Erməni yazıçı Bakıya gəldi – FOTOLAR

Erməni publisisti, Mühacir Yazıçılar Birliyinin həmtəsisçisi Vahe Avetyan növbəti dəfə Bakıya gəlib. Bu barədə xəbəri musavat.com-a Bakı Hava Limanında Vahe Avetyanı görən mənbə çatdırıb. 

Eyni zamanda Vahe Avetyanın özü də Bakıya səfər etdiyini təsdiqləyib. O, bu barədə özünün facebook səhifəsində yazıb: “Bakıdan salamlar”. Bakı aeroportunda olarkən Avetyan Azərbaycanı öz dilimizdə salamlamağa çalışıb: “As Salam Aleykum Azerbajdzjan!”
Xatırladaq ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V.Avetyan bundan əvvəl Bakıya oktyabrda gəlmişdi. Lakin vizasız gəldiyindən erməni hüquq müdafiəçisi ölkəmizə buraxılmamışdı. Hava limanında iki gün Azərbaycana giriş icazəsi gözlədikdən sonra məqsədinə nail ola bilməyən V.Avetyan oktyabrın 11-də Frankfurta qayıdacağını demişdi. Ancaq sonradan onun “səsi” Ukrayna paytaxtından gəldi.
V.Avetyan mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu da bildirmişdi. Erməni publisist Asekose.am saytına müsahibəsində giriş izni verilməməsinə görə üzülmədiyini bildirmişdi: “Əgər mənə Bakıya giriş izni versəydilər, Xocalı soyqırımı qurbanlarının abidəsi önünə çiçək qoyacaqdım. O zaman bunu heç kəs bilməyəcəkdisə, indi hər iki ölkə bundan xəbərdardır”.
V.Avetyan Azərbaycanı özünə düşmən saymadığını da demişdi. “Potensial və təbii müttəfiq” fikrinə görə Ermənistanda “vətən xaini” sayılan, özünü siyasi mühacir hesab edən Vahe Avetyan “Heç zaman Azərbaycanı düşmən hesab etməmişəm” deməkdən də çəkinməyib. 
“Son iki gün ərzində mənimlə olan hər kəsə təşəkkür edirəm. İki günə minlərlə məktub aldım. Sülhə dəstək verən bütün azərbaycanlılara və ermənilərə minnətdaram. Hesab edirsinizsə ki, bir adam azca da olsa tarixi sülh istiqamətində dəyişə bilər, tənbəllik etməyin, yalnız FB istehlakçısı kimi qalmayın. Özünüzün, azacıq da olsa, sülh prosesinə payınızı verin”. Bunu isə Avetyan Kiyevə dönəndən sonra özünün Facebook səhifəsində yazmışdı.
Bazar günü olduğundan rəsmi qurumlarla əlaqə saxlayıb V.Avetyanın taleyi ilə maraqlana bilmədik. Mövzuya qayıdacağıq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Şərurlu İsfəndiyar” Akif Çovdarovun işi üzrə dindirilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: