Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
????????????????????????????????????

Fərda Əsədov: “Qafqazda qısa müddətdə böyük dəyişiklik gözləmək lazım deyil“

24saat.org uzun illər Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu) icraçı direktoru vəzifəsini tutmuş tarixçi alim Fərda Əsədovla müsahibəni təqdim edir.

ABŞ-da gedən prezident seçkiləri kampaniyasını müşahidə edirsiniz?

– Hamı necə, mən də elə. Çalışıram ki, vaxt olan kimi müşahidə edim.

ABŞ ictimai-siyasi mühiti ilə yaxından tanış olan mütəxəssis kimi bu ölkədə keçirilən seçki kampaniyası, prezidentliyə namizədlər haqda düşüncəniz necədir?

– Doğrusu, bu seçkilərdə olan ritorikanı izləyərkən təəssüf hissi keçirirəm. Çünki prezident Barak Obamanın iki seçki kampaniyasının şahidi olmuşam. Daha doğrusu, bir kampaniyanı uzaqdan, digər seçki kampaniyasını isə Amerikanın özündən izləmişəm. Onda görürdüm ki, ABŞ-ı dərindən narahat edən bir çox məsələlər seçki kampaniyası zamanı müzakirə olunurdu. Məsələn, İsraillə strateji əməkdaşlıq, bunun nə dərəcədə vacib olduğu, ABŞ cəmiyyəti nə qədər bir-birinə yaxınlaşır və ya maraq toqquşması nə dərədə böhranlı mərhələyə səbəb olur, habelə ABŞ-da səhiyyə sistemi necə qurulmalıdır. Bax, bu məsələlər ciddi polemikaya məruz qalırdı. Ancaq təəssüflər olsun ki, indiki seçki kampaniyasında belə vacib və böyük məsələlər özünü ifadə etmir. Bu ,ola bilsin ki, namizədlərin xüsusiyyəti ilə bağlıdır. Niyə görə, namizədlər ancaq iki partiyadan oldular? Mən bunu hələ də müəyyən edə bilmirəm. Məncə, Donald Trampın Respublikaçılar tərəfindən irəli sürülməsinə müəyyən qədər əsas vardı. Çünki belə epotajlı namizəd haradasa Amerika cəmiyyətinə yenilik gətirən, habelə cəmiyyətin radikal dəyişiklik gözləməsi səbəbindən ola bilərdi. Eyni zamanda Trampın özü müəyyən qədər bir təbəqəni təmsil edir. ABŞ seçicilərinin böyük hissəsi isə bu təbəqədən olan insanlara o qədər də etibar etmir. Seçkilərdə seçicilərin ənənəvi olaraq belə təbəqənin təmsilçisinin əleyhinə səs verməsi hallarını görmək olur. Bəlkə də Tramp zəif siyasətçi oldu. Eyni zamanda ola bilsin ki, Hillari Klinton idarəçilik və inzibati təcrübə baxımından güclü namizəddir. Amma xanım Klintonu ABŞ cəmiyyətinin iradəsi, istəyi və axtarışlarına cavab verən namizəd kimi görmürəm. Onun yeganə üstünlüyü xanım namizəd olmasıdır. Bəlkə də cəmiyyətdə yenilik hissi ondan ibarətdir ki, bu dəfə də qadın prezident olsun. Ancaq gördüyünüz kimi yenilik axtarışında köklü məsələlərin qoyuluşu və bunların qarşıdurması kimi əhəmiyyətli məsələlər bu seçki kampaniyasında müşahidə olunmur.

Bir neçə gündən sonra seçkilər keçiriləcək. Sizcə, ABŞ-ın yeni prezidenti kim olacaq?

– Mən proqnoz verməyi sevmirəm. Nəzərə alın ki, siyasət elmləri üzrə mütəxəssis deyiləm, tarixçiyəm.
Əgər Klinton qələbə çalsa, bu o deməkdir ki, Demokratlar Partiyası üçüncü dəfədir ki, hakimiyyətdə qalır. Adətən ABŞ-da iki seçki müddəti demokratlar, iki müddət isə respublikaçılar Ağ-Evdə otururlar. Yəni bu tez-tez baş verir. Amma bu seçkilərin bir tərəfdən narahatçılıq doğurması mümkündür ki, daha ehtiyatlı olan seçicilərin bu dəfə Demokratlar Partiyasının namizədinə səs verməyinə səbəb olacaq. Əlbəttə, bu mənim fikrimdir, ancaq belə olacağını əminliklə söyləyə bilmərəm. Çünki ABŞ seçkilərində hər şey ola bilər.

Yeni prezident müəyyən olduqda ABŞ-ın Qafqaz, Yaxın Şərq və Şərqi Avropa siyasətində koordinal dəyişikliklər ola bilərmi?

– Bu çətin sualdır. Amma mən ümid edirəm ki, dəyişəcək. Qeyd edim ki, ABŞ-ın Yaxın Şərqə siyasətində ola bilsin ki, yeni strategiya ortaya qoyulsun. Yəni kompleks sağlamlaşma olmalıdır. Hansısa problemi həll etmək deyil, məsələyə hər tərəfli yanaşmaq lazımdır. O cümlədən sosial, iqtisadi və s. Əgər bu ümidləri qeyd ediriksə, fikrimcə, bunu ABŞ prezident seçkilərinin nəticələri ilə əlaqələndirmək də doğru olardı. Lakin ABŞ daxilində o qədər ciddi problemlər var ki, ABŞ siyasətində böyük dəyişikliklər olacağını demək çətindir.

Konkret hansı problemlər?

– Prezident Barak Obama bir neçə və uzaqgörən siyasi təkliflər irəli sürmüşdü. Birincisi, Fələstin probleminin həllinə dair məsələ idi. Obama 1968-ci ildə olan sərhədlər daxilində sülhün qorunması tezisini irəli sürürdü. İkincisi, islamla dialoq məsələsi ortaya qoyulurdu. Üçüncüsü, Amerika cəmiyyətində ki, ziddiyyətlərin barışdırılması tezisi. Ancaq təəssüflər olsun ki, Obamanın prezidentliyi dövründə bu üç böyük məsələnin həllində irəliləyişləri müşahidə etmədik. Bunu indi hansı ABŞ prezidenti ilə bağlamaq, onun bu məsələləri həll edəcəyini göstərmək çətindir. Doğrusu, indi mən belə bir prezidentliyə namizəd görmürəm.

Qafqaz siyasətində dəyişiklik ola bilərmi?

– Bu haqda dəqiq fikir demək çətindir. Əslində bu da Yaxın Şərqdə problemlərin necə həll ediləcəyindən asılıdır. Hazırda Yaxın Şərqdə Rusiya böyük iddialarla çıxış edir. Yaxın Şərqdəki vəziyyətdən asılı olaraq Qafqaz siyasəti formalaşacaq. Rusiya bu hadisələrdən necə çıxacaqsa, Qafqazda da o cür olacaq. Amma mənim subyektiv fikrim belədir ki, Qafqazda qısa müddətdə böyük dəyişiklik gözləmək lazım deyil.

Rusiya-ABŞ münasibətləri seçkilərdən sonra necə olacaq?

– Bu bilavasitə iqtisadiyyatdan asılıdır.

Fikrinizi bir qədər inkişaf etdirə bilərikmi ?

– Bu münasibətlər gələcəkdə enerji bazarında hansı proseslərin olacağından asılıdır. Əgər, bu siyasət nəticəsində dünya enerji bazarında Rusiyanın xeyrinə dəyişikliklər olacaqsa, bu zaman rusların xaricdə siyasət aparması daha çox iqtisadi amilə bağlı olacaq, nəinki hərbi potensialdan istifadə edib öz maraqlarını qorumaq. Belə olacaqsa, deməli dünyada müəyyən sabitlik mərhələsi başlayacaq. Yox, əgər dünya enerji bazarı siyasəti Rusiya iqtisadiyyatında böhranın yaranmasına gətirib çıxaracaqsa, onda çox şey Rusiya rəhbərliyinin sayıqlığından və düşüncəsindən asılı olacaq. Yəni onlar öz iddialı strategiyasına yenidən baxıb yeni siyasət qurmağı düşünəcəklərsə, bu yaxşı olacaq.

Qısaca deyirsiniz ki, neftin qiyməti aşağı düşəcəksə, bunun qarşılığında silahlar danışacaq?

– Müəyyən qədər hə. Amma tam belə kobud demək düz olmaz. Söhbət ondan gedir ki, neftin qiyməti aşağı düşəcəksə Rusiyadakı iqtisadi vəziyyət pisləşəcəksə, bu ölkə xaricdə iddialı siyasət apara bilməyəcək. Bu zaman Rusiya rəhbərliyi yaranan yeni duruma müdrik və ayıq-sayıq münasibət göstərməyəcəksə, əvəzində inadkarlıq olacaqsa onda biz kəskinləşməni müşahidə edə bilərik. Həmçinin qarşıdurmanın nəticəsi Rusiyanın əleyhinə olacaqsa, şübhəsiz ki, bəzi xarici qüvvələr də inadkarlıq göstərə bilər. Yəni Rusiyaya qarşı yeni sanksiyalar və məhdudiyyətlər tətbiq etmək fikri güclənəcək. Yox, əgər Rusiya reallığı nəzərə alaraq sülh və iqtisadi əməkdaşlıq siyasətini əsas götürəcəksə, biz sabit vəziyyəti görəcəyik.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Eldar Mahmudova kükrəmiş Aydın Bəşirov hardadır? – Özəl

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: