Loading...
Loading...

“Ermənistanın pozucu mövqeyi səbəbindən…” -Oqtay Əsədov

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günədək göstərilmiş səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi səbəbindən nəticə verməyib.

Bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov AŞPA-ya üzv ölkələrin parlament sədrləri və prezidentlərinin Avropa sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu 25 ilə yaxındır Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Spiker qeyd edib ki, həmin ərazilərdə işğalçılar etnik təmizləmə siyasətini həyata keçiriblər: “Bir milyona yaxın dinc əhali yurdlarından qovulub və didərgin salınıb. Bu münaqişənin mövcudluğu tək region deyil, bütün dünyada sülh və sabitliyə təhdiddir. Bu ilin aprel ayında cəbhədə baş verən hadisələr bunu bir daha sübut etdi. Həmin vaxt Ermənistan növbəti təxribata əl atdı. Azərbaycan ordusu və sərhəd zonasında yaşayan dinc əhali silahlı hücuma məruz qaldı. Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab atəşi açmalı oldu. Bu hadisə çoxsaylı itkilərə səbəb oldu. Dünya artıq etnik separatizmin və başqa ölkənin ərazisinə göz dikilməsinin nə dərəcədə təhlükəli olduğunu qəbul etməlidir. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır”.
Parlament spikeri qeyd edib ki, dünyada beynəlxalq hüququn yerini güc hüququ tutur: “Parlamentarilər bununla mübarizə aparmalıdır”.
O. Əsədov müxtəlif xalq və millətlərin nümayəndələrinin Azərbaycanda həmişə sülh şəraitində yaşadığını bildirib: “Azərbaycanda multikulturalizm dəyərləri dövlət səviyyəsində tanınır. Ölkəmizdə məscid, kilsə və sinaqoqun qapıları həmişə açıqdır. İnsanların dini ayinlərini sərbəst icra etməsi üçün imkan var. Azərbaycandakı dini rəhbərlər ölkənin taleyüklü məsələlərində həmişə eyni mövqedən çıxış edirlər”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.(apa)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dörd şəxs vəzifədən qovuldu – Hərbi zavodda partlayış

Loading...
%d bloqqer bunu bəyənir: