Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
69774

Eldar Mahmudovun qatı açılmayan cinayət dosyeləri…

Ötən il oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan və komandasının üzvləri həbs ediləndən sonra MTN-in (artıq ləğv edilib) apardığı bir çox qondarma cinayət işlərinin yenidən araşdırılacağına ümidlər yaranmışdı:

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işi, “Qara Kəmər” əməliyyatı, “Səidin dəstəsi”nin işi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) prorektoru Mahir Abdullayevin oğurlanması məsələsi, gənc memar-dizayner Muxtar Vəliyevin, “Samir Sanıyevin dəstəsi”nin üzvü kimi tutulan Nəriman Abbasoğlunun və digər çoxsaylı qondarma cinayət işlərinin təkrar istintaq ediləcəyi gözlənilirdi. Artıq bu ümidlər puç olmaq üzrədir.

“Qara kəmər” əməliyyatında Azərbaycanda adamları oğurlayan, sifarişlə qətllər törədən Hacı Məmmədovun dəstəsi ifşa olunmuşdu. Eldar Mahmudovun milli təhlükəsizlik naziri postunda ilk və uğurlu əməliyyatı məhkəməyə göndəriləndən sonra bir çox uyğunsuzluqlar üzə çıxdı. Məhkəmənin sonuna qədər də həmin uyğunsuzluqlara aydınlıq gətirilmədi.

hhhhhhhhhhhhhhh

Dəstə başçısı Hacı Məmmədovun bir-birinə zidd ifadələri üzrə araşdırmalar aparılmadı, qiymət verilmədi. Məhkəməsindən sonra ömürlük həbs cəzası almış Hacı Məmmədovun özünü E.Mahmudov vəzifədən qovulana qədər heç bir qanuni əsas olmadan MTN təcridxanasında saxladılar. E.Mahmudov vəzifədən qovulandan sonra Hacı Məmmədov vəkili vasitəsilə bəyan etdi ki, onu illərlə MTN-də təzyiq altında saxlayıblar, vaxtilə birbaşa rəisi olmuş DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, bu işə görə ömürlük məhkum olunan Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur ediblər. H.Məmmədov özünə vəkil tutub yenidən məhkəməyə müraciət etdi, işinin yenidən araşdırılmasını istədi. Amma ona gözlənilənlərin əksinə olaraq “yox” dedilər…

“Qara kəmər” əməliyyatından 8 gün əvvəl, 2005-ci il martın 2-də, yaşadığı binanın blokunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. 2005-ci ildən bu yana cinayət işinin cildləri arxivlərdə toz qatının altında itib-batmaqdadır. Halbuki Elmar Hüseynovun qətlində birbaşa iştirak etmiş icraçıların, killer dəstəsi üzvlərinin adları, yaşadıqları ünvanlara qədər bəllidir. Killer dəstəsində Gürcüstan vətəndaşları – Tahir Xubanov, Teymuraz Əliyev, Serqo Davrişov, Nuqzar Bolkvadze və Arçil Kasiya olublar.
elmar

Eldar Mahmudovun nazirliyi dövründə bu şəxslərin həbs edilmələri üçün hər hansı bir addım atılmayıb. Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu şəxsləri Azərbaycana ekstradisiya edə biləcəklərini bəyan etsələr də, zəruri sənədlər təqdim edilmədiyindən həmin şəxslər istintaqdan kənarda saxlanılıblar. Eldar Mahmudovun nazirliyinin ilk ilində başlanmış cinayət işlərində saxtakarlıqlara yol verilməsi halları sonrakı 10 il müddətində daha aşkar şəkildə davam etdirilib. MTN generallarına uzanan cinayətlərin açıq-aşkar araşdırlmaması da adi hala çevrilmişdi. Məsələ ondadır ki, Elmar Hüseynovun qətlində hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun iştirakına dair iddialar var. İllərdir bu barədə danışılıb. O, həbs olunanda Elmar Hüseynovun qətlinin açılacağına ümid edilirdi. Lakin bu məsələnin üzərindən də sükutla keçilir…
9799

ABU prorektoru Mahir Abdullayevin itkin düşməsi-oğurlanması işi də bu qəbildən olan işlərdəndir. Eldar Mahmudov qovulanda MTN generallarının adı qarışan bu cinayət işinin də yenidən araşdırılacağı ümidləri vardı. M.Abdullayevin qardaşı, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev illərdir ki, yorulmadan bu cinayətin araşdırılmasını tələb edir.

O, MTN generallarının, müxtəlif ranqlı vəzifə daşıyıcılarının, onların sözçülərinin ona qardaşının oğurlanması ilə bağlı pul tələbləri dilə gətirilən videoları da yayıb. Amma Mahir Abdullayevin oğurlanması bu günə qədər araşdırılmamış qalıb.

Mahmudov getdi, adını “Səidin dəstəsi” qoyub həbs etdirdiyi 10 günahsız gənci də azad etmədilər

bvvv
“MTN çetesi”nin 2007-ci il, yanvarın 13-də imza atdığı cinayətlərdən biri də “Səidin dəstəsi” adı ilə ictimaiyyətə təqdim olunan cinayət işi oldu. Həmin gün MTN-in Antiterror Mərkəzi 10 gənci restoranda, əyləncə mərkəzində, çayxanada, bəzilərini də öz evlərində həbs etmişdi. MTN-in təcridxanasına aparılan Səid Dadaşbəyli, Emil Mehbalıyev, Fərid Ağayev, Mikayıl İdrisov, Cahangir Kərimov, Samir Qocayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimova dəhşətli işgəncələr verib onları Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittiham etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verdilər. Gənclərdən toyuna bir ay qalan Emin Məmmədov işgəncələrlə MTN təcridxanasında öldürüldü. Sağ qalan gənclər əsassız ittihamlarla məhkəmə qarşısına çıxarıldılar və 12-14 il müddətinə azadlıqdan məhrum olundular.

Ötən illər ərzində gənclərin bir çoxunun valideynləri stressdən, üzləşdikləri ədalətsizliklərin sonucu olaraq tapdıqları xəstəliklərdən dünyalarını dəyişdilər. MTN-də təmizləmələr başladılandan və qurum ləğv ediləndən sonra bu cinayət işinin də araşdırlacağı böyük ümidlə gözlənilirdi. Amma olmadı…

Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən “Üns” teatrının redaktoru Nəriman Abbasoğlu da “MTN çetesi”nin qurbanlarındandır. Ondan texniki işlərinə nəzarət etdiyi teatrın daxili şəbəkəsinə giriş üçün izn verməsi istənilib. MTN-çilər “yox” cavabını alandan sonra N.Abbasoğlu həbsə alınıb. Bu, onun ailəsinin dağılmasına, anasının ağır yataq xəstəsinə çevirilməsinə, 2 azyaşlı övladının psixoloji durumlarının pozulmasına, özünün şikəst olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olub. 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifədən çıxarılandan sonra N.Abbasoğlu prezidentə ünvanladığı müraciətində şərlənərək həbs edildiyini bildirərək, işinin yenidən araşdırılmasını xahiş edib. Lakin bu işi də istintaq təkrarən araşdırmaqdan vaz keçib…
1450243852_neriman
Ötən ilin oktyabrında N.Abbasoğlunun ümidlərini bölüşənlərdən biri də MTN çetesinin qanunsuz olaraq həbsə yolladığı gənc memar-dizayner Muxtar Vəliyev idi. Babası və atası da memar olan Muxtar Vəliyev 25 yaşından bir çox dövlət əhəmiyyətli layihələrə qol qoyub. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Dənizkənarı Parkın, MTN-in yerli şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Habelə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən Bakı Rəssamlar İttifaqının və onlarla belə binaların layihəsini hazırlayıb. Sahibi olduğu şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb.

Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca, keçmiş MTN-in işçilərinin də diqqətini cəlb etməyə başlayıb və qondarma ittihamla üz-üzə qalıb. 2009-cu il dekabrın 5-də onun ofisinə basqın edən MTN-çilər oranın altını-üstünə çeviriblər. Bir neçə gün sonra isə Müxtar Vəliyev və daha 11 işçisi həbs edilib. 1 il 3 aylıq dəhşətli işgəncələr M.Vəliyev və digərlərinin dələduzluq ittihamı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə sona çatıb…

3 gün sonra Eldar Mahmudovun vəzifədən qovulmasının 1 ili tamamlanır. Artıq Mahmudov “vurulan” günlərdə yaranan illüziya pərdəsi aradan qalxmaqdadır. Yerdə qalan isə onun çetesinin törətdiklərinə görə tam olaraq cavab verməyəcəyini yəqin edən acı gerçəklikdir. (musavat.com)

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

“Anti-korrupsiya idarəsinin prezident yanında fəaliyyəti nəyisə dəyişməyəcək”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: