Loading...
Loading...

Fəhmin Hacıyev: “Bu siyasətə qarşı barışmaz olduğum üçün mənə münasibət düşmən səviyyəsində olub”

24 saat.org Daxili Qoşunların sabiq komandanı, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyevlə müsahibəni təqdim edir


– Fəhmin bəy, hazırda siz hansı ölkənin vətəndaşısınız?

– Azərbaycan!. Vətəndaşlığımı dəyişmək fikrim yoxdur. Azərbaycan mənim varlığımdır, mahiyyətindir.

– Sizə, Azərbaycanı tərk edən siyasi mühacir demək olarmı, yoxsa, sadəcə olaraq çörək arxasınca getmişiniz?

– Ölkəni tərk etmənin bir necə səbəbləri ola bilər. Azərbaycanda ən çox yayılan forması siyasi, ictimai və iqtisadi dözümsüzlük şəraitinin uzun illər hökm sürməsidir. Vətəndaşların özlərini forma və məzmunundan asılı olmayaraq ifadə etmələrinə süni məhdudiyyətlər yaradıldıqda başqa ölkələrə üz tuturlar. Analiz göstərir ki, insanlar daha çox mütərəqqi ölkələrə üz tuturlar. Hüquq sisteminin və vətəndaş cəmiyyətini vəziyyəti Azərbaycanda pis olan ölkələrə demə olar ki, heç kim getmir. İnsanlarımız Avropa ölkələrinə, Türkiyəyə, Ukraynaya üz tutmasının əsas səbəbi bu ölkələrdə təməl hüquqlarına hörmətlə yanaşılacağına əmin olduqlarındandır. Mən də, bu insanlardan biriyəm.

– Son bildiyimiz də Ukraynada idiniz. Ancaq deyəsən indi Ukraynanın özündə vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə, şərqi Ukraynada yaşananlar, buranın rus əhalisinin tutduğu mövqe Rusiyanın işinə daha çox yarayıb. Hazırda Ukraynada real situasiya nədən ibarətdir-hakimiyyət dəyişikliyi gözlənilirmi?

– Ukraynadayam. Azərbaycanın rəsmi mətbuatının yazdığından fərqli olaraq Ukraynada vəziyyət o qədər də pis deyil. Krımın və şərqi Ukraynanın Rusiya vasitəsi ilə işğal edilməsi Ukraynanın digər hissəsinin Rus işğalından azad edilməsi kimi başa düşülməlidir. Bu ərazilərin azad olunması isə zaman məsələsidir. Demokratik ölkələrdə hakimiyyət dəyişikliyi daimi və davamlı olan proses olduğu üçün deyə bilərəm ki, Ukraynada bu proses uğurla gedir.

– Azərbaycanda hansı partiyanın üzvüsünüz və əgər partiya üzvlüyünüz yoxdursa, sizi bitərəf adlandırmaq olarmı?

– Azərbaycanda heç bir partiyanın üzvü deyiləm.

– Azərbaycan hakimiyyətinə münasibətiniz əvvəlki kimi, müxalifət yanaşmanız qalırmı?

– Necə yəni əvvəlki kimi? Azərbaycan hakimiyyət nümayəndələrinin əksəriyyətindən fərqli olaraq mən hakimiyyətə qarşı heç vaxt düşmən münasibətində olmamışam. Demokratik düşərgəyə aid olan əksəriyyət kimi mən də, hakimiyyətin yarıtmaz siyasətini tənqid etmişəm və antimilli və anti insani siyasətlərinə qarşı barışmaz olmuşam. Ona görə də mənə münasibətləri düşmənçilik səviyyəsində olub.

– Qarabağ problemi, işğal altında qalan torpaqlarımız artıq reallıqdır. Necə düşünürsünüz indiki hakim komanda bu problemi həll edəcəkmi?

– İnanıram ki, indiki hakimiyyətdə əksəriyyət Qarabağ problemini ədalətli həllini istəyir. Amma, nə yaziq ki, bu hakimiyyət uzun illər apardığı yanlış daxili və xarici siyasətin girovuna çevirilmişdir. Belə vəziyyətə hakimiyyətin manevr imkanları çox məhduddur.

– Prezidentlərin Sankt-Peterburq görüşünü necə şərh edirsiniz – pozitiv düşünmək üçün əsas varmı?

– Rusiyanın təşəbbüskarlığı ilə keçirilən heç bir görüşdən Azərbaycanın xeyrinə heç nə gözləmirəm. Bu, görüş də nəticəsiz olacağını düşünürəm. Təcrübədə bunu deyir.

– 4 iyun Gəncə qiyamı, 17 iyun prezident Elçibəyin Bakını tərk etməsi, 24 iyun prezidentin səlahiyyətlərinin əlindən alınması tarixidir. Bu ayda Elçibəyə qarşı ciddi hücumlar oldu, onu səriştəsizlikdə, qiyamı yatıra bilməməkdə, siyasi iradəsizlikdə və hətta Heydər Əliyevə işləməkdə, onu hakimiyyətə gətirməkdə belə ittiham etdilər. Bu məsələlərə sizin baxışınız nədən ibarətdir?

– Elçibəy böyük bir siyasi irsin təməlini qoymuş dahi Milli Liderdir. Onun zirvəsinə atılan daşlar ona dəyməz. Amma, bir çoxları kimi mənim də narazı olduğum, razılaşmadığım məqamlar olmuşdur. Dərindən təhlil etdikdə isə, biz komanda olaraq məğlub olmuşuq. Bu məğlubiyyətdə hamının payı var.

-Qiyamçı Sürət Hüseynov iddia edib ki, siz 1992-ci ildə Daxili Qoşunların komandanı olaraq əməliyyat zamanı BMP-2 üzərində olan pulemyotdan ermənilərə deyil, öz əsgərlərimizə güllə atmaq əmrini vermişiniz. Bu ciddi ittihamla bağlı nə deyə bilərsiniz?

– Bu cür sayıqlamaları fikir bildirməyi mənasız vaxt itkisi hesab edirəm. Daxili Qoşunların bütün şəxsi heyəti gözəl bilir ki, döyüş əməliyyatlarını birbaşa mən aparmırdım. Ümumiyyətlə, döyüş əməliyyatlarının hazırlanması və əməliyyatların keçirilməsinə müdafiə nazirinin əmrinə əsasən korpus və briqadaların komandan heyəti rəhbərlik edirdi. Daxili Qoşunlar isə bu əməliyyatlarda verilmiş konkret tapşırıqları icra edirdi.
Ancaq Sürət Hüseyinova tabe olan qüvvələr mövqeləri digər qüvvələrə təhvil vermədən müdafiə xəttini düşmənə buraxıb getdikdən sonra ermənilər hücuma keçərək bəzi yüksəklikləri ələ keçırmışdı. Daxili Qoşunlar isə yarımmühasirə vəziyyətinə düşmüşdü. Bu xəbəri alan kimi təcili olaraq Bakıdan döyüş bölgəsinə yollandım. Gecə Tərtərə çatdım. Ermənilər artıq Ağdərənin bəzi əhəmiyyətli yüksəkliklərinə nəzarət edirdilər. Buna baxmayaraq, maşınların işıqlarını södürərək ay işığinda Ağdərəyə girdik. Ağdərənin ətraf yüksəkləri ermənilərdə idi. Daxili Qoşunların alay komandiri olmuş Teymurovu rabitə maşınında özünü itirmiş formada tapdim. Sürət Hüseynov qoşunları geri çəkdikdən sonra Temurov qüvvə azlığından müqavimət göstərə bilmir. İtki verir və pərakəndəlik yaranırmış. Yalnız bundan sonra doyüş bölgəsində idarəetməni öz əlimə alıram. Səhər saat 11-12 radələrində bütün qüvvələrlə rabitə bərpa olunur. Qüvvələr cəmləşir və müdafiə xətti möhkəmləndirildi. Sürət Hüseyinov qüvvələri geri çəkən zaman Ağdam istiqamətində də vəziyyət gərginləşmişdi. Sağı və solu xəbərdarlıq edilmədən ərazilər boşaldılıdığından Daxili Qoşunların bir taboru mühasirəyə düşmüşdü. Ağdərə istiqamətində vəziyyətin nisbətən nəzarətə alınmasından sonra Fərrux istiqamətində əks-hücüm əməliyyatı keçirərək mühasirədə olan taboru çıxardıq. Müdafiə xətdini möhkəmləndirdikdən sonra Tərtər icra başçısının otağından Ali Baş komandana məruzə etdim.

– Sürət Hüseynovu bir hərbçi olaraq necə qiymətləndirirsiniz?

– Bu adam hələ də dərk etmir ki, komandan ayrılıqda bir atıçıya əmr vermə imkanına sahib deyil. Dəstə başı düşüncəsi ona bundan artığını dərk etməyə imkan vermir. Elə buna görə də o, alətə çevrildi.

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Lənkəran: oliqarx direktorunun şok – Korrupsiyası

%d bloqqer bunu bəyənir: