Erməni icmalçı:“Bordyuja erməniləri dilxor etdi” – Təhlil


Akop Bədəlyan

Lragir.am, 09.01.2017

 

Ötən il dekabrın 29-da Ermənistanın Tavuş rayonu Çinari kəndi istiqamətində üç erməni hərbçisinin həlak olduğu Azərbaycan təxribatından sonra (Azərbaycan MN-nin məlumatına görə, sözügedən təxribatı Ermənistan SQ törədib-tərc.) KTMT-nin o zamankı baş katibi Nikolay Bordyuja gözlənilmədən operativ şəkidə reaksiya vermişdi. Özü də təkcə operativlik deyil, bəyanatın daha çox məzmunu gözlənilməz idi – orada açıq-aşkar “Dağlıq Qarabağ Respublikası” yazılmışdı. Bu, Ermənistan cəmiyyətində, az qala, eyforiya doğurmuşdu – bizə elə gəlirdi ki, KTMT Qarabağın müstəqilliyini tanıyıb. Amma eyforiya çox çəkmədi. Bir-iki gündən sonra xəbər yayıldı ki, KTMT baş katibi postunda Bordyujanı müavini Valeri Semerikov əvəz edəcək. “Dağlıq Qarabağ Respublikası” ifadəsinə görə Rusiya XİN şərhlə çıxış edərək bildirdi ki, KTMT-yə üzv ölkələrin Qarabağ problemi üzrə mövqeyi KTMT-nin 2016-cı ilin oktyabrında İrəvan sammitinin yekun bəyanatında ifadə olunub. Təbii ki, orada Qarabağ Respublikasının adı çəkilməyib.

KTMT-yə üzv ölkələrin hərbi-siyasi planda Ermənistandansa blok üzvü olmayan Azərbaycanla daha çox bağlı olduğu nəzərə alınsa, Rusiyanın reaksiyası təəccüb doğurmur.

Beləliklə, eyforiyanı xəyal sarsıntısı əvəz etdi – Bordyuja  nəinki KTMT-də dəstək tapdı, həm də vəzifəsindən oldu.

Bu, dərhal bir neçə yöndə maraq doğurur. Nikolay Bordjuanın KTMT baş katibi postundakı müddəti 2015-ci ilin axırında başa çatıb və rotasiya qaydasında bu posta Ermənistan təmsilçisini təyin etməliydilər. Amma Bordjuanın vaxtını iki dəfə, özü də anlaşılmaz əsasla uzadıblar. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan noyabrda bildirib ki, Ermənistandan namizəd məsələsi üzrə konsensus alınmayıb, ancaq Ermənistan dekabrın 26-da Sankt-Peterburq sammitində öz namizədini müdafiə edəcək. Lakin o zaman da məsələni aprelədək təxirə salmağı qət ediblər.

Aydın olur ki, təkcə Ermənistan təmsilçisinin təyinatı deyil, həm də ümumən rotasiya qaydasının məqsədəuyğunluğu sual altındadır. Və dərhal məlumat gəlib ki, Bordyujanı yanvarın 1-dən müavini əvəz edəcək. Lakin ideya üzrə Bordyujanın səlahiyyətlərini 2017-ci ilin aprelinə qədər uzada bilərdilər. Yəni Bordyujanın uzaqlaşdırılma səbəbi onun  işlətdiyi “Dağlıq Qarabağ Respublikası” ola bilərdi.

Bordyujanın bəyanatı KTMT-yə üzv ölkələrdə xeyli suallar doğurub və istisna deyil ki, buna səbəb Azərbaycanın KTMT-dəki tərəfdaşlarının mövqeyi ilə bağlı narazılığı olub. Digər tərəfdən, məgər təcrübəli Bordyuja öz vahimə və riskinə rəğmən bu cür bəyanat verə bilərdimi? İstisna olunmur ki, Bordyuja da bu durumda Ermənistan kimi qurbandır. Təsadüfi deyil ki, bu cür bəyanat vermək “hüququ” məhz ona verilmişdi – Ermənistanı “ovutmaq” üçün “Dağlıq Qarabağ Respublikası” sözünü tələffüz edir, lakin Azərbaycan “təsəlli” üçün onu dərhal da işdən azad edirlər.

Diqqət çəkəndir ki, texniki səbəblər üzündən bağlanmış KTMT saytı rekonstruksiya edildikdən sonra bu bəyanatın orada hansı formada dərc ediləcəyi məlum deyil. Əlbəttə, bu, heç nəyi dəyişmir, çünki bəyanatdan bir-iki gün sonra işdən azad edilmə artıq bildirir ki, bəyanat necə qəbul edilib.

Bu arada Ermənistan cəmiyyəti, demək olar, fikir vermədi ki, Ermənistana münasibətdə Azərbaycanın təcavüzü haqda xatırladılmayıb, Ermənistan dövlərt sərhədinin pozulmasından danışılmayıb, vur-tut KTMT-yə üzv ölkənin vətəndaşlarının həlakı münasibətilə bağsağlığı ifadə olunub. Yəni “dövlət sərhədi” ifadəsi “üzv ölkənin ərazisi” ilə əvəzlənib və bu, statusun de-fakto aşağı salınması və anlayışların dəyişdirilməsidir. Söhbət dövlət sərhədinin pozulmasından və nəticə etibarilə təcavüzkarlıq cəhdindən gedirsə, “üzv ölkənin ərazisinə fitnəkarlıq” nə deməkdir?

Bu isə sözgedən dövlətin üzv olduğu blokun uyğun reaksiyasını tələb edir.

Beləliklə, növbəti dəfə aydın olur ki, KTMT-nin Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur və Rusiyaya lazım olduğu üçün blokun üzvüdür.

 

Tərcümə Strateq.az-ındır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İŞİD və Talibanın bir-birlərinə cihadı :Narkotrafik uğrunda savaş

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: