Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fəal gənclər mitinqöncəsi təzyiqə məruz qalıblar

”Rəis səviyyəsində məni də, mitinq təşkilatçılarını da söyürdülər”

Milli Şuranın 17 sentyabr mitinqindən öncə bir neçə fəal saxlanılıb və təzyiqlərə məruz qalıb. Meydan TV saxlanılan və təzyiqə məruz qalanlarla, onların yaxınları ilə əlaqə saxlayıb.

Məsud Əsgər: “Jim” etməyə məcbur edirdilər

NİDA Vətəndaş Hərəkatının koordinatoru Məsud Əsgər sentyabrın 15-dən polis  nəzarətinə götürülüb. Bu barədə Meydan TV-yə danışan Məsud Əsgər bildirib ki, sentyabrın 15-də sahə müvəkkili evlərinə gələndə, o, evdə olmayıb: “Həmin günü axşam yenə gəlib, yenə evdə olmamışam.Bundan sonra zəng edib bölməyə gəlməyimi tapşırdı, rəis və müavininin mənimlə görüşmək istədiyimi söylədi. Cavab verdim ki, axşam saat 11-də gələ bilərəm, həmin vaxt zəng edəndə isə səhər saat 9-da gəlməyimi istədi. Sentyabrın 16-da səhər saat 9-da bölməyə getdim, axşama qədər saxladılar və sonra buraxdılar. Ancaq sentyabrın 17-də yenə çağırıb mitinqin sonuna qədər saxladılar”.

Məsud Əsgər
Məsud Əsgər. Fotoqraf:: sosial şəbəkə

Bölmədə ona mitinqə getdiyinə görə saxlandığını bildiriblər: “Saxlanmağımı sentyabrın 11-də mitinqdə iştirakımla əlaqələndirirdilər.  Açıq şəkildə təhqirlərlə, söyüşlərlə deyirdilər ki, aksiyaya çıxmaq olmaz. Rəis səviyyəsində məni də, mitinq təşkilatçılarını da söyürdülər. Fiziki təzyiqə gəlincə, “jim” etməyə məcbur edirdilər. Amma etiraz edəndə, zarafat etdiklərini deyib,”sadəcə, mitinqə çıxma”- söylədilər”.

O, qanunsuz saxlandığı üçün məhkəməyə müraciət edəcəyini bildirib: “Vəkilim Fariz Namazlı ilə məsələni müzakirə edəcəyik”.

Toğrul İbrahim
Toğrul İbrahim.

Plakata görə həbs

AXCP Gənclər Komitəsinin üzvü Toğrul İbrahim mitinq günü – 17 sentyabrda həbs olunub. Onu “Məhsul” stadionuna təbliğat plakatı keçirmək istəyərkən həbs ediblər.

Bu barədə Meydan TV-yə onun qardaşı Turan İbrahim deyib.

Toğrul İbrahim sentyabrın 19-da Yasamal Rayon Məhkəməsinin qərarı ilə 8 sutka azadlıqdan məhrum edildi. Turan İbrahim deyir ki, qardaşı ilə əlaqə saxlayıb, onun vəziyyəti normaldır.

Onların atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim hazırda həbsdədir.

Əli Zeynal
Əli Zeynal.

Saçımı qırxdılar

NİDA üzvü Əli Zeynalov da 17 sentyabr mitinqindən 1 gün əvvəl sahə müvəkkili tərəfindən çağırılıb. Ona Hərbi Komisarlıqda problem olduğundan polisə dəvət olunduğunu deyiblər: “Sonra Yasamal rayon 29-cu polis bölməsindən gəlib bölməyə apardılar, izahat yazdırdılar, gecə saatlarına qədər saxladılar və səhər təkrar gəlməyimi istədilər. Mitinq günü səhər saat 9-da getdim, mitinq bitən kimi buraxdılar. Xüsusi bir təzyiq olmadı, saçımı qırxdılar, səbəb kimi də 15 sutka inzibati cəza alacağımı göstərdilər. Mən dərsdən qaldığımı və buna görə arayış istədiyimi söyləmişdim, rəis arayış verəcəyini vəd edib, görək, nə olacaq”.

Əli Zeynalov polislərdən nəyə görə saxlandığını sual etsə də, “özün bilirsən” cavabını alıb. O, məhkəməyə müraciət edəcəyini deyir.

Məcid Mərcanlı
Məcid Mərcanlı.

Toydan bir gün əvvəl həbs təhlükəsi

NİDA İdarə Heyətinin üzvü Məcid Mərcanlı isə sentyabrın 15-də, toyundan 1 gün öncə həbs təhlükəsi ilə üzləşib: “Dostlarla oturmuşduq, evdən zəng etdilər ki, polislər hərbi xidmət adıyla səni axtarırlar. Artıq həmin ərəfədə dostlarımızın saxlandığı barədə məlumatlar alanda, nə üçün axtarıldığımı anladım. Sonra sahə müvəkkili zəng etdi ki, gəl, səni çox saxlamayacağıq, cavab verdim ki, sabah toyumdur, vaxtım yoxdur. Toydan sonra ünvanımı və telefonumun nömrəsini bilirsiniz, nə vaxt istəsəniz, gələ bilərəm. Ardınca Yasamal Rayon Polis İdarəsindən bir nəfər zəng edib dedi ki, tez gəl, elə etmə ki, səni sabah toydan aparaq. Dedim ki, əgər istəyirsiniz, sabah gəlin aparın, amma bu gün gəlməyəcəm. Bundan sonra üçüncü zəng gəldi, bu dəfə bir az mülayim danışdı, gəlməyimi istədi, rəisin görüşmək istədiyini, yuxarıdan tapşırıq olduğunu və 1-2 saatlıq söhbət olacağını dedi. Mən özümü riskə atmadım, çünki buraxıb-buraxmayacaqlarını bilmirdim, ona görə getmədim”.

Məcid Mərcanlı toyu günü də dəfələrlə ona zəng olunduğunu dedi. Amma telefonu açmayıb: “Hətta şadlıq evinin ətrafına yığışmışdılar, ona görə toydan tez çıxmalı olduq. Sentyabrın 17-də yaşadığım binanın qarşısına gəlib-gedirmişlər, açıq şəkildə maşından mənzilimizin izlənildiyi sezilirdi. Hazırda elə bir təzyiq yoxdur, çox güman ki, 17-18 sentyabr mitinqlərinə görə imiş” .

Karikatura Gündüz Ağayevə məxsusdur
Karikatura Gündüz Ağayevə məxsusdur.

 

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

BMT məruzəçisi İlqar Məmmədovla görüşüb

%d bloqqer bunu bəyənir: