Loading...
Loading...

“Dövlət strukturlarında gülənçilərin varlığı Azərbaycan üçün çox qorxuludur…” – Siyasi analitik

Tanınmış siyasi analitik Tahir Cəfərli ilə budəfəki söhbətimizdə 8 avqust Azərbaycan-Rusiya-İran sammitindən və Rusiya-Türkiyə barışından sonra regionda formalaşmış yeni geosiyasi durumdan, ölkəmizin üç qonşusu arasında körpü rolu oynamasına Qərbin münasibətindən və bu fonda Qarabağ məsələsinin həlli perspektivlərindən bəhs etdik.

 

Modern.az onunla söhbəti təqdim edir.

– Tahir müəllim, 8 avqust Bakı sammitindən sonra meydana gəlmiş  Rusiya -Azərbaycan–İran-Türkiyə birliyi, demək olar ki, bütün regionun geosiyasi xəritəsini dəyişdi və bu xəritədə Azərbaycanın körpü olduğunu göstərdi. Azərbaycan siyasətinə xas olan tarazlıq siyasəti pozuldu və ölkəmiz, demək olar kı, Avrasiya İttifaqına yön almış kimi görünür.. Ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən bu, nə qədər məqsədəuyğun, düzgün addım olardı?

-Hər bir birliyin və yaxud ittifaqın meydana gəlməsinin obyektiv səbəbləri var. Bu səbəblər ölkənin qorunması üçün düzgün geosiyasi orientirlər seçməyə məcbur edir. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev Qərbin Azərbaycanın başına açdığı devalvasiya oyunundan sonra ölkənin iqtisadi böhrana getdiyini görürdü. Və bu böhrandan ən düzgün çıxış yolu onu əhatə edən Rusiya və İran arasında geosiyasi körpü yaratmaq idi. Bu, Azərbaycan Prezidentinin ölkəsinin iqtisadi baxımdan, bunun ardınca isə siyasi baxımdan qorunması və ərazi bütövlüyünün bərpa olunması üçün gördüyü ən böyük işlərdən biridir.

-Belə anlaşılır ki, bu məsələlərdə Qərb bizimlə deyil?

-Daha doğrusunu desək, çoxdan bizimlə deyil. BMT–nin Azərbaycanın ərazi bütövlüyünü təmin etməli olan  4 qətnaməsi mövcuddur. Azərbaycan tərəfi bu qətnamələrdən faydalanmasın deyə, ATƏT-in Minsk qrupunu yaratdılar. Nəticədə  həm də AXC hakimiyyətinin səbatsızlığı ucbatından Azərbaycanın daxili işi olan Qarabağ problemi beynəlxalq məsələyə çevrildi.  Odur ki, illərdir, Qarabağ məsələsinin həlli kağız üzərində qalır. Qərb Azərbaycana qarşı təcavüzü qəbul etmir, əksinə, Azərbaycanın güzəştə getməsini tələb edir. Çıxış yolu, əlbəttə ki, “Qarabağın açarı” əlində olan Rusiya və ermənilərə istədikləri vaxt təzyiq edə biləcək İranla daha da yaxınlaşmaqda idi. Prezident İ.Əliyev bunu da  həyata keçirməklə Qərbin ağlına gəlməyən bir gediş etdi. Çünki ideoloji cəhətdən bir-birinə zidd olan Rusiya-İran arasında geosiyasi körpü yaratmaq ağlagəlməz idi. Türkiyənin də buraya qoşulacağını nəzərə alsaq, dahiyanə addımdır…

-Yeri gəlmişkən, Türkiyədə baş verən son hadisələrin də sözügedən birliyin yaranmasında rolu oldumu?

-Əlbəttə, oldu. Bu ölkədə dövlət çevrilişinə cəhdin ABŞ-dan idarə olunan gülənçilər tərəfindən həyata keçirilməsi, demək olar ki, prezident Ərdoğanı və Türkiyə xalqını yatdığı yuxudan ayıltdı. Xalq öz dövlətçiliyini qorumaq üçün küçələrə çıxdı. Türkiyə Prezidenti anladı ki, Qərb ona və ölkəsinə xəyanət edib, odur ki, Qərbə qarşı ciddi addımlar atıldı və Türkiyənin də sözügedən ittifaqa girməsi artıq inkar olunmaz faktdır…

-Bu, Türkiyəyə nə verir?

-Siz deyin, nə vermir? Birincisi, Rusiyadan gələn və keçən qaz və neft kəmərləri Türkiyədən keçir, beləliklə, Avropanın enerji təhlükəsizliyi bu ölkənin əlində olur. Yəni, vaxtılə onunla diktə ilə danışan Avropa ilə daha Türkiyə diktə ilə danışacaq. İkincisi, Rusiya Türkiyəyə öz hesabına Atom Elektrik Stansiyası tikir. Yəni ruslar Türkiyəyə atom texnologiyasını verməklə  dolayısıyla  qardaş ölkənin özünün atom silahını hazırlamasına şərait yaradırlar. Üçüncüsü, Rusiya Türkiyə üçün böyük bir bazardır və bu ölkənin bazarlarını ələ keçirtməklə, Türkiyə iqtisadi baxımdan daha güclü bir dövlətə çevrilir. Belə olduğu halda Türkiyəyə heç Avropa Birliyi də lazım olmayacaq…

-Türkiyənin bu siyasi xəttində Azərbaycanın yeri haradadır?

-Ötən həftə Qazaxıstan Prezidenti Nazarbayevin Türkiyənin də ŞOS – Şanxay birliyinə üzv olacağını qeyd etdi. Bu, Avrasiya İttifaqının aparıcı  olduğu Şanxay birliyində bizim ölkənin də olacağına dəlalətdir. Çünki hamıya su kimi aydındır ki, Azərbaycan iqtidarı öz siyasi addımlarını Türkiyə rəhbərliyi ilə tarazlaşdırır və faktiki olaraq gördüyü işləri hər iki ölkənin siyasi maraqları üzərində qurur.

-Belə çıxır ki, Prezident İlham Əliyevin Rusiya-İran–Azərbaycan sammitinə qol qoyması da Türkiyə ilə razılaşdırılmış bir addım idi?

-“Belə çıxır” yox, həqiqətən belədir. Azərbaycan Prezidenti öz üzərinə çox məsuliyyətli bir missiya götürdü və Qərbə sinə gərə biləcək bir birlik yaratdı…

-Həmin geosiyasi birlik bu ölkələrə nə verə bilər?

-Bu, ilk növbədə  masonların ABŞ-ın əli ilə apardığı “xaosdan düzənə” siyasətini yaxın Şərqdə dayandıracaq. Deməli, Türkiyənin dağıdılmasına yönəldilmiş “Piters planına “  da son qoyacaq, Suriyada müharibəni qurtaracaq. Daha bu proses başladı: Türkiyə mətbuatı indi Ərdoğanın Əsədi müdafiə etməsindən yazır. Bütün bunlar İsraili də Türkiyənin ayağına gətirəcək. Çünki elə Rusiya-Türkiyə birliyi bəs edir ki, Türkiyə ən qüdrətli dövlətə çevrilsin. Ərəblərin əhatəsində qalan İsrail Türkiyəyə yaxınlaşmasa, məhv ola bilər.

-Rusiya-İran-Türkiyə arasında körpü rolunu oynayan Azərbaycanı nə gözləyir?

-Hər şeydən əvvəl Rusiya və İranın təzyiqi ilə zəbt olunmuş torpaqların qaytarılması və Azərbaycanın bu ölkələrə iqtisadi inteqrasiyası. İndiki dövrdə bu, düzgün yoldur, çünki neft hasilatının azalması Azərbaycan hökumətini qeyri-neft sektorunun yaranmasına yönəldir. Bu nə deməkdir? Azərbaycan ittifaqa daxil olan ölkələr üçün mallar istehsal edə və sata bilər. Beləliklə, neftdən itirilən gəlirləri qeyri-neft sektoru təmin edər. Əlbəttə ki, Rusiya iqtisadi bazarı Azərbaycan üçün vacib məsələlərdən biridir. Ən əsası, İran-Azərbaycan-Rusiya və Rusiya –Azərbaycan-Türkiyə tranzitinin işləməsi demək olar ki, Azərbaycanı Şərqin qapısına çevirir, ŞOS-a qoşulmaqla bu tranzitin nə qədər gəlirli olacağını nəzərə alsaq, Azərbaycan heç də uduzmur.

-Bəs  bundan sonra Qərbin gedişləri necə olacaq, sizcə?ABŞ və Avropa Azərbaycanı sadaladığımız işləri öz üzərinə götürdüyünəvə onun planlarını pozduğuna görə “cəzalandıra” bilərmi?

-Qorxulusu da elə budur. Qərbin Azərbaycana təzyiqlərini gözləməmək gülünc olardı…

-Bu özünü nədə göstərə bilər?

-Əvvəla, maliyyə məsələlərində. Azərbaycana qarşı yeni devalvasiya oyununu oynaya bilərlər. Avropa ölkələri ilə Azərbaycan arasında öhdəliklərin yerinə yetirilməsinə mane ola bilərlər. Bunlar balaca məsələ deyil. Məsələn, Rumıniya və Yunanıstandan gələn benzinin qarşısını alarlar. Buna iqtisadi təzyiq deyilir. Bundan əlavə, öz təsir agentlərinə arxalanıb Azərbaycanda stabilliyi poza bilərlər. Türkiyədə baş verən hadisələr göstərdi ki, gülənçilər hakimiyyət içində hakimiyyət yaratmışdılar və onlardan təmizlənməklə Türkiyə hökuməti ölkədə stabilliyi qısa müddətdə təmin etdi. Nurçuların Azərbaycanda da ayaq açıb yeridikləri göz qabağındadır. Ən böyük bəla da onlardan gələ bilər.  Yəni, Qərb Azərbaycanda da gülənçi amilindən yararlanaraq hakimiyyətə güclü təzyiq göstərə bilər. Odur ki, ölkə Prezidenti hakimiyyət strukturlarını onlardan təmizləməlidir.  Bir sözlə, Qərbin Azərbaycana qarşı iki əsas silahı var: gülənçilər və devalvasiya…

-Dövlət strukturlarında yer almış nurçular nə edə bilərlər ki?

-Hər şeydən əvvəl xalqla Prezident arasında narazılıq yaradarlar.

-Məsələn, hansı müstəvidə?

-Prezidentin vacib fərman və sərəncamlarını yerinə yetirməməklə. Bu hərəkətləri ilə onlar, əlbəttə ki, Prezidenti xalqın gözündən salmaq, ölkədə ona  qarşı etiraz dalğası yaratmaq istəyirlər. Buna “sabotaj” deyilir.

-Müxalifət arasında da gülənçiləri axtarırlar…

-Əslində, Azərbaycanda gerçək müxalifət yoxdur. Odur ki, onlardan Azərbaycan iqtidarına heç bir xəta gələ bilməz. Çünki xalq onlara inanmır və onların arxasınca getməyəcək. Qorxulusu odur ki, gülənçilər dövlətin idarəçilik strukturlarındadır. Azərbaycan Prokurorluğu nəzarətedici orqan kimi bu strukturlarda Prezidentin fərman və sərəncamlarını yerinə yetirməyən məmurlarla mübarizəyə yönəltməlidir. Elə gülənçiləri onların arasında tapmaq lazımdır.

-Qərbin bu birliyi yaratdığına görə Azərbaycana qarşı daha hansı təzyiqi ola bilər?

– ABŞ erməniləri Azərbaycana qarşı müharibəyə təhrik edə bilər. Belə olduğu halda NATO qoşunları Qarabağa girər. Apreldə bu, baş verəcəkdi. Qarşısı alındı. Ermənistanda gedən anti-rus mitinqlərinin səbəbi də elə budur. Qərbin maliyyə dəstəyi ilə Ermənistan müxalifəti Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq və Rusiya bazalarını boşaldaraq, ora NATO qoşunlarını yerləşdirmək istəyir. Bu, yeni yaranmış birlik üçün ən böyük təhlükədir.

-İndiki şəraitdə biz nə etməliyik?

-Bir vətəndaş kimi dövlətçiliyimizə qarşı gözlənilən təxribatların qarşısını almalıyıq. Türkiyə respublikası bizə nümunə olmalıdır. Fikir verin, Ərdoğanın qatı siyasi rəqibləri olan müxalifətçilər belə, dövlət maraqlarını öz münasibətlərindən üstün tutmaqla Prezidentin ətrafında birləşib Qərbin oyunlarına son qoydular. Eyni şeyi biz də etməliyik. Prezidentimizi qorumalıyıq. Əks halda bizi Liviya və Suriyadakı kimi xaos gözləyir. Bu saat hər şey xalqımızın səbirli olub, ortaya çıxan çətinliklərə sinə gəlməsindən asılıdır…

Sultan Laçın

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ermənilər atəşkəsi pozdu

%d bloqqer bunu bəyənir: