Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Fazil Mustafanın sözündə çox böyük həqiqət var- Allaha rüşvət verməzlər”

“İnsanlar böğazlarından, ciblərindən kəsib ruzilərini hansısa “maşennikə” verirlər ki, şəfa tapacaqlar”

Az əvvəl Qazaxıtsanda məscidlərə bankomat nəzir qutularının qoyulması haqqında xəbər vermişdik. Bu mövzu sosial şəbəkələrdə də müzakirəyə çıxarılmışdı və əksər insanlar bunun ölkəmizdə də tətbiq olunmasını arzulamışdılar. Bəzi şəxslər isə ümumiyyətlə nəzir qutularının yığışdırılmasını təklif etmişdi.

Nəzir qutularının ləğvini istəyənlərdən biri də millət vəkili Fazil Mustafadır. Millət vəkili mətbuata açıqlamasında diqqəti nəzir qutularının gəlir mənbəyinə çevrilməsinə yönəldib. Qeyd edib ki, insanlar nəzir verməklə sanki tanrıyla sövdələşməyə girirlər. Deputat onu da vurğulayıb ki, ümumiyyətlə ziyarətgahlar boş şeydir, ziyarəthaglar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir.

Mövzunun aktuallığını nəzərə alıb bir neçə ilahiyyatçıdan münasibət öyrənməyə çalışdıq. Təəssüflər olsun ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeçiliyində olan ilahiyyatçılardan heç biri danışmadı. Daha doğrusu, mövzuyla bağlı danışmaları üçün mütləq QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə xanımdan icazə almalı olduğumuzu bildirdilər. QMİ-i sözcüsü isə həmişəki kimi bu dəfə də zənglərimizə cavab vermədi.

Naəlac qalıb dini mövzuda da elm adamının, kinorejissor, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun fikirlərini öyrəndik. Şeyx Əbdül ilk öncə QMİ-nin ilahiyyatçılara qoyduğu “qadağa” barəsində danışdı:

“Əvvala QMİ-də çoxdan belə bir qanun var ki, oranın rəsmi ştatında olan yoldaşlar hər hansı açıqlama verəndə Rəhimə xanımla razılaşmalıdırlar. Çünki müsahibələr mərkəzləşdirilir ki, hər kəs bildiyini, eşitdiyini danışmasın. Dindarların da ümumi strategiyası var və oradan kənara çıxmasınlar. QMİ-nin mövqeyi budur və mən ona müdaxilə etmirəm.

Amma elə düşünürəm ki, bu gün pis günə qoyulan, pis təbliğ olunan, acınacaqlı vəziyyətdə olan başıpozuq islamı xilas etmək üçün islamiyyətin elmiylə, fəlsəfəsiylə, əsl mahiyyətiylə məşğul olan ağıllı, savadlı, ziyalı insanlar, səlahiyyətli adamlar işə başlamalıdır. Bu gün islam parçalana-parçalana, təriqətlərə bölünə-bölünə nə günə qalmışıq, qardaş qardaşı bombalayır. İslamın müasir yanaşmaya çox böyük ehtiyacı var. İslamı kirli, iqtidar düşüncə ilə təbliğ edən məclislərdəki mollalardan təmizləmək lazımdır.

O gün televiziyada gördüm ki, bir “maşennik” düşüb kəndlərə qızılla fala baxır. Görün bu millət, müsəlmançılıq, islam elm-texnika əsrində nə gündədir ki, qızılla fala baxdırırlar. Bunun bütövlükdə günahı bizim milli, dini ideologiyamızın acınacaqlı vəziyyətdə olması, düzgün təbliğ olunmamasından irəli gəlir. Bu gün Qurani Kərim kənarda qalıb, hərə özündən bir din düzəldir. Həzrəti Peyğəmbərimizin bir gözəl hədisi var ki, İslamda, onun təbliğundə eşitdiyini danışmaq böyük günahdır, gərək dəqiq bildiyini danışasan. Çox təəssüflər ki, bu gün hərə özündən bir molla düzəldib. Evimin yanında üç məscid var, hərəsində bir cür azan verilir. Gedib soruşuram ki, axı bu necə islamçılıqdı, mən dəfələrlə Kərbalada, Məkkədə olmuşam, sizin verdiyiniz azanı heç yerdə eşitməmişəm. Allah var, allahın nazil etdiyi Quran var və özünə rəsul seçdiyi peyğəmbər var. Peyğəmbər də Allahdan nazil olanları insanlara çatdırıb, bəs nəyə görə buna əməl olunmur, nəyə görə Qurani Kərim, Allahın göndərdiyi əxlaq, mənəviyyat qanunlarımız kənarda qalıb, nəyə görə buna əməl olunmur?!

İslamın xilası düsturu Allahdır, Allahın seçdiyi rəsuludur və ona nazil etdiyi Qurani Kərimdir. Bunlardan başqa nə varsa, hamısı xəyanətdir, təxribatdır”.

 

Kinorejissor daha sonra millət vəkili Fazil Mustafanın fikirlərinə və Qazaxıstanda bankomat nəzir qutularının quraşdırılmasına münasibət bildirdi:

“Fazil Mustafanın sözündə çox böyük həqiqət var. Allaha rüşvət verməzlər. Ancaq nəzir vermək məsələsi insanlarda min illərdir formalaşıb. Elə düşünüblər ki, mən hansısa inanca görə, belə bir şey eləsəm, Allah mənə kömək olacaq. Bu, insanların özündən gələn inancdır, müqədəs İslama heç bir aidiyyatı yoxdur. Sözümün bu yerində iki misra demək istəyirəm: “Zahida, bükmə məni ayə yazılmış kəfənə, Neyləyər ayə günah ilə bələnmiş bədənə?”.

Qazaxıstanda məscidlərə bankomat nəzir qutularının qoyulması çox gözəl təşəbbüsdür. Əgər insanların min illərdir formalaşan inancı varsa, nəzir vermələrinin qarşısını ala bilmərik. Xəstəlik məsələsində inam çox böyük şərtlərdən biridir, insanların inamı olmadan onları müalicə etmək də çətin məsələdir. Əgər insanlların inancı varsa, hardasa müqəddəs bildiyi yerlərə nəzir verməklə şəfa tapırsa, bunu rəsmiləşdirmək çox yaxşıdır. Çünki hazırda eybəcər söz-söhbət baş alıb gedir. Az qalırlar ki, nəzir qutuları ilə bağlı lətifələr qoşsunlar, mollalar bir-birindən danos yazırlar, bir-birlərini rüsvay edirlər. Od yanmasa tüstü çıxmaz, bunların qabağı alınamlıdır və bununçün də mexanizm olmalıdır. Qazaxıstan variantı da çox optimal çıxış yoludur. Fazil müəllimin prinsipi düzdür, onu da buna görə ayrıca salamlayıram. İnsanlar gözüyumulu böğazlarından, ciblərindən kəsib ruzilərini hansısa “maşennikə” verirlər ki, bundan şəfa tapacaq və s.”

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Bu işdə şəhid ailəsini günahlandırmaq olmaz!”

%d bloqqer bunu bəyənir: