Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Evliliyə əngəl yaradan həbsxana ölkəsi

Səadət Cahangir

Deyəsən, doğrudan da, biz necə böyük tarix yaşadığımızın fərqində deyilik.

Bu qədər basqıya, repressiyaya, məhrumiyyətə dirənib, diktatura krallığına meydan oxuyan insanların çevrəsində yaşayırıq. Onlar yad adamlar da deyil, bizim dostlarımız, əqidədaşlarımız, yol yoldaşlarımızdır. Biz bir yerdə, bir sırada, bir yoldayıq. Illərdir eyni idealların arxasınca gedir, eyni ağrı-acıları paylaşırıq. Bölüşdüyümüz o qədər şeylər var ki, bir gün xatirə kitabımızı vərəqləyəndə, baxacağıq ki, yaşadığımız tarixin önəmli parçası ancaq o insanlarla bağlıdır. Biz ölkəmizin müstəqilliyi uğrunda başlanan bu davada çox şeylər yaşadıq. Həm kədərli, həm sevincli anları var böyük tarixin. Bu gün o tarix səhifəsinə daha bir unudulmaz gün yazıldı. Qələm dostumuz, siyasi məhbus Seymur Həzi, hamımızın sevimlisi, keçmiş siyasi məhbus Nigar Yaqublu ilə ailə qurmağa qərar verdi. Seymur və Nigar bununla gözəl ölkəmizi qaranlıqda boğmaq istəyənlərə meydan oxudular. Bu həm də onun mesajı idi ki, heç bir totalitar düşüncə sevgi və azadlığın qarşısına sədd çəkə bilməz, o, hökmən qalib gələcək! Amma bu mənəviyyatı çürümüş hökumətin “baş qərargahından” nə göstəriş gəldi? Göstəriş gəldi ki, o “xalq düşmənləri”nin nikahını qıymayın. “Asan xidmət” Ədliyyə Nazirliyinə istinad edərək deyib ki, icazə vermirlər, sonra da açıqlama gəlir ki, vaxtınız sabahdır. Əslində, təəccüblənəcək bir şey yox. Bunlar 23 ildə hansı mənəviyyatsızlığı etmədilər ki, bunu da etməsinlər? Iki il əvvəl bənzər şeyi AXCP sədri Əli Kərimlinin baldızının toyunda da etməmişdilərmi? Qızın xaricdə yaşayan nişanlısının toy ərəfəsində ölkəyə gəlişinə əngəl törətməmişdilərmi?

Çətin anlasınlar, amma 23 ildir ölkəni cəngəllik qanunları ilə idarə edənlər üçün bir xatırlatma… Bənzər hadisə 3 il əvvəl Türkiyədə “Ergenekon” həbsləri yaşananda da baş vermişdi. “Ergenekon” davasında 16,5 il həbs cəzası alan leytenant rütbəli Mehmet Əli Çələbi də həbsxanada sevdiyi Kezban Merey ilə evlənmişdi. Çələbinin nikahına CHP başkanı Kamal Kılıçdaroğlu şahidlik etmişdi. Maraqlısı budur ki, tibb bacısı olaraq çalışan və ixtisası ilə bağlı doktorluq dissertasiyası yazan Kezban Merey Mehmet Əli ilə məhkəmədə tanış olmuşdu. “Ergenekon” davasında baş verənləri, xüsusən Mustafa Balbayın işini izləmək üçün ardıcıl olaraq məhkəməyə gələn Kezban tanışlıqdan sonra həbsxanada Mehmet Əli ilə məktublaşmağa başlamışdı. Bu məktublaşma sonradan böyük bir eşq hekayəsinə çevrilmiş və onlar həbsxanada evlənmişdilər. 2011-ci ilin 20 may tarixində 41 aydan sonra isə “terrorçu” ittihamı sübut olunmadığına görə, Mehmet Əli azad edilmişdi. O zaman Kezban yazırdı ki: “Bu nöqtədə taleyə inanıram. Bizi vətənə olan sevgimiz birləşdirdi. Ona dedim ki, sən dörd divar arasında olsan da, çöldə tanıdığım bir çox adamdan daha çox azadsan…” Xatırlatma üçün onu da deyim ki, Mehmet Əli Türkiyədəki son çevriliş hadisələrində oxuduğu hərbi məktəblə bağlı önəmli açıqlamalar verən şəxslərdən biridir. Həmin məktəbdə Gülənçilərin hərbçilərə necə işgəncə verdiyi, imtahan suallarının oğurlandığını necə üzə çıxardıqları, bununla bağlı şikayət etsələr də, heç bir ölçü götürülməməsi kimi məlumatlar mətbuatda böyük səs-səda doğurmuşdu.

Bir insanın evlilik istəyinə əngəl törətmək ən ibtidai düşüncənin məhsuludur, əlbəttə ki. Seymurun yaxın zamanda həbsxanadan çıxacağı şəksizdir. Yaxın tarix kimin kimi sorğulayacağını da göstərəcək hələ. Amma indilik, heç olmasa, qonum-qonşuya baxıb, bəzi normal şeyləri öyrənin. Heç olmasa, insanların qəlbindəki sevgi və azadlıq duyğularına hökm etməyin imkansız olduğunu öyrənin!

azadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

MÜSİAD-ın Bakı nümayəndəliyi: 15 iyul Türkiyədə demokratiyanın qalib gəldiyi milli iradə günüdür

%d bloqqer bunu bəyənir: