Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Elçibəyə dedim ki, gəl, bir yerdə ölək” – Etibar Məmmədov

İki gündən sonra Gəncədə AXC hakimiyyətinə qarşı baş verən qiyamın 23-cü ili tamam olacaq. O zamankı prezident Elçibəyin özü və komandasında təmsil olunan fərqli şəxslər sonrakı illərdə dəfələrlə qeyd edib ki, həmin dövrdə AXC hakimiyyətinə müxalifətdə olan siyasi qüvvələr qiyamçı Sürət Hüseynovu dəstəkləyib. Qeyd edək ki, 1993-cü ildə AXC hakimiyyətinə əsas müxalifətdə olan qüvvə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) olub.

24saat.org saytı olaraq AMİP lideri Etibar Məmmədovun 4 iyun qiyamı, ona dəstək verməsi haqda səslənən ittihamlarla bağlı vaxtilə Teleqraf.com-a vediyi açıqlamanı təqdim edirik:

Etibar Məmmədov günahları onun üstünə atmaq istəyənləri anlamadığını xüsusilə qeyd edib: “Mən həmin vaxt hakimiyyətdə olanların müttəfiqi olmamışam. Müxalifətdə olmuşam. Müxalifətdən tələb edərlər ki, niyə bizim hakimiyyətimizi qorumadın? Burada sizcə, məntiq varmı?”.

Bununla belə, AMİP lideri Etibar Məmmədov siyasətçilərin onunla bağlı hər hansı bir fikir işlətmədiyini qeyd edib. Ancaq maraqlıdır ki, o zaman AXC-də təmsil olunan İbrahim İbrahimli mərhum prezident Heydər Əliyevin Etibar Məmmədob haqqında “Etibar Məmmədov, sən bu bacarıqla uşaq bağçası idarə edə bilərsən, çox yüksək yerlərdə gözün olmasın” fikrini işlətdiyini xatırladıb. AMİP lideri buna ciddi reaksiya verib: “İbrahim İbrahimlidir də, uşaq-uşaq danışır. Heydər Əliyev heç vaxt mənimlə bağlı belə ifadə işlətməyib. Ancaq İbrahim İbrahimli haqqında işlədib. Xatırlayırsınız da Milli Məclisdə mərhum Heydər Əliyev dedi ki, İbrahim İbrahimli mən siyasətlə məşğul olanda, sən kənddə aşırmalı şalvar geyirdin. Hətta doğulduğu kəndin adını da çəkdi. Bütün bunlar olub, mən indi nə deyim”.

Etibar Məmmədov əlavə edib ki, əgər bu məsələlərlə bağlı müsahibə versə, qarşıdakılar çox pis vəziyyətə düşə bilərlər: “1993-cü ildə Heydər Əliyevi Bakıya mən dəvət etməmişdim. Məhrum Heydər Əliyev özü rəsmən bildirmişdi ki, onu Bakıya Pənah Hüseyn, İsa Qəmbər və Əbülfəz Elçibəy dəvət edib. Digər tərəfdən, Sürət Hüseynovu mən Milli Qəhrəman elan etmişdim, baş nazirin müavini və korpus komandiri vəzifəsinə irəli çəkmişdim?”

Etibar Məmmədov əlavə edib ki, şəxsən onun özü qiyamın qarşısını almaq üçün müəyyən addımlar atıb: “1993-cü il iyunun 2-də mən Milli Məclisdə çıxış etdim. Arxivi qaldırıb baxa bilərsiniz. Məndə məlumat var idi ki, iyunun 4-də Gəncədə Sürət Hüseynovu tərkisilah eləmək üçün əməliyyat olacaq. Mən “Tufan” adlı əməliyyatı nəzərdə tuturam. İyunun 2-də çıxışım zamanı dedim ki, buna getməyin, yoxsa nəticəsi faciə ilə qurtaracaq. Bunlar hərbi hissəyə hücum edib onları tərki-silah etmək istəyirdi. Bu baş verdi və ardınca da qiyam başladı. Mən dəqiq bilirdim ki, əməliyyatı Milli Təhlükəsizlik Nazirliyi keçirəcək və oradakılar da faktiki olaraq satılıblar. Dadaş Rzayev isə gizlənmişdi, onu axtarıb tapa bilmirdilər”.

Etibar Məmmədov iyunun 24-də Milli Məclisdə Əbülfəz Elçibəyin prezidentlik statusundan məhz onun tərəfindən hazırlanan qanun layihəsi əsasında mərhum edilməsi haqqında səslənən fikirlərə də reaksiya verib: “24 iyunda səsə qoyulub qəbul olunan layihəyə gəldikdə deyim ki, mən bundan əvvəl prezident Əbülfəz Elçibəylə danışmışdım. Ondan Bakıya qayıtmasını istədim, dedim ki, sizi qorumağa hazıram, əgər həyatınızla bağlı təhlükə varsa gəlin, bizim qərargaha, təhlükə olsa, birlikdə ölərik. Ancaq bu baş vermədi. Mən də dövlətin, ölkənin başsız qalmasını istəmirdim. Və bunun üçün də layihə hazırladıq”. Məmmədov daha sonra əlavə edib ki, həmin vaxt hakimiyyətdə olan komanda seçkilər keçirməkdə də maraqlı deyilmiş: “İndi bəziləri yazırlar ki, bir il gözləmək lazım gəlirdi və s. Əslində iyunun 4-də Gəncədə hərbi müxalifət ləğv edildikdən sonra siyasi müxalifətlə bağlı ölçülər götürüləcək və bundan sonra onlar seçkilərə gedəcəkdilər. Bəyəm onlardan biri demirdi ki, əhalinin 95 faizi də bizdən narazı olsa, hakimiyyətdən gedən deyilik?”.

Nemət, teleqraf.com

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Prezident Naxçıvanı paytaxt elan etdi – Talıbova yeni vəzifə verdi (SƏRƏNCAM)

%d bloqqer bunu bəyənir: