Loading...
Loading...

Erməni jurnalistlər Şuşada dilənən ermənilər barədə çarx hazırlayıb

Şuşada iş olmadığından şəhərdə yaşayan az sayda erməni uşaqlarını dilənməyə məcbur edir.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalistlər tərəfindən bu yaxınlarda hazırlanaraq sosial şəbəkəyə yerləşdirilmiş video çarxda bildirilir.

Şuşada doğulmuş və hələ də burada yaşayan çoxuşaqlı ana Lida Kazaryan bunu işsizliklə əlaqələndirir: “İş yoxdur, buna görə hamı dilənçilik etməyə məcburdur. Kimi soruşursan, dilənçilik edir”.

Şuşa Azərbaycanın nəzarəti altında olanda Lida Kazaryan dərzi işləyib. İndi işsizdir. Əri isə İrəvana qazanc dalınca gedib. Təkbaşına qalmış qadın uşaqlarını güclə dolandırır: “İstəmirəm ki, mənim uşaqlarım dilənçilik etsin. Məndən ötrü bu, biabırçılıqdır. Mənə deyirlər ki, Lida, sən necə bir qadın idin. İndi gör, sənin uşağın nə ilə məşğuldur, adamlardan pul istəyirlər? Bəs nə edim? Uşaqlar bununla yaşayırlar”.

Lida Kazaryana valideynlərindən qalmış ata evinin təmirə ehtiyacı var, amma işğal rejiminin hakimiyyət təmsilçiləri həmin evin təmirinə pul ayırmırlar.  Buna görə də Lida Kazaryan tezliklə Şuşadan gedəcəyini deyir: “Mən Şuşada yaşamaq istəyirəm. Amma iş belə gətirib ki, burda yaşamaq mümkün deyil. Buna görə, getməyə məcburam”.

Lida Kazaryanın işğal düvründə xarabaya çevrilmiş evi

Lida Kazaryanın işğal düvründə xarabaya çevrilmiş evi

Lida Kazaryan Azərbaycanın işğal altında qalmış bu muxtar vilayətini tərk etmiş on minlərlə ermənidən biridir. Onlar Xankəndidə fəaliyyət göstərən işğal rejiminin günahı üzündən getdiklərini deyirlər.  Lakin bunun əvəzinə Xankəndi rejimi Azərbaycanın işğal edilmiş ərazilərinə suriyalı qaçqın erməniləri yerləşdirmək üçün xərc çəkir. Özü də Suriya ermənilərin Dağlıq Qarabağ muxtar vilayətindən kənar rayonlara yerləşdirilir.

Suriyadan Ermənistana minə yaxın erməni gəlib və bunlardan 100-dən artığı Qarabağa yerləşdirilib. Suriya erməniləri üçün işğal rejimi Qarabağın Zəngilan şəhərində köhnə iki mərtəbəli binanı təmir edirlər. Orada 12 suriyalı ailənin yerləşdirilməsi düşünülür.  Ümumiyətlə Zəngilanda 24 suriyalı erməni ailəsi yerləşdirilib. Laçın şəhərində isə 7 suriyalı erməni ailəsi məskunlaşdırılıb.

Videoçarxdan aydın görünür ki, Xankəndidəki işğal rejiminin təmsilçiləri Suriya qaçqınlarının yerləşdirilməsinə korrupsiya vasitəsi kimi baxırlar. Bu çərçivədə Zəngilanda və Laçında sovet illərində tikilmiş binalar yeni tikilən kimi rəsmiləşdirilir. Yalnız kosmetik təmirə pul xərclənir, ayrılan vəsaitin əsas hissəsi mənimsənir. Suriya qaçqınlarının Dağlıq Qarabağdan kənar rayonlara yerləşdirilməsi göstərir ki, Xankəndi rejimi onların Dağlıq Qarabağda qalacağına ümid etmirlər.  Onlara verilən mənzillərə heç bir mülkiyyət hüququ təqdim etmirlər, bu məsələyə 10 ildən sonra baxılacağını deyirlər.

Elə Suriya erməniləri də buna inanmırlar. Onlara işğal edilmiş rayonlarda 1 hektara yaxın yer, Ermənistan pasportu və s. versələr də onlar tezliklə Qarabağı tərk edəcəklərini deyirlər.

Beləliklə, bir il qabaq Qarabağa köçmüş, sonra da oranı tərk etmiş rus iş adamı German Sterliqovun dedikləri çin çıxacaq və Azərbaycan ordusu Dağlıq Qarabağa girəndə orda adam qalmayacaq. Əslində, Ermənistanda baş verənləri nəzərə aldıqda bu vəziyyətin orda da təkrarlana biləcəyini güman etmək olar. Artıq Ermənistanın 800 kəndindən 300-ə yaxınında yalnız icra nümayəndəliyinin işçilərinin ailələri qalıb. Qalan kəndlərdə isə əsasən qadınlar və yaşlı kişilər qalıb. Yəni yaxın 10-15 ilə həmin kəndlərin də boşalacağını ehtimal etmək olar.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

10-dan çox kənddə qaz, işıq kəsilib

Loading...
%d bloqqer bunu bəyənir: