Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fikrət Fəraməzoğlunun xanımı prezidentə yazdı: “İstintaq dayanıb, həbs sifarişdir”

Həbsdə olan JAM.az-ın baş redaktoru Fikrət Fəraməzoğlunun xanımı ölkə başçısına müracət edib. Faiqə İbişbəyli 24saat.org-a da bir surətini ünvanladığı müraciətdə həyat yoldaşının təqsirsiz olduğunu qeyd edib.

Müraciətdə qeyd olunub ki, İbişbəyli Fikrət Fəraməz oğlu ilə 2006-cı ildə ailə həyatı qurub: “Birgə nikahımızdan 2 və 3 yaşlarında övladlarımız var. Bu il iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs yaşadığımız evə daxil olaraq axtarış aparmaq adı ilə heç bir order təqdim etmədən Fikrət Fərəməzoğluna məxsus noutbuku, sənədləri, yazıları, diskləri, hətta uşaqlarımızın toy disklərini götürdülər.

Axtarış zamanı bizimlə kobud davrandılar. Həmin şəxslərdən nələr olduğunu soruşanda həyat yoldaşımın həbs edildiyini bildirdilər, lakin səbəbini açıqlamadılar.

İlk günlər nə mən, nə də Fikrətin həmkar dostları DİN və Baş Prokurorluqdan bu barədə məlumat ala bildi. KİV-də mənim verdiyim informasiya yayılandan sonra nəhayət ki, iyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi”.

F.İbişbəyli bildirib ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib: “O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilib.

Həyat yoldaşım 33 gün qanunvericiliyin tələblərinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldı. Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-yə qaytarıldı.

İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla görüşdü. Lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən və həbsindən verilən apellyasiya şikayətindən imtina etdi.

Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinin 3-cü bəndinə görə məhkəmə tərəfindən haqqında həbs qətimkan tədbiri seçilən şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir.

Jurnalistin lazımi zəruri hüquqi xidmətdən məhrum edilməsi, yaxınları tərəfindən tutulmuş vəkilin onunla görüşünə maneçilik törədilməsi, çətinliklə baş tutan görüşün konfidensial deyil, müstəntiqin otağında reallaşması, eləcə də müəmmalı şəkildə F. Fərəməzoğlunun müdafiəçidən imtina etməsi, verdiyi apellyasiya şikayətini geri götürməsi bu şəxslə bağlı müəyyən planların cızıldığını göstərir”.

Baş redaktorun xanımı vurğulayıb ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var: “Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Amma Fikrət İbişbəylinin təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulub. Mən bunu müstəntiq Hacı Əfəndiyevə deyəndə bildirdi ki, guya Fikrət öz ərizəsi ilə BMCMİ-yə qayıdıb.

Fikrət İbişbəyli mənimlə görüşündə bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlə üzləşib. Onu konkret həyat yoldaşı, yəni mənimlə şantaj ediblər. Bildiriblər ki, əgər vəkildən və Apellyasiya Məhkəməsindən imtina etməsə, həyat yoldaşı, yəni mən həbs olunacağam”.

F.İbişbəylinin sözlərinə gör, Fikrət Fərəməzoğluna buraxılacağı vəd edib aldatmaq istəyiblər: “Bu cəhdləri alınmayandan sonra onu bizimlə (ailəsi) ilə təhdid edərək Bakı İstintaq Təcridxanasından “Bandotdelə” dönməsinə, vəkildən və apellyasiya şikayətindən imtina etməsinə nail olublar.

Korrupsiyada ittiham olunan Fikrət Fərəməzoğlunun rüşvət almasını əks etdirən əməliyyat çəkilişi hələ də bu günə qədər hüquq-mühafizə orqanları tərəfindən ortaya qoyulmayıb. Bu da belə deməyə əsas verir ki, Fikrət Fərəməzoğlu peşə fəaliyyətindən dolayı şərlənərək həbs edilib. Hazırda istintaq dayandırılıb və heç bir istintaq hərəkəti yoxdur. Bu da Fikrətin sifarişlə həbs olunduğuna əsas verir”.

Baş yazarın xanımı qeyd edib ki, müstəqil kütləvi informasiya vasitəsi olan Jam.az hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənməyib: “Amma saytda cəmiyyət həyatında müşahidə olunan neqativ hallara münasibət bildirilib, vəzifəsindən sui-istifadə edən məmurlar barədə tənqidi məqalələr yer alıb.

Həmin məqalələr oxucular tərəfindən maraqla qarşılanıb və hüquqları tapdalanan bir çox vətəndaşın problemlərinin ictimailəşdirilməsinə, hüquqlarının bərpasına vəsilə olub. Cənab Prezident, siz dəfələrlə jurnalistlərlə dost olduğunuzu bəyan etmisiniz, mətbuata hər zaman dövlət dəstəyi olub.

İnanıram ki, bizim ailənin qarşılaşdığı bu çətin vəziyyətə, haqsızlığa biganə qalmayacaqsınız. Çox xahiş edirəm, iki azyaşlı uşağımızın aqibətini nəzərə alıb həyat yoldaşım Fikrət Fərəməzoğlunun həbsi məsələsinin dürüst araşdırılmasına yardım edəsiniz”.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib

%d bloqqer bunu bəyənir: