaşı 200-350 manat arasında dəyişir. Qışda isti, yayda kondisionerli kabinetlərdə əyləşib istehsalı və satışı artırmaq əvəzinə, vaxtını keçirən rəhbərlikdəki əməkdaşların əməkhaqqı isə 2000 manatdan başlayır. Arada 10 dəfə fərqə baxmayaraq, maaşda qənaət lazım olanda, yenə fəhlələrin “boğazından kəsilir”. Onlar öz hesablarına vaxtaşırı məzuniyyətə göndərilir və beləcə, müəssisəyə verilən dotasiyaya qənaət edilir. Qeyri-peşəkarlıqları ucbatından fabriki indiki ağır vəziyyətə salanlar isə əlləri cibində gəzə-gəzə “qaz vurub, qazan doldururlar””.

“Arşın mal alan” filmində deyilən kimi çıxmasın, pulsuzluq ucbatından “Gilan Tekstil”in heç su təchizatında da bəxti gətirməyib. Bildirildiyinə görə, fəhlə tətillərindən bir gün sonra Sumqayıt su idarəsindən fabriki yoxlamağa gəliblər. Araşdırmalar nəticəsində müəssisənin qaçaq yolla su istifadə etdiyi üzə çıxarılıb. Su idarəsi də buna görə müəssisəyə, nə az nə çox, düz 600 min manat cərimə kəsib. Cərimədən 100 min manat ödənildikdən sonra fabrikin su təchizatı bərpa olunub. Amma 500 min manatın da bir müddətdən sonra ödənilməsi şərtiylə…

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Nardarandakı məşhur “Rəhimə xanm ziyarətgahı”nın dini icması ləğv edildi

%d bloqqer bunu bəyənir: