Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Düşmənin ərazilərimizdə mövcudluğu gərginləşmənin əsas səbəbidir” – XİN

xinAzərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, aprelin 2-nə gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Hikmət Hacıyev deyib.

O, əlavə edib ki, cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb: “Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllərin nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar var. Beynəlxalq humanitar hüquqa uyğun olaraq, üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır”.

H.Hacıyev bildirib ki, təcavüzkar və işğalçı dövlət kimi, yaranan vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistan Silahlı Qüvvələrinin vəziyyətin gərginləşdirilməsinə yönələn əməlləri Azərbaycanın Kəlbəcər rayonunun 2 aprel 1993-cu il tarixində işğalı tarixi ilə üst-üstə düşür. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən məxsusi olaraq 822 (1993) saylı qətnamə qəbul edilmişdi. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir”.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir: “Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunan bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Minsk qrupu iclas çağırır – Vyanada təcili toplantı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: