Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gənclər peşə seçimində azaddırmı?

Nail Zeynalov bir neçə il jurnalist fəaliyyəti ilə məşğul olsa da, bu ona xoşbəxtlik gətirməyib.

O, peşəsini məcbur seçməyib, amma 15 il sevmədiyi peşələrdə çalışmalı olub. Müsahibimiz peşə seçimində ailəsinin ona təzyiq etmədiyini bildirir.

Nail ailəsindən təzyiq görməsə də, Azərbaycanda hələ də gənclər ali təhsil və peşə məsələsində ya valideynin seçimilə razılaşmalı olur, ya da sadəcə “diplom almaq üçün” dörd il universitetə gedir.

Pedaqoqların sözlərinə görə, gənclər ixtisas seçimi zamanı prestijli olub-olmamasını və ya gələcəkdə iş tapa biləcəklərini düşünürlər.

BBC Azərbaycancaya danışan gənclər isə, sevilməyən peşəyə sahib olmaqla barışa bilmirlər.

İmtina

“Ailəm əlindən gələn hər şeyi eləyib ki, təhsil alım. İxtisas seçimində tam azad olmuşam. İmkan verdilər ki, özüm seçim. Sadəcə, onda bunun nə qədər ciddi məsələ olduğunun fərqinə varmadım və balım çatan ixtisası oxudum”, o deyir.

Nail hesab edir ki, bir peşəni sevməsən də, o peşədə uğur qazanmaq mümkündür. Amma o, bunun çətin olduğunu da vurğulayır.

“Sevməyib ailə quran, valideyin olandan sonra övladını sevən xeyli insan var. O uşaq sevgidən doğulmasa belə. Uğur da hər hansı işin övladıdı, ortaya çıxardığın “məhsuldur”. İşini sevməsən də o işin məhsulunu sevə bilərsən”, müsahibimiz deyir.

O, 15 il sevmədiyi işlərlə məşğul olduğunu və bu prosesin bir çox insanda “ömürboyu” da davam edə biləcəyini bildirir və əlavə edir ki, illər keçdikcə hər şeydən imtina eləyib yenidən başlamaq daha da çətinləşir.

Nail cəmiyyətin peşə seçməyə çalışan gənclərə münasibətindən də narazıdır.

Bizim toylarda hamı gəncləri təbrik edir, xeyir-dua verir, amma bir ağıllı adam çıxıb soruşmur ki, siz bu ciddi addımdan əvvəl yaxşıca fikirləşmisinizmi, sevirsinizmi, peşman olmayacaqsınız ki? İxtisas məsələsi də belə olur. Ali məktəbə qəbul olduğunu eşidən bir qutu şokolad alıb gəlir. Onlar üçün əsası odur ki, universitetə qəbul olmusan. O ixtisası istəyirdinmi, o işdə gələcəyini necə görürsən, illərini xərcləməyə dəyərmi deyə soruşan yoxdur”, o deyir.

Nail arzuladığı və gələcəkdə məşğul olmaq istədiyi bir sahənin mövcudluğundan danışır. O deyir ki, hazırda sevmədiyi işdən imtina edib, sevdiyi işlə məşğul olması isə bir az vaxt alacaq.

Məcburiyyət

Image copyrightCourtesy photo Image captionÜlkər həkimdir, amma o, animasiyalarla maraqlanır və boş vaxtlarında kosplay etməkdən zövq alır

Ülkər Şamxalova həkimdir, amma o bu peşəni ailəsinin təzyiqi səbəbindən seçməli olduğunu deyir. Onun sözlərinə görə, ailəsindən bir çox insanın həkim olması, cəmiyyətin “həkimlər ac qalmaz” inancı onu həkimlik peşəsini seçməyə vadar edib.

Ülkər rəssam olmaq istədiyini də əlavə edir. O, bu sahəni seçməməsinə ailəsinin və onun bu peşədə özünə güvənməməsinin səbəb olduğunu deyir.

“Ailəm təzyiq edirdi. Həkim ol, sonra istədiyin qədər rəsm çəkərsən, deyirdilər. Sadəcə ailəm yox, ətrafımdakı çox insan bu fikirdə idi”, o qeyd edir.

Sevmədiyin peşəyə sahib olmaq nəyə bənzəyir sualına isə o cavab verir ki, bu “sevdiyin olduğu halda, sevmədiyin biri ilə puluna görə evlənməyə bənzəyir.

“Ona görə nə yaxşı həkim ola bilirsən, nə də ki yaxşı rəssam”, Ülkər deyir.

Ülkər düşünür ki, sevmədiyin peşədə uğur qazanmaq mümkün deyil.

Image captionUşaq və yeniyetmələrin Psixiatriyası ilə məşğul olan Ülkər rəssamlığa marağının olduğunu deyir

“Mənim peşəmdə məsuliyyət daşıdığın üçün yenilikləri izləmək, oxumaq çox vacibdir. Amma daha irəli gedə bilmirsən. Məsələn, elmi araşdırmaları bu peşəni sevən birisində olan həvəslə apara bilmirsən. Aradakı fərq robot və o robotu kəşf edən insana bənzəyir”, deyir müsahibimiz.

Bütün bunlara baxmayaraq o, sevmədiyi peşə ilə həyatının sonuna qədər məşğul olan insanların da var olduğunu deyir.

Ülkər bizə arzularından da danışır. O bildirir ki, 5 yaşında Disney-də animator olmağı arzu edirmiş və indi də onun arzusu çox fərqli deyil.

“İllüstrator, qrafik dizayner, animator, qısaca incəsənət və rəsmlə bağlı hər bir peşə qəbulumdur”, deyir müsahibimiz.

O, “qorxaqlığı kənara qoyub, cəsarətini topladığı zaman” arzularının arxasınca getməyi düşünür. Amma bunun üçün “bəhənələr yaratdığını” da inkar etmir.

“Altı ilim hədər getməsin deyə, həkim olub, maddi cəhətdən azad olandan sonra öz emalatxanamı açıb sevdiyim peşəni davam etdirmək mənim bəhanəmdir”, Ülkər deyir.

Həvəssiz tələbələr

Pedaqoji Universitetdə 20 ildən çox müəllimlik etmiş Tamilla Ağayeva bəzi gənclərin ixtisas seçimini müəyyən səbəblərə görə etdiyini deyir.

Onun sözlərinə görə, məktəbi bitirmiş oğlanlar bir çox hallarda hərbi xidmətin müddətinin az olması üçün ali məktəblərə üz tuturlar.

Azərbaycan qanunvericiliyinə görə, orta təhsilli vətəndaşlar üçün hərbi xidmət 18 ay, ali təhsillilər üçün isə 12 aydır.

Tamilla xanım deyir ki, bəzi tələbələr sadəcə ali təhsil diplomunu istəyir və onlar çox vaxt ixtisasına uyğun peşələrdə işləmir.

“Tələbələrin az qismi istədiyi peşəni seçib gələnlərdir, əksəriyyəti təsadüfi adamlardır. Təxminən 80 faiz tələbə istəmədiyi peşədə təhsil alır”, o, təcrübəsi zamanı müşahidələrinə əsasən bildirir.

Universitet müəlliməsinin sözlərinə görə, həvəssiz tələbələrə dərs demək çox çətindir. O, bu prosesi “tələbələrdə peşəyə maraq yaratmaq üçün mübarizə aparmaq” adlandırır.

Prestijli sahələrə maraq

Təhsil üzrə təhlilçi Etibar Əliyev bildirir ki, hər il Azərbaycanda yüz mindən çox şagird orta məktəbdən məzul olur. Onların təxminən 30 faizi ali təhsil, 12-15 faizi isə peşə təhsili ala bilirlər.

Cənab Əliyev valideynlərin övladlarını peşə seçimində yönləndirməsinin geniş yayılmasından da danışır.

Onun sözlərinə görə, bu seçimlərdə humanitar ixtisaslar daha çox üstünlük təşkil edir.

Təhlilçi deyir ki, ən çox seçilənlər hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, politologiya və ingilis dilinin tədrisi ilə əlaqəli istisaslardır.

Gənclər arasında ən az populyar olan istisaslar isə, fizika, kimya, biologiyadır. Cənab Əliyev gənclərdə texniki və təbiət elmlərinə marağız az olduğunu əlavə edir.

Təhlilçi bu seçimlərinə görə gəncləri qınamadığını da qeyd edir.

“Onlar bu peşələri prestijli hesab edirlər və düşünürlər ki, gələcəkdə iş tapa bilərlər”, Etibar Əliyev bildirir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ali Məhkəmə Qarabağ müharibəsi əlilini azadlığa buraxmayıb

%d bloqqer bunu bəyənir: