Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dünya niyə Əliyevi hədəf seçib?

Hakimiyyət avtoritarlar sırasına düşməkdən narahatdırsa…

“Bizə gəldikdə, bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.

Bu fikirləri mayın 27-də “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən tədbirdə ölkə başçısı İlham Əliyev söyləyib.

Göründüyü kimi, İlham Əliyev Azərbaycanın adının avtoritarlar sırasına salındığını etiraf edir. 98 il əvvəl dünyaya demokratiya nümunəsi göstərmiş dövlət, indi avtoritar ölkələrin sırasında yer tutub. Təəssüflər olsun ki, hökumət dünyanın münasibətindən dərs çıxarmaq əvəzinə, avtoritar olmadığını sübut etmək istəyir. Ölkə başçısı xaricdə nümayişçilərin döyülməsini, söyülməsini arqument kimi göstərərək Azərbaycana böhtan atıldığını diqqətə çatdırmaq istəyir.

Əlbəttə, xaricdə nümayişçilərə müqavimət göstərilməsinin də şahidi olmuşuq. Amma nümayişçilərə o zaman müqavimət göstərilir ki, onlar daşdan, yandırıcı maddələrdən istifadə edirlər, polisə zor tətbiq edirlər. Azərbaycanda isə heykəli yazdığına görə 2 gəncə misli görünməmiş işgəncələr verilir, bu gənclər narkotika ilə şərlənir. Ümumiyyətlə, siyasi fəalların polis bölmələrinə, “bandotdel”ə çağırılıb təhqir olunması, insanların siyasi əqidəsinə görə şantaj edilməsi, dinc nümayişçilərin vəhşicəsinə döyülməsi Azərbaycanda adi hal alıb. Məsələ burasındadır ki, Azərbaycan telekanalları ölkədəki aksiyaları yayınlamaq iqtidarında deyil, ona görə də İlham Əliyev xaricdəki aksiyaları izləyir. Amma indi internet əsridir və ölkə başçısı “youtub”a daxil olmaqla, eybəcər mənzərəyə tamaşa edə bilər. Yəni İlham Əliyev müxalifət liderinin evinin qarşısında düşük şou göstərilməsindən, Qarabağ qazisinin siyasi fəaliyətinə görə şərlənərək həbs edilməsindən xəbərsizdi? Əgər bir ölkədə cinayətkar şəbəkə yaradan nazir azadlıqda gəzirsə, hakim partiyanın üzvü 3 milyon rüşvət verdiyini rahatlıqla etiraf edirsə, hakim ailənin ofşor hesablardakı çirkli pulları üzə çıxırsa və buna görə ictimaiyyətə heç bir izahat verilmirsə, deməli, həmin ölkədə avtoritar idarəetmə mövcuddur. Bir ölkədə müstəqil məhkəmə yoxdursa, bütün məmurlar milyarderə çevrilibsə, bütün sahələr məmurların inhisarındadırsa, hökuməti niyə avtoritar adlandrımasınlar?

İlham Əliyev sonda deyir ki, hədəf mənəm, hədəf ölkə rəhbərliyidir. Tam dəqiq nəticə çıxarılıb. Əlbəttə, hədəf ölkə başçısı və onun rəhbərlik etdiyi komandadır.

Siz günahsız adamları hədəf seçəndə, curnalisti, hüquq müdafiəçisini, gənc blogeri, siyasətçini “xuliqan”, “narkoman”, “vətən xaini” adıyla damğalayanda, hədəf olacağınızı bilmirdiz?

London mülkləri, Dubay mülkələri, 5-ci şəxsi təyyarə, qızıl yataqları, banklar, holdinqlər aşkar edildikdən sonra hansı əsasla sizi demokrat adlandırmalıydılar?

Dünya da görür ki, narkotika, xuliqanlıq, vergidən yayınma ittihamı ilə həbs olunanlara siyasi əfv yazdırılır. Beynəlxalq aləm müşahidə edir ki, seçkilər kobudcasına saxtalaşdırılır, namizədlər sıradan çıxarılır, siyasi partiyanın qərargahı partladılır, hakimiyyəti tənqid edənlərin qohum-əqrəbasına “imtina ərizəsi” yazdırılır. Mandatın satıldığı, fəxri adların recimə sədaqətə görə verildiyi, azad mətbuatın sıradan çıxarıldığı, şahın qanun olduğu ölkədə əlbəttə ki, avtoritarizm parıldayır və dünya da bu parıltını görür.

Bir sözlə, hökumətin hədəfi dövlətə və xalqa xidmət etmək deyilsə, hökumət vicdanlı insanları hədəf seçibsə, yüz milyardlarla neft pulu korrupsiyanın hədəfinə çevrilibsə, ölkə rəhbərliyinin hədəf seçilməsi təbii və ədalətlidir.

Azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Bakının razılığı olmadan Dağlıq Qarabağda referendum keçirilə bilməz”

%d bloqqer bunu bəyənir: