Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gedin, Əli Kərimlidən üzr istəyin

Hökumət AXCP sədrinin haqlı olduğunu necə etiraf edir?

Aprelin əvvəlində cəbhədə atəşkəsin pozulmasını və 3 günlük gərgin döyüşləri hamı yaxşı xatırlayır. Bu döyüşlərdə 100-ə yaxın hərbçimiz şəhid oldu, xeyli sayda əsgərlərimiz yaralandı, amma ordumuz əzmkarlıq nümayiş etdirərək düşmənə layiqli cavab verdi. Təbii ki, bu 3 günlük döyüş zamanı düşmən də böyük itkilər verdi və ordumuz bəzi yüksəklikləri ələ keçirdi.

Bu gərgin vəziyyətdə ölkə müxalifəti də orduya birmənalı dəstək verdi və ümumi həmrəyliyin yaranması təmin edildi. Amma uzun illərdən sonra yaranmış fürsətdən yenə də istifadə edilmədi və hökumətimiz birtərəfli atəşkəs elan etdi. Bundan sonra düşmən yenə də atəşkəsə əməl etmədi və atəşkəsi kobud şəkildə pozmağa davam etdi. Əlbəttə ki, hökumətin bu mənasız geriçəkilməsi cəmiyyətdə etirazla qarşılandı. Hamı başa düşürdü ki, belə vəziyyətdə geri çəkilmək sülhpərvərliyin yox, prinsipsizliyin göstəricisidir. Təbii ki, baş verənlərə AXCP sədri Əli Kərimli də sərt mövqe sərgilədi. Əli Kərimli hökumətin bu addımının yanlış olduğunu bəyan etdi. Düşmənə yeni səngərlər qazmaq, istehkamlar qurmaq üçün vaxt vermək olmazdı. Əksinə, atəşkəs razılaşmasına əməl etməyən tərəfi ciddi cəzalandırmaq lazım idi və bütün məsuliyyət düşmənin üzərində qalacaqdı. Bəli, Əli Kərimli israrla yazırdı ki, cəmiyyətdə və orduda bu qədər ruh yüksəkliyi yaranıb, düşmən növbəti dəfə kobud səhvə yol verib və bu fürsətdən istifadə edib xeyli irəliləmək mümkündür.

Amma vətənşüvənlər Əli Kərimlinin mövqeyini süngü ilə qarşıladılar, Əli Kərimlinin evinin qarşısında “şou-proqramlar” təşkil etdilər. Hökumət qəzetləri Əli Kərimlini “gənclərin qatili” kimi təqdim etdilər. Rejim sözçüləri Əli Kərimlini uğurlu sülh danışıqlarına kölgə salmaqda ittiham etdilər. Hətta rəsmi təbliğat hamını inandırmağa çalışdı ki, danışıqlar məntiqi sonluğuna çatır və qısa müddət ərzində torpaqlar işğaldan azad ediləcək.

Amma bir neçə gün ötdü və real mənzərə göz önündədir. Danışıqların zərrə qədər uğura aparmadığını hökumət sözçüləri etiraf etməyə başladılar, Ermənistan hakimiyyəti danışıqlardan imtina etdi və növbəti dəfə atəşkəs pozuldu.

Nəticədə yüzlərlə ev xaraba qaldı, dinc sakinlər halak oldu və düşmən aramsız atəşlərə davam edir. Cəbhə bölgəsindən paylaşılan materiallardan da aydın görünür ki, 26-27 aprel tarixlərində cəbhədə müharibə gedib.

Daha sonra Müdafiə naziri “düşmənin bütün obyektləri vurulsun” əmri verir, prezidentin köməkçisi Əli Həsənov müharibədən danışdı, YAP-çı deputatlar iri miqyaslı əməliyyatların olacağına işarə etdilər və s.

Bəli, dünənə qədər Əli Kərimlini ittiham edənlər, ona qarşı iyrənc kampaniya təşkil edənlər, indi müharibənin qaçılmaz olduğunu, sülh danışıqlarının heç bir nəticə vermədiyini söyləyirlər.

Hansıki, aprelin əvvəlində müəyyən məsafə qət edib düşməni qaçmağa məcbur etsəydik, bu gün nə yüzlərlə yaşayış məntəqəsi xaraba qalardı, nə də dinc sakinlər həlak olardı.

Bir daha təsdiqləndi ki, Əli Kərimli israrında haqlı imiş və bu “analoqsuz komanda”dan daha uzaqgörən düşünürmüş.

Əslində, hökumət əsassız ittihamlara, şər-böhtan kampaniyasına görə Əli Kərimlidən üzr istəməlidir. Əli Kərimlinin evinin önündə xoruz kimi banlayanlar, Müdafiə Nazirliyinin, Milli Məclisin, Prezident Aparatının qarşısında aksiya keçirməlidilər.

Çünki, Əli Kərimliyə qarşı kampaniya cəmiyyətdəki milli ruhu, həmrəyliyi öldürməyə, nəticəsiz sülh danışıqlarını davam etdirməyə xidmət edirdi. Sadəcə olaraq elə bir vəziyyət yarandı ki, sülh danışıqlarının mənasızlığını etiraf etməyə məcbur oldular. Bu həm də onu göstərir ki, 24 il davam edən danışıqlar sadəcə vaxt itkisiymiş.

Bəli, dünənə qədər Əli Kərimlini qınayanlar, indi onun haqlı olduğunu etiraf edirlər. Ümumiyyətlə, uzun illərdi Əli Kərimli həqiqəti dediyinə görə ittiham edilir.

Bir daha təkrar edirəm, gedin Əli Kərimlidən də, bu xalqdan da üzr istəyin. Aprelin əvvəlində lazımi addımlar atılsaydı, aprelin sonunda bu qədər faciə ilə üzləşməzdik.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Hərbi əməliyyatların başlasa mülkü əhalinin hərbə çağrılmasına ehtiyac olmayacaq”

%d bloqqer bunu bəyənir: