Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erkin Qədirli: “Əgər müxalifət kobud səhv etməsə və ya bölgədə müharibə çıxmasa…”

Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirlinin 24saat.org saytına verdiyi müsahibəni təqdim edirik.

– Erkin bəy İlqar Məmmədovun təkrar seçkilərdə namizədliyini MSK qəbul etmədi. Bundan sonra hansı addım atacaqsınız?

– İş hazırda məhkəmədədir. Apelyasiya Məhkəməsi bizim iddianı təmin etmədi, işi göndərdi Ali Məhkəməyə.

– Ali Məhkəmədən müsbət yanaşma gözləyirsiniz?

– Yox. Hər hansı bir müsbət qərar ola bilməz. Odur ki, məsələnin hüquqi tərəfini çox mübahisələndirmirəm. Çünki hər şey aydındır. Ortada İlqar Məmmədovla bağlı hökm var. Bu hökmün ədalətsiz və qanunsuz olması başqa məsələdir. Lakin seçki komissiyaları hökmün ədalətli olub-olmadığını müəyyən edən orqan deyil. Onlar hökmə fakt kimi baxır. Fakt da odur ki, hökm var və qanunda deyir ki, barəsində hökm olan şəxs seçkilərdə iştirak edə bilməz. Odur ki, MSK bu faktı əlində əsas tutaraq İlqar Məmmədovun təkrar seçkilərdə iştirakının qarşısını aldı. Onlar bu faktı sırf seçki qanunvericiliyi mənasında mübahisələndirirlər. Biz də buna qarşılıq olaraq məhkəməyə müraciət edirik. Çünki buna siyasi proses olaraq baxırıq. Nəzərə alın ki, Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarda qeyd edilir ki, İlqar Məmmədovu həbs etməklə onun seçkilərdə iştirakını əngəlləmək, susdurmaq məqsədi güdülüb. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun həbsini, seçkilərlə və siyasi mövqeyi ilə əlaqələndirib. Odur ki, indi baş verənlər siyasi bir çəkişmədir və biz bu məntiqi davam etdiririk və göstərir ki, bu seçkilərə də, İlqar Məmmədovu buraxmamaq üçün hökm verdilər. Məna budur.

– Siz özünüz hüquqşünassınız və deyirsiniz ki, MSK faktı əsas götürür. Bunu bilə-bilə İlqar Məmmədovun namizədliyini niyə irəli sürdünüz?

– İlqar Məmmədovun namizədliyini irəli sürəndə onun barəsində hökm yox idi. Hətta Dairə Seçki Komissiyası bizim üzvlərimizə imza vərəqələri də vermişdi. Bizdə düşünürdük ki, imzaları toplayıb Məmmədovun rəsmən namizəd kimi qeydə alınmasına nail ola biləcəyik. Ancaq sonradan hökm çıxdı və MSK ilkin qeydiyyatı ləğv etdi.

– Bəs niyə təkrar seçkilərdə siz, Natiq Cəfərli və digərlərinin deyil, həbsdə olan sədrinizin namizədliyini irəli sürdünüz?

– Biz namizəd olmaq istəmirdik. İlqar Məmmədovun məhkəmə prosesi gedirdi. Çünki köhnə qərarı Ali Məhkəmə ləğv etmişdi və yeni proses gedirdi, Məmmədov da təqsirləndirilən şəxs idi. O da vətəndaş kimi seçkilərdə namizədliyini verdi. Bu siyasi proses idi.

– Sizi müxalifət düşərgəsinin təkrar seçkilərə münasibəti qane etdimi?

– Mən başqalarının seçkilərə münasibətini şərh edə bilmərəm. Bizim başımız partiya işlərinə qarışıb, çünki yeni partiya qururuq. Seçkilər isə konkret bir dairədə baş verən prosesdir və orada sədrimizin namizəd olmasını istədik. Digər partiyalar bizi maraqlandırmır.

– Sizcə, müxalifət düşərgəsinin bütövlükdə təkrar seçkilərdə namizəd irəli sürməməsi, pessimist xarakterdə olması, seçkilərə maraq göstərməməsi narahatlıq yaratmırmı?

– Əgər, siz bunu ümumi proses kimi götürürsünüzsə, gəlin razılaşaq ki, ölkədə seçki yoxdur. Olana isə seçki demək mümkün deyil. Normal seçki prosesi yoxdur, media açıq deyil, toplaşama və ifadə azadlığı məhdudlaşdırılıb. Ümumi və geniş mənada bu belədir. Ancaq konkret partiyaların niyə təkrar seçkilərdə iştirak etməməsini mən qiymətləndirə bilmərəm. Bu həmin partiyaların daxili işidir.

– Son zamanlar qardaş Türkiyə hakimiyyətində də maraqlı proseslər müşahidə olunur. Sizcə, bu dost ölkənin siyasi elitasında hansı proseslər baş verir?

– Türkiyədə yaşananlar sadəcə olaraq sistem böhranıdır. Ərdoğan prezident oldu, lakin konstitusiyanı dəyişib başqanlıq sisteminə keçidi reallaşdıra bilmədi. Ərdoğan indi prezidentdir, amma özünün səlahiyyəti yoxdur. Heç bir işə özünün təşəbbüsü ilə baxa bilmir. Siyasi partiyanın üzvü belə deyil. Lakin Ədalət və İnkişaf Partiyasına nəzarəti, şəxsi iddiaları qalır. Ancaq Ərdoğan parlamentli respublikalı quruluşda prezident olmaq üçün seçkilərə qatılmadı. O, prezidentli respublika üsul-idarəsini qurmaq məqsədilə prezident olub. Ancaq bunu həyata keçirə bilmədi. Odur ki, indiki mərhələdə Ərdoğan ortalıqda qalıb, bütün rəsmi səlahiyyətlər Baş nazir kimi Davudoğlunun əlində cəmləşib. Ancaq hakim partiyanın içərisində yaranan qarşıdurma nəticəsində Davudoğlu istefa verməli oldu. Bunun da, səbəbi Ərdoğanla Davudoğlu arasında şəxsi münasibətlərdə deyil, sistem böhranındadır.

– Demək istəyirsiniz ki, baş nazir Davudoğlu konstitusiya ilə onda olan səlahiyyətlərdən müstəqil fiqur kimi istifadə etmək istədi, lakin Ərdoğan buna imkan vermədi?

– Davudoğlu ölkəni təkbaşına idarə eləmir. Sadəcə olaraq o, bərabərlər arasında birinci şəxsdir. Nazirlər Kabineti partiya üzvlərindən ibarətdir. Burada isə Ərdoğanın nüfuzu kifayət qədərdir. Bu da Davudoğlu üçün problem yaratdı.

– Bu prosesin sonu necə olacaq, Türkiyədə çalxalanma müşahidə ediləcəkmi?

– Mən prezident Ərdoğan üçün yaxşı heç nə görmürəm. Başqanlıq sisteminə keçid cəhdi strateji baxımdan yanlış qərar idi. Ona görə, bu böhran yaxşı heç nə vəd etmir.

– Ancaq prezident Ərdoğan prezidentli respublika quruluşuna keçiddən imtina etməyib…

– Ərdoğan başqanlıq sisteminə keçə bilməyəcək. Fikrimcə, Ərdoğanın siyasi nüfuzu maksimum həddə çoxdan çatıb və hazırda eniş mərhələsindədir. Xüsusilə, Davudoğlunun istefa verəcəyi bəlli olduqdan sonra partiya daxilində də fərqli fikirlər yaranıb. Məncə, Ərdoğan nə bacarıbsa buna qədər edib. Buna qədər edə bilmədiklərini bundan sonra edə bilməyəcək.

– Düşünürsünüz ki, növbəti seçkilərdə Ərdoğan qalib olmayacaq?

– Əgər müxalifət kobud səhv etməsə və ya bölgədə müharibə çıxmasa, nəsə böyük bir hadisə olmalıdır ki, AKP toparlanıb seçkiləri böyük səs çoxluğu ilə uda bilsin.

– Cəbhə bölgəsində son bir ay çox gərgin keçib. Hazırda münaqişəyə dair danışıqların növbəti raundu gözlənilir. Siz vəziyyəti necə
qoymətləndirirsiniz?

– Mən Dağlıq Qarabağla bağlı danışıqlara inanmıram. İndiyə qədər tərəflər ən yüksək səviyyədə yüz dəfədən çox bir araya gəliblər. Bu danışıqların sonu görünmür. Yəni bu danışıqlarla düzələn iş deyil.

– Müharibə variantını irəli sürürsüznüz?

– Bunun adını nə qoyursunuzsa, qoyun. Güc tətbiq etmək Azərbaycanın haqqıdır. Bizim ərazimiz işğal edilib. Beynəlxalq hüquq Azərbaycana müdafiə haqqı və ərazisinin bütövlüyünü təmin etmək üçün güc faktorundan istifadə hüququnu verir. Bu gücdən hər an istifadə etmək olar.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

ELÇİBƏY QATİLLƏRİ – SON YAZI

%d bloqqer bunu bəyənir: