Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qadin-300x169

“Dünyaya qadın kimi gəlmək istəməzdim”

“Bu rayonda qadın olmaq necədir?” sualına “pis” deyərək başını yelləyir. Bir daha doğulmaq imkanı olsa, qadın olaraq dünyaya gəlməyi də istəmir. Səbəbini soruşduqda isə parlaq gözlərini üzünə zilləyir, dodağındakı yarımçıq, hansı duyğu səbəbilə yarandığı bilinməyən gülümsəmə ilə susur.

Susqunluğu uzun çəkir, ona baxdıqca gözlərindəki parlaqlığı göz yaşına bənzədirsən, gülümsəməsi isə zəhər olur udqunmağını çətinləşdirir.

Niyə bəzən qadınlar qadın olaraq doğulmaqdan bir ömür əziyyət çəkdiyini deyirlər?

BBC Azərbaycanca müxbiri Günel Səfər bir neçə rayonda qadınlarla söhbətləşib, onların üzləşdiyi problemlər və çətinliklərlə maraqlanıb. Qadınlar anonim qalmalarını istədiyindən yazıda onların adlarını çəkmirik.

“Çətindir”

Gədəbəyin Söyüdlü kəndində tanış olduğum qadın mərkəzdən bir az uzaqda uçuq bir evdə həyat yoldaşı və oğlu ilə yaşayır. Öncə onunla danışmağa tərəddüd edirəm, çünki ayaq saxlayıb sənə cavab verməyə belə vaxtı yoxdur. Ev təmizləyir, hələ günortaya yemək də hazırlamalıdır.

Az qala, verilən hər sualın cavabında “çətindir” deyir. Eyni həyətdə yaşayan digər ailənin xanımı da bu fikirdədir.

Qarlı yollarla evinə su daşıyır, əlimdə fotoaparatı görüb, çəkmə deyir, “sil o şəkilləri, 4 qızım var” deyir.

Qız analarının daha çox sıxışdırılmasını, qız övlad istəməyən, hamilə arvadına “qızın olsa, xəstəxanada qoyub çıxacaqsan” deyən qohumlarımı, “kişinin oğlu olar” xalq deyimini xatırlayıram.

Ailə daxili zorakılıqla bağlı fikir bildirən qadınlar isə bu hadisənin adi hal kimi qəbul edildiyini bildirirlər. “Bəzən qaynanalar deyirlər ki, arvadı döyməlisən”, deyən müsahibim heyfslənərək başını yelləyir.

“Kişinin məhlədə işləməsinə pis baxırlar”

Söyüdlü kəndindən bir az uzaqda yerləşən Arıqdam kəndində əllərində iri çantalar olan, bazardan qayıdan qarşılaşdığım qadınlar isə gülümsəyərək hallarından şikayətçi olmadıqlarını deyirlər.

Tərəvəzçiliklə məşğul olan qadınlar rayon yerində kişinin daha üstün sayılmasından çox təbii hal kimi danışırlar.

Qadınlardan biri təsərrüfatı kişi ilə birgə idarə etdiyini desə də, sonradan əlavə edir ki, əsas işi özü görür və həyat yoldaşı “gündə 1-2 saat kömək edir”.

Səbəbini soruşduqda isə, “şəhərlə kənd bir deyil axı. Uyğun gəlmir. Məhlədə [həyətyanı sahə] kişi işləyəndə pis baxırlar” deyə cavab verir.

İl yarımdır Goranboy rayonunda ailəsinin illərlə məşğul olduğu heyvandarlıq peşəsini davam etdirən Aqibət xanım isə, sahibkar qadınlara “çətin” olduğunu deyir. Çətinliyi tam olaraq izah etməsə də, həyat yoldaşı öldükdən sonra təsərrüfatı tək idarə etməli olmasından danışır.

“İndiyədək sərbəst olmamışam, indi isə çətindir”, deyən müsahibim gördüyü işlə fəxr etdyini deyir.

Erkən evliliklər

Erkən yaşda qızların evləndirilməsinin geniş hal aldığı cənub rayonlarında da qadınlar azad deyillər. Təsərrüfatı idarə edənlər bəzi hallarda qadınlar olsalar da, həyat yoldaşından icazəsiz müsahibə belə verə bilmirlər.

Yadıma mən hələ məktəbdə oxuyarkən bir qohumumuzun qısqanclıq səbəbindən xanımının qaranlıq düşən vaxtı sərdiyi bir teşt dolu yeni yuyulmuş paltarın ipini dağıtması düşdü. Paltarı sərən vaxt o qədər qaranlqı idi ki, qadının diqqətlə baxılsa belə seçmək mümkün deyildi. Kişinin qəzəblənməsinin səbəbi isə həyat yoldaşının ondan icazə alınmadan bayıra çıxması idi.

Astarada söhbətləşdiyim təndir çörəyi satan 3 qadın da çəkiliş edilməsini istəmir, ancaq rayonda qadınlara qarşı yazılmamış qanunların tətbiq edildiyini deyirlər.

Ailə həyatı qurulmasının qadın üçün mütləq olduğunu deyən müsahiblərim, rayonda son illərdə qız uşaqlarının erkən yaşda evləndirilmədiyini vurğulayırlar. Səbəbi isə övladını erkən evləndirən ailələrin cərimələnməsidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə tətbiq edilə və ya həmin şəxslər dörd ilədək azadlıqdan məhrum edilə bilər.

Buna baxmayaraq, müsahiblərim bəzi kəndlərdə hələ də qanuna uymayan ailələrin çox olduğunu deyirlər. Onlar bildirir ki, yaşadıqları Pensər kəndində bir çox qız uşaqları məktəbdə oxuyarkən nişanlanırlar, ancaq “17-18 yaşlarında evlənirlər”.

Müsahiblərimdən biri də öz qızının Bakıya ərə verdiyini deyir. Onun sözlərinə görə qızı 8-ci sinifdə oxuyarkən nişanlanıb və 5 il nişanlısını gözlədikdən sonra evlənib. O deyir ki, onun 29 yaşındakı qızının böyük övladının artıq 10 yaşı var.

“Heç qızınız ailə daxili zorakılığa uğrayıbmı” sualına isə, “qızım çox əziyyət çəkib” deyə cavab verir. Məlum olur ki, ailə həyatı qurduqdan sonra qızı həyat yoldaşı tərəfindən fiiki zorakılığa məruz qalıb. Ancaq ana qızının boşanması haqqında düşünmür.

“Boşanmış qadına yaxşı baxmırlar” deyən ana, qızının həyat yoldaşının “artıq səhvlərini anladığını” qeyd edir.

Boşanmış qadınlara pis baxılması ilə bağlı danışan digər müsahib kənddə baş verən bir hadisəni nəql edir.

“Burda bir qız var idi, şəhərə ərə getmişdi. Sonra qayıtdı. İki il burda məktəbdə işlədi. Ancaq işə getdi, evə gəldi. Sən demə yoldaşı bunu izlətdirirmiş. Gəldi apardı ki, özünü yaxşı aparıb”, bu hekayəni fəxrlə danışan işçi qadının məsələdən son dərəcədə razı qaldığı aşkar görünür.

Camaat nə deyər?

Şəki şəhərində gördüyüm 25 yaşlı bir qadın isə bütün rayonlarda qadınlara münasibətin eyni olmasından söhbət açır.

O, Şəkidə qız övladların təhsil almasının önəmini vurğulasa da, şəhərdə qadınlar üçün iş imkanlarının geniş olmamasından danışır.

Onun sözlərinə görə, qadınların bu şəhərdə istirahət hüquqları da pozulur. Çünki şəhərdə onların istirahət edə biləcəyi istirahət məkanları yoxdur.

“Əksəriyyəti çayxanalardır və orda oturmağa icazə vermirlər. Çox kişi də razı olmaz ki, arvadı elə yerdə otursun”, o deyir.

Bununla da o əlavə edir ki, kişilərin daha çox sosiallaşma imkanları var. Qadınlar isə bunun üçün paytaxtda gəlməli və burada yaşamalıdır.

Şəkidə qadınların sevdikləri şəxslə “barmağında nişan üzüyü olmadan” rahat gəzə bilmədiyini deyən müsahibim rayonda “dedi-qodu çoxdur” deyə əlavə edir.

“Hamı hamıya, hamı hər kəsin sözünə fikir verir”, Şəlalə təəssüflə qeyd edir və vurğulayır ki, məqalədə adının çəkilməsini istəməməsinin əsas səbəbi belə qınaqlara tuş gəlməkdən qorxmasıdır.

“İnsanların düşüncə azadlığının olmasını qəbul edə bilmirlər və deyilən ifadələri sorğulayırlar”, o qeyd edir.

Şəlalənin sözlərinə görə, Şəkidə qadınların ailə həyatı qurması önəmlidir və 26-27 yaşında ərə getməmiş qızlara “evdə qalmış” deyənlər də tapılır.

Geyim azadlığının olmamasından danışan müsahibim, bu rayonda dar paltar, mini yubka və ya şortik geyinmək olmaz, deyir.

Rayonlarda bu xanımlarla söhbətləşərkən bir nüansın fərqinə varırsan ki, çox qadının əslində fəxrlə və ya laqeydliklə danışdığı hadisə və hekayələr onların birbaşa hüquqlarını pozulmasından bəhs edir.

Əsas səbəblərdən biri, təbii ki, onların öz hüquqlarını bilməməsi və bu barədə məlumatsız olmasıdır. Bu vəziyyətin nə zaman dəyişəcəyini demək isə çox çətindir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Çörəyin də qiyməti arta bilər – İSTEHSALÇILARDAN AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: