Elxan Mehdiyev: “ İŞİD-in hədəfi olması Azərbaycan üçün ciddi təhlükədir”


24saat.org Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevlə müsahibəni təqdim edir.

– İraq Şam İslam Dövləti (İŞİD) adlı qurumun hücum edəcəyi dövlətlər siyahısında Azərbaycanda yer alıb. Bunu necə qiymətləndirirsiniz?

– İlk öncə nəzərə almağımız lazımdır ki, İŞİD adlı terrorçu birləşmə müasir texnologiyadan istifadə edir. Siz təsəvvür edin ki, onlar bəlkə də, dünyada ən çox texnologiyadan, sosial mediadan istifadə edən terror qurumudur. Bu baxımdan onların fiziki cəhətdən emissarlarının Azərbaycanda olmasına ehtiyac yoxdur. Onlar bu işləri artıq elektron media, müasir texnologiya vasitəsilə edir, öz dayaq dəstələrini bütün ölkələrdə qururlar. O cümlədən mətbuatın yaydığı xəbərlərə görə, Azərbaycanın çoxlu sayda vətəndaşı İŞİD sıralarında Suriya və İraqda vuruşur. Bu da, elə onun göstəricisidir ki, İŞİD-in bağlantıları var. İkincisi, İŞİD-in Türkiyədə böyük infrastrukturu mövcuddur və Azərbaycandakı vəziyyətə təsir etmək imkanındadır.

– Siyahıda hədəf ölkələr kimi Gürcüstanın və digər dövlətlərin adı qeyd edilir. Mətbuatdan o da bəllidir ki, İŞİD sıralarında İraq və Suriyada vuruşanlar Azərbaycana qayıtdıqdan sonra hüquq mühafizə orqanları tərəfindən həbs edilir. Bu mənada siz Azərbaycanda İŞİD təhlükəsini real hesab edirsinizmi?

– Əlbəttə, real təhlükə hesab edirəm. Niyə etməyim ki? Qeyd etdiyim kimi İŞİD adlanan terrorçu qurum elektronik media, sosial şəbəkə vasitəsilə özlərinin infrastrukturunu qururlar. Burada söhbət bütün ölkələrdən gedir. Fərqi yoxdur Gürcüstandır, Rusiyadır və ya İndoneziyadır. Əgər buradan ora onun tərəfdarları gedibsə, deməli içəridə də onun tərəfdarları mövcuddur. Bu baxımdan təhlükəsizlik orqanlarının üzərinə indi çox böyük məsuliyyət düşür.

– Sizcə, nədən indiki məqamda Azərbaycan hədəf olaraq göstərilir, indiyə qədər belə bir hal olmamışdı?

– İlk öncə qeyd edək ki, İŞİD adlı qurum özəl siyasəti var. Bu qurum onun ideologiyasına, siyasi baxışlarına uyğun olmayan ölkələri hədəf alır. Ola bilər ki, Azərbaycanın müasir və dünyəvi olması İŞİD-in hədəfinə salır. Onlar buranı müsəlman ölkəsi saysa da, Azərbaycan dünyəvi dövlət olduğu səbəbindən hədəf ola bilər. Əks halda başqa səbəb göstərmək mümkün deyil. Çünki Azərbaycan silahlı qüvvələr anti İŞİD koalisiyasında iştirak etmir.

-Necə düşünürsünüz bu xəbər çıxdıqdan sonra Azərbaycan vətəndaşları ehtiyatlı davranmalıdır, yoxsa buna sadəcə informasiya kimi baxmaq lazımdır?

– Bu məsələdə mənim dediklərimin mənası və əhəmiyyəti ola bilməz. Çünki belə məsələlər təhlükəsizlik qüvvələrinin işidir. Onlar belə hallarda nəsə deyə və məsləhətlər görə bilərlər.

– Radikal islamçılıq Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

– Şübhəsiz ki, radikal islamçılıq Azərbaycan üçün təhlükəlidir. Çünki radikal islam üzərində köklənən həmin qüvvələrdir ki, Əl-Kaidanı, Talibanı, indi isə İraq və Suriya ərazisində bu tipli onlarla islam adı altında qeyri insani qüvvələrin toplaşdığı dəstələr qurublar. Bu baxımdan əgər radikallıq yaranırsa, deməli belə dəstələrin ərsəyə gəlməsi üçün münbit şəraitdə yaranır. Və onlar sonra öz siyasi məqsədlərini zorakılıq vasitələri ilə həyata keçirməyə çalışırlar. Bunu necə həyata keçirdikləri isə onlarla ölkədə sübut olunub. Bu mənada Azərbaycana radikal islami meyllər lazım deyil.

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi aktiv fazaya daxil olub. Rusiya bu məsələdə xüsusi canfəşanlığı ilə seçilir. Nazir Lavrov Erevan səfərindən sonra Bakıya gəlib. Vəziyyəti necə qiymətləndirirsiniz?

– Prezident Putinin vasitəçiliyi ilə aprelin 5-də atəşkəs rejimi bərpa edilib. O zamandan Rusiya rəhbərliyi Qarabağ danışıqlarında təşəbbüsü üzərinə götürüb. Təbii ki, digər vasitəçilərin bu regiondan və məsələdən uzaq olmasının da buna təkan olub. Mən belə düşünürəm ki, Rusiya rəhbərliyi bu məsələdə aktivdir və bu problemin həlli üçün təşəbbüslər irəli sürürlər. Təbii ki, bundan öncə prezident Medvedevin geniş və əhatəli təşəbbüsləri olub. Medvedev prezidentlikdən getdikdən sonra bu təşəbbüslər səngimişdi. İndiki dönəmdə isə, daha doğrusu Azərbaycan ordusunun aprel addımlarından sonra bu konflikt artıq əvvəlki kimi proses şəklində deyil, “məsələ həllini tapmalıdır” formasında qoyulur. Qarabağ konfliktinin aktuallaşmasına səbəb Azərbaycan ordusudur. Bu bütün həmsədr və dövlətləri bir daha ayıldıb ki, konflikt həll edilməlidir. Fikrimcə, bunu erməni tərəfinə açıq bildiriblər. Yəni işğal faktı davam edə bilməz və tezliklə bu konfliktin həlli özünü tapmalıdır. Almaniya, həmsədr dövlətlər, beynəlxalq təşkilatlar bunu bildirir və dünya praktikası da bunu deyir.

– Rusiyanın bu prosesda aktiv olması təhlükəli deyilmi?

– Rusiya tərəfi haqlı olaraq Qarabağla bağlı danışıqlarda təşəbbüsü üzərinə götürüb. Çünki onlar bu məsələni daha yaxşı bilirlər, tərəflərə daha ciddi təsir etmək imkanındadırlar, onlar regiondadırlar. Eyni zamanda Rusiya prezidenti təşəbbüslərini digər həmsədr ölkələr-Amerika və Fransa ilə paylaşır. Bu baxımdan Rusiya təşəbbüsü ələ alaraq bu işləri ATƏT-in Minsk Qrupu çərçivəsində özünün beynəlxalq tərəfdaşları ilə koordinasiya edir. Digər tərəfdən, Rusiya bu məsələni daha sakit məcrada aparmağa çalışır, bəyanatlarla çıxış etmək xətti götürmür. İkincisi, nəzərə alın ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edilməsi məsələsini qoyur. Bu bütün həmsədr ölkələrə, eləcədə Rusiya rəhbərliyinə məlumdur. Azərbaycan öz torpaqlarını-Dağlıq Qarabağ ətrafı rayonların tam azad edilməsini, sonra isə Dağlıq Qarabağın statusunu erməni tərəfi ilə danışıqlar vasitəlilə həll edilməsini ortaya qoyur. Bu zaman da Azərbaycanda Dağlıq Qarabağın statusunun Azərbaycanın bütövlüyü və suverenliyi çərçivəsində həllini israr edir.

24saat.org

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

845 min manatdan çox vergidən yayınan sahibkar azadlıqda –HÖKM

%d bloqqer bunu bəyənir: