Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elçibəyin 52 il əvvəl qardaşına yazdığı məktub üzə çıxdı

Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Əliyev (Elçibəy) universiteti bitiridikdən sonra yoldaşları ilə birlikdə Moskvaya gedir.

Moskvada onları tərcüməçi kimi hazırlayıb məşqlər keçirlər və 1963-cü ilin yanvarında Əbülfəz Əliyevi Misirə Asuan bəndində tərcüməçi kimi işləməyə göndərirlər.

Beləliklə, Əbülfəz Elçibəy Misirdə olanda qardaşı Murad Əliyevə məktub yazır.

“Əziz qardaşım Murad.

Birinci sənə öz isti salamlarımı göndərirəm. Öz dost tanışlarınla bilrikdə can sağlığı, gülər üzlü yaşayış diləyirəm. Qardaşım, səndən çoxdandır yazı almıram. Deyəsən, işlərin lap çoxalan vaxtıdır. Ancaq işlərin çox olmasına baxma, orda bir əl boydaca pitik yazıb yola salsan yaxşıdır. Qardaşım Murad, yaz görüm işlərin necə gedir. Nə var, nə yox? Yoldaşın, evdəkilər necədir? Nəzir müəllim necədir? Birgə işlərin necə keçir? Qardaş, uşaqlar, yoldaşlar, tanışlar, daha doğrusu yaxın adamlar haqqında bir məktub yazsan pis olmaz. Bir az da özüm haqqında yazım.

Özüm yaxşıyam. İşlərim asan, yağ kimi gedir. Arada bir hirslənirəm, acıq edirəm, sonra bir az yaxşı hiss edirəm özümü. Beləliklə, günlərim keçir. Gördüyün Əbülfəzəm. Bir az qocalmışam. Yəni yaşlaşmışam. Arada bir saqqal saxlayıram. 2-3 ay sonra qırxıram. Onu da deyim ki, burada cavanlar saqqal saxlamır, qocalar da ki, tək-tək hallarda saqqal saxlayır. Başımı aparırlar, bu saqqal nədir deyirlər. Soruşurlar, mən də deyirəm ki, bu, bizim yerlərdə adətdir. Aldadıram. 5000-dən biri tanıyır ki, Azərbaycan haradadır. Heç bilmirlər ki, Azərbaycan nə olan şeydir. Çox savadsız adamlardırlar. Bir minə kimi adam mənim hesabıma Azərbaycanı tanıyır. Biri ilə bir-iki söz danışan kimi, soruşuram ki, Azərbaycanı tanıyırsan? Deyir ki, yox. Mən də aydınlaşdırıram ki, Azərbaycan cənnət kimi bir ölkədir.

Adamları 100-150 il yaşayır. Çoxsunun gözü bərələ qalır. Deyirəm ki, 100-140 yaşlı kişilər at minir. Qocalar köksünü ötürürlər. Nə isə, lağlağı da edirəm, günlərim keçir. Bunlara baxmayaraq burada çox darıxıram. Mən deyən olsa, 7 aydan sonra vaxtım qurtarır. İstəyirlər yenə saxlasınlar, ancaq qalmayacağam. Bəlkə tez gəldim, görək nə olur. Ya oktyabr ayında, ya da dekabrın axırında gələcəyəm.

Nə isə, qardaşım Murad. Bunları yazdım ki, oxuyasan, vaxtın keçsin. Axı söz yoxdur yazmağa. Sənə öz fikrimi yazıram. Gələn kimi Almuradı evləndirərik. Mən də kitab yığıram, gələn kimi aspiranturaya girməyə çalışacağam. Sən də çalış, bəlkə qiyabi geoloji instituta girəsən. Ya da özün bilən yaxşıdır. Ancaq mən hökmən aspiranturaya girəcəm. Necə olur, olsun. Bakıda da olmasa, Moskvaya gedib oxumalıyam. Nə isə, bu haqda sonra düşünərik. Gələn kimi iki ay buraxılış dinclik olacaq. Ondan sonra baxarıq. Yaz görüm, nə xoşuna gəlir, alım gətirim. Yaz görüm, anam necədir? Mən onun haqqında lap çox düşünrəm. Ürəyim də narahatdır. Bilirəm ki, bir şey yoxdur. Ancaq bilmirəm sağlamlığı necədir? Zəif deyil ki?

Nə isə, qardaşım Murad, sənə yazıram. Düzünü bilmirəm, bəlkə 3-4 aydan sonra evə (Kələkiyə) məktub yazdılar. Rusca olacaqdır. Orda mənim şəkillərim də olmalıdır. Alıb hamısını oxuyub saxlayarsınız. İtirməyin, saxlayın mən gələnə. Bilmirəm, bəlkə yazmadılar. Əgər yazsalar, al oxu saxla. Yazamsalar da ki, heç. Onu göndərsələr, Moskvadan göndərəcəklər. Nə isə boş şeydir. Daha nə yazım. Sənə görkəmimi göndərirəm. Məndən salam Nəzir, Xəlil, Zülfüqar müəllimə. Xurşud oradadırsa, Xurşuda, hamısının ailələrinə, uşaqlarına, Sevil bacıya xüsusi salamlar.

Əbülfəzlərə – bütün kəlbəcərli dost-tanışlara, bütün iş yoldaşlarına, bu yazını oxuyanlara, qulaq asanlara. Yazan Əbülfəz bəy. (Ərəblər bir adama müraciət edəndə ya “bəy”, ya “paşa”, ya da “mister”, “ağa”, “cənab” deyirlər). Nə edək qoy desinlər. Mənə marka göndər. Bir də Kəlbəcərin meşələrinin şəkli olsa, göndər ərəblərə göstərim. Kəlbəcərlilərə de ki, Kəlbəcər Kəlbəcər deyil, cənnətdir. Ərəbistan da cəhənnəm. Bütün Misiri gəzəsən, bir budaq tapa bilməzsən. Kəlbəcərin bir yaşıl dərəsini bütün Misirdən üstü tuturam. Nə isə, bir belə bəsdir.

Yazan qardaşın Əbülfəz
16 may 1964-cü il”

moderator.az

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Rusiya XİN Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə

%d bloqqer bunu bəyənir: