Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
51116

Fərəc Quliyev: “Prezidentin mesajı çox ciddi qəbul edilməlidir”

Prezident İlham Əliyevin Lələtəpədə hərbçilərlə görüşündə səsləndirdiyi fikirlər tamamilə doğrudur və xalqın mövqeyini ifadə edir. Bu fikirləri, bu mesajı çox ciddi qəbul etmək lazımdır. Artıq ölkədə ictimai rəy də budur ki, hamı Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər uzanmasından bezib və istəyir ki, tezliklə bu məsələ bitsin.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev prezident İlham Əliyevin cəbhə bölgəsinə son səfəri zamanı səsləndirdiyi mesajları və Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinin əhəmiyyətini şərh edərkən bildirib.F.Quliyev qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqların artıq Ermənistan tərəfindən süni şəkildə uzadılması ilə barışmayacaq: “Azərbaycan tərəfi bu ilin aprelində cəbhədəki döyüşlərdə bu məsələyə son qoya bilərdi, amma böyük güclərin, xüsusilə Rusiyanın təkidindən sonra biz əməliyyatları dayanırdıq. Amma söz vermişdilər ki, bu məsələ tezliklə dinc yolla həll olunacaq. Lakin o zamandan bəri heç bir irəliləyiş yoxdur.
Azərbaycan o zaman belə iradə sərgiləyərək bildirdi ki, biz məsələni hərbi yolla həll etmək gücündə olmağımıza baxmayaraq əməliyyatları dayandırdı və bildirdi ki, buyurun, əgər siz bunu dinc yolla edə bilirsinizsə, edin. Biz buna razıyıq. Amma bu müddət ərzində heç bir şey baş vermirsə, bu, onu göstərir ki, vasitəçilər yenidən taym-aut götürmək, yenidən ermənilərin mövqeyini möhkəmlətmək, mövcud status-kvonu saxlamaq istəyirlər. Amma bu, Azərbaycan üçün qəbulolunmazıdır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, danışıqlar prosesi bir limitə söykənməlidir. Əgər torpaqlarımız qısa zaman ərzində azad olunmasa, biz həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq konvensiyalara görə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Buna kifayət qədər gücümüz və imkanımız var və bunu aprel döyüşləri zamanı, az da olsa, göstərdik. Ona görə də, məncə, prezidentin verdiyi bəyanat bütün ölkənin iradəsini ifadə edir.
Prezidentin bəyanatı səsləndirməsi ilə eyni gündə başlayan Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin bir gün cəbhədə hərbi əməliyyatlara çevrilməsi ehtimalına gəlincə, millət vəkili qeyd edib ki, ordumuz bu təlimlərsiz də düşməni məhv etməyə hər zaman hazırdır: “Hərbi təlimlər ordunu yoxlamaq və möhkəmlətmək olan tədbirlərdəndir və heç də mütləq şəkildə müharibəyə, hərbi əməliyyatlar fazasına keçmək üçün nəzərdə tutulmur. Bu təlimlər də ordunun hazırlığını artırmaq üçün plana uyğun növbəti addımlardan biridir. Amma Azərbaycan Ordusu aprel savaşında göstərdi ki, düşmənin hücumuna cəmi bir neçə saat ərzində çox güclü cavab verə bilər. Ordumuz bu cavabı vermək üçün zatən hər zaman döyüşə hazırdır və bunun üçün əlavə təlimə ehtiyac yoxdur.
Xatırladaq ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən deyib: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə – bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Qeyd edək ki, elə həmin gün Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb. Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.(milli.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xoşqədəm və faş olan gerçəklər…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: