Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fizuli Məmmədov: “Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm”

Fizuli Məmməddov: “Bir sıra torpaqları Qarabağ konfliktinin mərhələli nizamlanması çərçivəsində geri qaytaracaq”

24saat.org “İNTER-SEVER” kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri Fizulu Məmmədovla (Frenk Elkaponi) müsahibəni təqdim edir.

– Bir zamanlar siyasətə daxil oldunuz, müəyyən təşkilatlar qurdunuz, ölkədə qəzetiniz nəşr edilirdi. Sonradan siyasi proseslərdən çəkilmənizə səbəb nə oldu?

– Bəli, mən 1998-ci ildə Xalq Vətənpərvərlər Birliyinə başçılıq etdim. Sonra “Azərbaycan XXI ƏSR” adlı qəzetimiz nəşr edildi. Bizim partiya o zaman Azərbaycan rəhbərliyinə dəstək məqsədilə nəzərdə tutulmuşdu. Odur ki, həmin dövrdə biz müxalifət mövqeyindən çıxış etmirdik və Heydər Əliyevin siyasətini dəstəkləyirdik. Sonradan bizim partiyanın görünüşü ölkənin ictimai-siyasi dairələrində böyük əks-səda doğurdu. Xatırlayıram, həmin dövrdə ölkə mətbuatı yazırdı ki, Azərbaycanda yeni siyasi partiya yaranır və insanlar bu təşkilata ciddi dəstək verəcəklər. Həmin vaxt mən müsahibə verdim və qeyd etdim ki, xalqımızın əsas diqqətini vacib olan məsələləri istiqamətləndirməyi vacib sayırıq. Bu da, ölkədə vətəndaş sülhünü və həmrəyliyini gücləndirmək, Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyümüzün təmin edilməsindən ibarətdir. Geniş ictimai rezonansdan sonra partiya ilə Azərbaycan hökuməti arasında intriqa yaratmaq istəyən paxıl insanlar ortaya çıxdı. Onlar məni Azərbaycan hökumətinin siyasi və iqtisadi kursuna qarşı olan tərəf kimi göstərməyə çalışdılar. Bu zaman mən siyasi layihəmi dondurmaq qərarına gəldim. Partiyanın və qəzetin fəaliyyəti dayandı. Daha çox Azərbaycan diaspora işinə diqqətimizi artırdıq. Bundan sonra biz Dünya Azərbaycanlılarının İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondunu qurduq, qeydiyyatdan keçirdik. Daha çox diqqətimizi diaspora fəaliyyətinə yönəltdik. Siyasi layihəmi dondurduqdan sonra diaspora təşkilatı yaradaraq Azərbaycan diasporasını birləşdirmək, gücləndirmək, fərqli ölkələrdə olan diaspora qurumları arasında yaxşı əlaqələr yaratmaq və tarixi vətənizimə xidmət etmək istədik.

– Niyə siyasətdən çəkildiniz, bu istiqamət sizə çətin gəldi, yoxsa şərait buna imkan vermədi?

– Siyasətdən çəkilməyimə əsas səbəb daha çox diaspora fəaliyyətim oldu. Mən hesab edirəm ki, vacib və effektiv məsələlərdən biri bizim diaspora qurumlarını gücləndirmək, bir araya gətirməkdir. Diaspora qurumları qeyri hökumət təşkilatı statusunda olmalıdır, ölkə daxili siyasi mübarizədə iştirak etməməlidir. Siz də, yaxşı bilirsiniz ki, son illər müxalifət fikirli azərbaycanlılar Avropaya mühacirət edib və onların müxalifət fəaliyyəti var. Bu mənada hesab edirəm ki, soydaşlarımız, köçkünlərin fəaliyyəti diaspora işinə sirayət etməməlidir. Azərbaycan diasporunda bölünmənin qarşısını almaq, diasporanı bir yumruq altında birləşdirmək lazımdır.

-Son illər Azərbaycandan Avropaya çoxlu sayda azərbaycanlılar siyasi mühacir və qaçqın kimi gedib. Onlarla əlaqələriniz, təmaslarınız varmı?

– Mən diaspora işi ilə əlaqədar soydaşlarımızla görüşürəm. Əlbəttə, mənə onların arasında siyasi mühacirlərin, sadəcə köçkünlərin, bura pul qazanıb ailəsini saxlamaq məqsədilə gələnləri və biznes fəaliyyəti göstərənləri müəyyən etmək çətindir. Hansısa soydaşımıza kömək lazım olanda və mənim buna köməyim çatanda şübhəsiz ki, ondan siyasi mövqeyi, partiyalılığı haqda soruşmuram. Mənim üçün bütün azərbaycanlılar əzizdir. Heç şübhəsiz ki, hansısa soydaşımız özünün müxalif fikrini ortaya qoyanda və ya mən bu haqda biləndə ona deyirəm ki, mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm.

– Azərbaycanda baş verən prosesləri izləyirsinizmi və vəziyyəti necə qiymətləndirirsiniz ?

– Əlbəttə, mən bir vətənpərvər olaraq Azərbaycanla maraqlanıram, vətəndə baş verənləri izləyirəm. Mən insanlar, doğma Azərbaycan üçün narahat deyiləm. Mənim narahatlığım dünyada baş verən maliyyə böhranı, dünya bazarında neftinin qiymətinin kəskin aşağı düşməsi və bunun ölkəmizə təsiri, milli valyutanın devalvasiyası oldu. Əlbəttə, bu amillər Azərbaycan əhalisinin iqtisadi və maliyyə vəziyyətinin pisləşməsinə səbəb oldu. Bəzi rayonlarda işsizliyə və qiymət artımına qarşı etirazı oldu. Lakin indi iqtisadi vəziyyət Azərbaycanda sabitləşib, hakimiyyət bu problemləri həll etmək üçün addımlar atıb. Azərbaycanın xaricdən asılılığı azdır, qeyri-neft sektorunun inkişafı üçün addımlar müşahidə olunur. Mənim fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev respublikanı yaxşı idarə edir və problemləri həll etmək üçün qısa zamanda müəyyən addımlar atıldı. Buna görə də Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Hətta nüfuzlu beynəlxalq təşkilatlar və ekspertlər Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit qiymətləndirir, iqtisadi vəziyyəti davamlı hesab edir.

– Azərbaycanda siyasətçi, jurnalist, ziyalı, elm adamları ilə dostluğunuz, təmaslarınız varmı, yoxsa ancaq qohumlar və dostlarla əlaqə saxlayırsınız?

– İctimai diaspora fəaliyyəti mənə çoxlu insanlarla dostluq yaratdı və çoxlu sayda jurnalist, siyasətçi, elm adamı ilə təmaslar qazandırdı. Heç şübhəsiz ki, aktiv diaspora fəaliyyət əlaqə, tanışlıq olmadan real deyil. Bu insanlar mənim rəhbərim olduğum Dünya Azərbaycanlıları İttifaqını dəstəkləyir. Onlar hər zaman mənə dəstək və qiymətli məsləhətlər verir. Yeri gəlmişkən, mənə çoxlu insanlar indi siz verdiyiniz sualı verir. Ancaq iş ondadır ki, insanlarla sıx əlaqədə olmadan uğurlu diaspora fəaliyyəti aparmaq sadəcə mümkün deyil.

– Uzun illər Rusiyada yaşamışınız və işləmisiniz, bu dövlətə bələd bir insansınız. Necə düşünürsünüz, doğurdanmı Qarabağ problemini ancaq Rusiya həll etmək gücündədir?

– Bəli, Rusiya hələ münaqişə ilə bağlı güclü təsirini saxlayır. Rusiya Qarabağ münaqişəsinin həllində digər iki vasitəçi ölkədən daha çox Cənubi Qafqazda sabitlik və Qarabağ probleminin sülh yolu ilə həllində maraqlıdır. Çünki Rusiya ilə Azərbaycan arasında son illər çox yaxşı əlaqələr, ticarətin genişlənməsi və möhkəmlənməsi mövcuddur. Rusiya üçün Azərbaycan strateji əhəmiyyətli və yüksək gəlirli iqtisadi və siyasi tərəfdaşdır. Rusiya-Azərbaycan arasında ticari əlaqələr yüksəkdir və demək olar ki, Azərbaycan bazarında Rusiyanın ixrac etdiyi məhsullar əsas təşkil edir. Azərbaycana MDB ölkələri ilə müqayisədə Rusiyanın ən mənfəətli iqtisadi tərəfdaşı demək olar. Buna görə də, Qarabağ münaqişənin həlli məsələsində Rusiya Azərbaycanla bu münasibətlərinə xələl gətirməməyə çalışacaq.
Amma eyni zamanda Ermənistan faktiki olaraq Rusiyanın vassalıdır və Ermənistan iqtisadiyyatı Rusiyanın maliyyə yardımından asılıdır. Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sistemi və birgə hərbi qüvvələr yaradır. Göründüyü kimi Rusiya Qarabağ münaqişəsində hər iki tərəfə böyük təsir göstərmək imkanına malikdir. Rusiyaya tərəflərin məğlubiyyəti lazım deyil. Mənim fikrimcə, Ermənistanın işğal etdiyi Azərbaycanın bir sıra torpaqları Qarabağ konfliktinin mərhələli nizamlanması çərçicəsində geri qaytarılacaq. Eyni zamanda Ermənistan Azərbaycan və Türkiyə tərəfindən haqlı olaraq qaldığı blokadadan azad olacaq. Lakin mümkündür ki, Qarabağ münaqişəsinin mərhələli həlli yenidən dondurulmuş olsun və sonradan bu problemin alovlanma ehtimalı yaransın. Amma Ermənistan-Azərbaycan qarşıdurmasının nəticəsi bu ölkələrin Rusiya ilə münasibətindən, iqtisadi və hərbi-siyasi əlaqələrinin təsirindən asılı ola bilər.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Əhali çörəyin bahalaşmasına etiraz edir – VİDEO

%d bloqqer bunu bəyənir: