Loading...
Loading...
elxan-2

Elxan Mehdiyev: “Donald Tramp ABŞ-ın maraqları üçün sərt və qəti addımlar atacaq”

ABŞ-da keçirilən son parlament seçkiləri, Donald Trampın qalib gəlməsi, Tramp hökumətinin yürüdəcəyi siyasət və digər məsələlər haqda Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev cavab verib. 24saat.org müsahibəni təqdim edir.

– Elxan bəy, Donald Trampın hakimiyyəti gəlməsi ilə yeni ABŞ administrasiyasının Azərbaycan, Qazaxıstan, Moldova, Gürcüstan və digər ölkələrlə yeni münasibətləri qurula, hansı siyasət izlənilə bilər?

– Bu daha çox ABŞ-Rusiya münasibətlərindən asılıdır. Əgər Tramp seçki kampaniyası zamanı verdiyi bəyanatlara uyğun olaraq Rusiya ilə münasibətləri quracaqsa, bu zaman Rusiya dediyiniz bölgədə daha böyük söz sahibi olacaq.

– Siz, bunu gözləyirsiniz?

– Bəli, gözləyirəm. Əgər Tramın dövründə ABŞ və Rusiya İraqda, Suriyada anlaşacaqsa, ikitərəfli yaxşı münasibətlər qurulacaqsa, o zaman bu bölgələrdə söz sahibi Rusiya olacaq.

– Suriya, İraq, Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və digər ölkələrdə münaqişələr mövcuddur. Donald Trampın hakimiyyəti dövründə bu münaqişələrin taleyinin həlli perspektivi nə qədərdir?

– Məncə, bu mövzuda geniş danışmağa dəyməz. Fikrimcə, burada Rusiya ilə daha yaxın münasibət qurub onlarla danışmaq lazımdır. Çünki Rusiyanı bir kənara qoyaraq Trampla müzakirələr aparmaq əsassız olardı. Nəzərə alın ki, ABŞ üçün yüz dərəcəli məsələ içərisində Qarabağ münaqişəsi ən yaxşı halda sırada 95-ci ola bilər.

– Sosial şəbəkələrdən, mətbuatdan görünürdü ki, bizdə müxalif düşüncəli insanlar Klintonun prezident seçilməsini istəyirdi. Trampın dövründə fərqli ölkələrdə olan və demokratiya uğrunda mübarizə aparan qüvvələrin zəifləyəcəyini, onlarla əlaqələrin qurulmayacağını demək olarmı?

– Klintonun partiyasının adının Demokratlar Partiyası olduğu üçün demokratik dəyişiklikləri dəstəklədiyini demək özü də, doğru olmazdı. Yəni Klintonun gəlməsi demokratiyanın gəlməsi kimi qəbul etmək səhv olardı. Tarix də göstərir ki, elə olmadı. Klinton və Obama 8 il hakimiyyətdə oldu. Bu müddətdə Qarabağla bağlı ciddi addım atdı? Əksinə, son dövrlər dövlət katibi Kerri məsuliyyətsiz bəyanat verdi, dedi ki, tərəflər sülhə hazır deyil. Deyə bilmərik ki, Klinton gələndə dəyişiklik olacaqdı. Əksinə, o Rusiya ilə daha çox sözdə konfrontasiya mövqeyi tutmuşdu. Bu mövqedə problemin həllinə uyğun yol deyildi. Məncə, ABŞ-ın burada rolu minimumdur.

– Ancaq belə iddialar var ki, demokratlar hakimiyyətdə olan zaman sərt rejimlərin hakim olduğu ölkələrdə demokratik müxalifət güclü olur, nəinki rrespublikaçıların hakimiyyəti dövründə. Sizcə, indi yeni ABŞ hakimiyyəti sərt rejimlərin olduğu ölkələrdə müxalifətlə işləyəcəkmi?

– Azərbaycan gəldikdə deyim ki, indiyə qədər heç bir ABŞ administrasiyası müxalifətlə iş birliyində olmayıb. Əksinə, hakimiyyət işləyiblər. O baxımdan indidə fərqli olmayacaq.

– Tramp bir çox ölkələrdə, elə bizdə də bəlli oliqarxla müştərək biznes fəaliyyətində olub. Sizcə, Trampla biznes partniyoru olan belə şəxslər və onların təmsil etdiyi hakimiyyətlər yeni administrasiya ilə problemsiz işləyəcəkmi?

– ABŞ indiyə qədər həmin ölkələrə hansı problem yaradıb? ABŞ-ın düşdüyü problem daha çox İraq, Suriya və Əfqanıstan olub. Başqa ölkələrlə xüsusi problem olmayıb.

– Yeni ABŞ prezidenti Moskva ilə münasibətləri düzəldəcəyini elan edir. Xarici siyasətdə ABŞ-Rusiya arasında manevr edərək balans siyasəti yürüdən ölkələrin vəziyyəti necə olacaq?

-Hansı ölkələr?

– Azərbaycan…

– Bakı balans siyasəti yürütmür. Bakının siyasəti daha çox Rusiya ilə bağlıdır. Şimali Koreya istisna olmaqla başqa hansı ölkə var ki, digər dövlətlər əlaqəsi olmasın? Şimali Koreya tamam təcrid olunan rejimdir, onu heç kəs nəzərə almır. Ermənistan Rusiya ilə siyasi və hərbi ittifaqdadır. Amma buna baxmayaraq o bütün ölkələrlə yaxşı münasibətlərə malikdir. Eləcədə Qazaxıstan. Türkmənistanda da bütün ölkələrin səfirlikləri var.

– Siz Trampın hakimiyyətə gəlməsini pozitiv hesab edirsiniz?

– Məncə, onun gəlişi oturuşmuş və ətalətdə olan bir çox məsələlərin dəyişməsinə gətirəcək. Dəyişim isə inkişaf və irəliləyişdir. Əlbəttə, bu münaqişələrə və narazılıqlara gətirsə belə yeni vəziyyət yaradacaq. Bu da yeni inkişafa səbəb olacaq.

– Donald Trampı daha çox Reyqana, ata Buşa oxşadırlar. Bu şəxslər isə “soyuq müharibə” dövründə SSRİ-ni dağıdan siyasi fiqurlar hesab olunurlar. Sizdə Trampı fərqli siyasətçi sayır və yeni reallıqlara imza atacaq fiqur sayırsınız?

– Trampın fərqli çalarları çoxdur. ABŞ xalqı Trampa ona görə səs verib ki, insanlar dəyişim tərəfdarıdır. Trampda bu vədləri insanlara vermişdi.

– Obama da hakimiyyətə gələndə vədlər vermişdi ki, ABŞ-da səhiyyə problemini həll edəcək, cəmiyyətdə ağ və qaraları yaxınlaşdıracaq, İsraillə əməkdaşlığa yenidən baxacaq və s. Ancaq bunlar vəd olaraq qaldı…

– Obama ilə Tramp fərqli adamlardır. Omaba sülh fəlsəfəsini irəli sürürdü. Münaqişələrin dinc yolla həllini vacib sayırdı. Obama ABŞ-la düşmən olan ölkələrlə münasibətləri qurmaq fəlsəfəsi ilə gəldi. Amma gəldiyi zaman ABŞ-ın iqtisadiyyatı ağır durumda idi. Odur ki, Obama iqtisadiyyatı bərpa etmək, inkişaf etdirmək üzərində fokuslaşdı və buna nail oldu. Xarici siyasətdə isə Buş hökumətinin yaratdığı problemləri həll etməyə çalışdı. Əfqanıstan və İraqdan ABŞ ordusunu çıxarmağın tərəfdarı idi, buna nail oldu.

– Amma ən dəhşətli fəlakətlərdə Obama dövründə yaşandı və hazırda bu fəlakət Yaxın Şərqdə davam edir…

– Obama Suriyaya girməyə həvəssiz idi. Bu məsələlərdə ABŞ-ın heç bir ciddi rolu yox idi. Proses ilk olaraq Tunisdə oldu və dinc xarakterdə başladı. Sonradan Misirdə zorakılıqla müşayiət olundu. Liviyaya gəldikdə deyim ki, Klinton və qadınlar klubu Obamaya təzyiq edərək ABŞ-ın bu işə qoşulmasına nail oldular. Söhbət həmin dövrdə dövlət katibi, hazırda ABŞ-ın BMT-dəki səfiri, Buşun sabiq köməkçisi, habelə indiki milli təhlükəsizlik üzrə köməkçi və digər xanım siyasətçilərdən gedir. Onlar Obamaya təzyiq göstərdilər, nazir Robert Qeytsin narazılığına baxmayaraq Liviyaya müdaxiləni dəstəkləndi. Obama Liviya məsələsinə həvəssiz girişdi. Obama bunları istəmirdi, amma kabinet daxili təzyiqlərdən sonra yola gəldi.

– Məntiqlə kabinet Trampı da yola gətirə bilməzmi?

– Tramp başqa məsələdir. Onun baxışı fərqlidir. Tramp ABŞ-da fabrik, zavodların açılmasının, işçi qüvvəsinə yeni iş yerləri təklif edilməsinin, Rusiya ilə konfrontasiya deyil, əməkdaşlıq edərək ABŞ maraqları baxımdan addımlar atmağın tərəfdarıdır. Yəni ABŞ-ın mənfəətini güdən məsələlərin üzərinə getməyə can atır.

– Tramp müsəlmanlara qarşı aqressiv çıxışları ilə yadda qalıb. Bundan sonra necə olacaq?

– Məncə, Tramp bütün müsəlmanları hədəfə almır. Siz ABŞ-da yaşasaydınız görərdiniz ki, bu ölkədə gündə kimsə-kimisə güllələyir. Ancaq bir müsəlman kimisə güllələyəndə bütün günü televiziyalar buna yer verir. Bu fonda Tramp seçici qazanmaq üçün radikal bəyanatlar verib. Ancaq onun anti-müsəlman olduğunu demək düzgün deyil. Onun ətrafında müsəlmanlar da var. Tramp tək deyil, onun ətrafında Respublikaçılar partiyasının liderləri var. Dünyanın yarası müsəlman ölkəsidir. Bu ölkələrə qarşı düşmən münasibəti yürütmək ağılsızlıq olardı. Fikrimcə, Tramp Obamadan fərqli olaraq ABŞ-ın milli təhlükəsizliyi, mənfəətləri ilə bağlı sərt və qəti addımlar atacaq.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

4 YAŞLI SELCANIN DƏSTƏYİMİZƏ EHTİYACI VAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: