Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gənc qız əməliyyat vaxtı öldü, cavabdeh tapılmadı

…Ailə sonradan öyrənəcəkdi. Leyla məhz əməliyyatın düzgün aparılmaması səbəbindən dünyasını dəyişib. Azərbaycanın özəl tibb klinikalarında həkim səhvi ucbatından xəstə ölümü nadir hadisə deyil. Savadsız cərrahların adi əməliyyatı apara bilməməsindən ölənlər, həkimin səhv müalicəsinin qurbanı olanlar çoxdur. Amma xəstə öləndən sonra cəsədin üzərində əməliyyatı davam etdirmək və beləliklə də, ölümün baş vermə səbəblərini gizlətməyə çalışmaq təcrübəsi ilk dəfə cərrah Sənan Mehdiyev tərəfindən tətbiq edilib. Leylanın ailəsi sonradan onu da öyrənib ki, əməliyyatın gedişinə məsul olan həkimlərdən biri – anestezioloq Emin Quluzadə əməliyyat bitmədən iki dəfə cərrahiyyə otağını tərk edib, dostları ilə görüşüb…

…18 yaşlı Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında burnundan plastik əməliyyat olunarkən dünyasını dəyişməsindən 1 il 2 ay ötür. Amma ailənin bütün səylərinə baxmayaraq, gənc qızın ölümündə təqsirkar olan həkimlər hələ də cəzalarını almayıblar. Gözlərinin nurunu itirən valideynlər çarəsiz vəziyyətdədir.

Virtualaz.org saytının əməkdaşları mərhum gəncin evində olub, faciə ilə üzləşən valideynlərlə görüşüblər.

Böyük otaqda Leylanın müxtəlif illərdə çəkilən şəkilləri asılıb. Gənc qızın Azərbaycan Maliyyə-İqtisad Kollecini bitirməsinə 3 ay qalmışdı. Diplomunu aldıqdan sonra təhsilini Almaniyada davam etdirəcəkdi.

Leyla ailənin ilkidir. Valideynlərinin nübar payı idi, indi isə dərd payı olub…

“Dedim ki, sənin burun əməliyyatına ehtiyacın yoxdur. Çox çalışdım, amma onu bu fikrindən daşındıra bilmədim”, – bunu gözü yaşlı ana Rəsmiyə Mürsəlova deyir.

Rəsmiyə xanımın sözlərinə görə, cərrah Sənan Mehdiyev Leylanı müayinə etdikdən sonra onlara bu əməliyyatın sadə və təhlükəsiz olduğunu deyib: “Fevralın 20-də həkimlə görüşdük. Leylaya baxandan sonra vaxtının azlığından əməliyyatın təcili keçirilməsini məsləhət gördü. Bunun üçün bizdən 1500 manat istədi. Martın 9-da analizləri verdik, Leylanın kardioqramını etdilər. Amma döş qəfəsinin roentgen müayinəsi aparılmadı. Analizlərin cavabına baxdıqdan sonra səhhətində problem olmadığını söylədilər. Sənan Mehdiyev allergiyaya və qanın durulmasına görə dərman təyin etdi. Yazdığı dərmanların bir hissəsini əməliyyatda istifadə edəcəkdilər”.

Əməliyyat martın 17-nə, axır çərşənbə gününə salınıb. Sənan Mehdiyev valideynlərə Leylanın səhhətində problem olmadığını desə də, sonradan qızın ürəyində xəstəlik olduğunu iddia edəcək. Guya ki, bu xəstəlik ölümün baş vermə səbəblərindən biri imiş…

“Leyla tam sağlam olub. Qeydiyyatda olduğu ərazi poliklinikasından verilən arayışlar da bunu təsdiq edir. Bundan əvvəl iki dəfə – boğazındakı artıq ətdən və kor bağırsağından əməliyyat olunub”.

Bunu isə ata Namiq Mürsəlov deyir. Atanı narahat edən suallar çoxdur. Məsələn, həkimin iddia etdiyi kimi, Leylanın ürəyində problem olubsa, niyə onu əməliyyat ediblər? Niyə əməliyyatdan əvvəl Leyla rentgen müayinəsindən keçirilməyib? Analizlərin cavabı sonradan niyə və necə saxtalaşdırılıb? Bu suallara istintaq zmanı da cavab tapılmayıb.

Ana yenidən ağlayır: “Sənan həkim əməliyyatdan əvvəl məni yanına çağırdı. Dedi ki, narahatlığa əsas yoxdur. Pulu verdik. Təxminən saat 11-in yarısında anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxdı. Qeydiyyat şöbəsindəki xanım dedi ki, narahatlığa səbəb yoxdur, əməliyyat davam edir, sadəcə, həkim maşını düzgün park etməyib. Buna görə də, maşının yerini dəyişib, təkrar əməliyyata girəcək. Sonradan həmin həkim təkrar əməliyyat otağından çıxıb kimlərləsə görüşdü. Əməliyyatın gedişinə məsul olan həkim kimi o, əməliyyatın bitməsini gözləməli idi. Saat 11-dən sonra klinikada çaxnaşma düşdü. Həmin an uşağa nəsə olduğunu hiss etdik. Sonra Sənan Mehdiyev aşağı düşüb bizimlə görüşdü. Dedi ki, uşaqda prolaps olduğunu mənə deməmisiniz. Amma əvvəlcə ona məlumat vermişdik. Biz də cavab verdik ki, əvvəlcədən sizə bu barədə demişdik”.

Sənan Mehdiyev valideynlərə Leylanın təzyiqinin düşdüyünü deyib. Daha bir neçə dəqiqə keçib və gənc qızın komaya düşdüyünü valideynlərinə söyləyiblər. Ata huşunu itirib, ana isə Leylanın yanına buraxılmayıb. Anestezioloq Emin Quluzadə Leylaya dərman vurulandan sonra allergik reaksiya verdiyini söyləyib. Əməliyyat otağında olan iki həkimin dedikləri üst-üstə düşməyib.

“İndiyə qədər bilmirik ki, Leylaya vurulan hansı dərman onda reaksiya verib. Narkoz keyfiyyətli olubmu? Heç ekspertiza da hansı dərmandan şoka düşdüyünü açıqlamayıb. Leylanı bu anafilaktik şokdan ayıltmaq üçün 6 dəqiqə vaxt lazım idi. Mən uzun illər reanimasiyada işlədiyimdən, belə hadisələrlə çox rastlaşmışam. Yalvardım ki, içəriyə buraxın, övladıma özüm yardım edim. Birinci dəfə düzgün yardım etməyiblər”, – Rəsmiyə xanım əlavə edir.

Valideynlərini Leylanın yanına buraxmayıblar. Ailə övladlarının son nəfəsində yanında ola bilməyib. Bunun səbəblərini isə məsciddə – meyit yuyularkən öyrəniblər.

Ana göz yaşlarını saxlaya bilmir: “Leyla tanınmaz hala düşmüşdü. Ürəyini o qədər masaj etmişdilər ki, bütün qabırğaları sınmışdı. Ürəyi partlamışdı, ciyərləri qanla dolmuşdu. Komaya düşəndə beyininə qan sızmışdı, qolları qançır idi. Kürəyində yanıq izləri vardı, ürəyi elektroşoka məruz qoyarkən kürəyini yandırmışdılar”.

Leyla Mürsəlovanın ölüm işini müstəntiq Fuad Əhmədov aparıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ekspertizanın nəticələrini 4 dəfə dəyişib. Rəsmiyə Mürsəlova deyir ki, müstəntiqin yanında üzləşmə zamanı Sənan Mehdiyev Leylanın anafilaktik şokdan öldüyünü deyib: “Uşağın boğazına borucuq yerləşdirərkən boğazını cırmışdılar. Həkimdən əməliyyatın adını soruşdum. Dedi ki, Leylanın üzərində rinoseptoplastika əməliyyatı aparmışam. Amma məsciddə Leylaya baxdım. Onun burnu necə var idisə, elə də qalmışdı, heç bir şiş yox idi. Uşaq şokdan ölüb, amma həkim əməliyyatı dayandırmayıb. Burnunun aşağıs hissəsində tikiş belə qoyulmamışdı”.

Leylanın valideynləri onu da deyirlər ki, Məhkəmə-Tibbi Ekspertizanın rəyində kifayət qədər saxtakarlığa yol verilib. Namiq Mürsəlov buna görə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin keçmiş direktoru Şakir Musayevi günahlandırır. Ailə baş prokuror Zakir Həsənovun, ombudsman Elmira Süleymanovanın, səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub. Onlar isə işin ədalətli araşdırılacağını, günahkarların cəzalandırılacağını vəd ediblər. Doğrudur, əməliyyatın aparıldığı “StarMed” klinikası bağlanılıb. Amma görülən tədbirlər hələlik bununla yekunlaşıb.

Əvəzində isə Sənan Mehdiyev fəaliyyətini başqa bir klinikada – “Avrasiya” hospitalında davam etdirir. Bəli, bu gün Azərbaycanda elə həkimlər var ki, onlar əlini-qolunu sallayıb rahat gəzir, səhvi və ya səhlənkarlığına görə cavab vermir. Amma bilmək olmaz, Sənan Mehdiyev kimilərini himayə edənlərin həmin həkimə özünü, uşağını, ata-anasını etibar etdikdə başlarına nələr gələcək? Hələ bilmək olmaz, o həkimin əlindən sağ çıxa biləcəklərmi?

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Azərbaycanda ayı uşaq bağçasına hücum etdi

%d bloqqer bunu bəyənir: