Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dövlət məhkumu saxlamaq üçün pul xərcləməyəcək, əksinə, büdcəyə vəsait daxil olacaq”

9 mart 2016-cı il tarixində Avropa Şurası 2014-cü il üzrə Avropa ölkələrinin həbsxanaları haqqındakı məruzəsini açıqladı. Sənəddə Azərbaycanda 22579 və ya hər 100 min nəfərə 238,2 məhbus olduğu göstərilirdi. Müqayisə üçün bu rəqəm Ermənistanda 3979 (hər 100 min nəfərə 132), Gürcüstanda isə 10233 (hər 100 min nəfərə 228) dustağa bərabərdir. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına görə ölkəmiz Avropada 4-cü yeri tutur.
Bir neçə gün öncə isə Milli məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində gedən müzakirələr zamanı məlum oldu ki, dustaqların sayı artıq 24 minə çatıb.


Cəzaçəkmə müəssisələrində dustaqlar “əhl”lərə bölünürlər. Müəssisə rəhbərliyi bir çox hallarda bunu cinayətkar aləm qaydalarının təzahürü kimi qiymətləndirərək qarşısını almağa çalışır. Mənim yanaşmamda isə bu vətəndaş özünüidarəsi demək idi. Yeni gələn dustağı yerliləri qarşılayır, yeməyə, şirniyyat stoluna qonaq edir, hamamda yuyunmasına, telefona çıxıb evlə danışmasına şərait yaradır, yazılmış və yazılmamış qaydalarla tanış edirlər. Sonralar da məhbusun hansısa problemi olanda əhl imkan çərçivəsində yardım, yanlışı olanda təhbeh edir.

Burada pis nə vardı ki? Buna görə də özüm daxil olduğum Talış əhlinin işində fəal iştirak edirdim (burada Talış sözü etnik deyil, coğrafi anlam daşıyır).

14 saylı cəzaçəkmə müəssisəsində Talış əhlinin sayı əvvəlcə o qədər də çox deyildi. Lənkəran, Masallı, Astara və Lerikdən olan məhkumların sayı 20-22 nəfəri keçmirdi. Cinayətkarlığın, xüsusən də narkotiklərlə bağlı cinayətlərin, yüksək olduğu bölgə üçün çox aşağı rəqəm idi. Səbəb onda idi ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə ümumi rejimli müəssisələrdə cəza çəkən yerlilərim əsasən 5 saylı Xələc cəzaçəkmə nüəssisəsinə göndərilirdilər.

2015-ci ilin baharın ortalarında limitin dolması səbəbindən Xələc müəssisəsi məhkumların qəbulunu dayandırdı. Bununla da çoxlu dustağın, o cümlədən Talış mahalından olanların 14-cü müəssisəyə axını başladı. Qısa müddət ərzində əhl üzvlərinin sayı 100-ə yaxınlaşdı. Müəssisədə dustaqların ümumi sayı isə 600-650 nəfərdən 1000-ə istiqamətləndi. Bir qədər də keçdi və bizim müəssisənin 1050 nəfərlik limiti də doldu. Bundan sonra burada yeni dustaqları az sayda, yalnız azad olunanların sayı qədər, qəbul etməyə başladılar.

Cəzaların icrası məcəlləsinə görə, hər məhkuma istər təcridxanada, istərsə də cəzaçəkmə müəssisəsində 4 kv metr ( müalicə müəssisələrində 5 kv metr) yer düşür. Lakin qəribədir ki, limit təyin olunarkən bu amil heç də nəzərə alınmır. Ona görə, 14 saylı müəssisədə dəhşətli bir sıxlıq yaranmışdı. Hər dustağa heç 2 kv metr də düşmürdü. Qapı, pəncərələrin çox vaxt bağlı olduğu qış aylarında bu sıxlıq xüsusən çəkilməz olurdu. Ədalət naminə deyim ki, bunu müəssisə rəhbərliyinin günahına yazmaq doğru olmazdı. Limiti onlar təyin etmirlər. Təyin olunubsa da, yeni dustaqların qəbulundan imtina edə bilməzsən. Baxmayaraq ki, müəssisənin yaşayış sahəsi 1050 dustağın hərəsinə 4 kv metr ayırmağa imkan vermir.

Ümumiyyətlə, aldığım informasiyaya əsasən deyə bilərəm ki, Penitensiar xidmətin bütün müəssisələri ağzına qədər doludur. Hər yerdə sıxlıq yaşanır, məhkumların hüquqları pozulur. Kürdəxanı və Şüvəlanda yerləşən istintaq təcridxanalarında vəziyyət lap bərbaddır. Kameralarda nəzərdə tutulduğundan az qala 2 dəfə çox məhbus yerləşdirilir. Əgər2500 nəfərlik Kürdəxanı təcridxanası müasir standartlar əsasında tikilibsə, 1200 nəfərlik Şüvəlan təcridxanasının binalarının 100-dən çox yaşı var. Buranın Tağıyevin at tövlələri olduğu söylənilir. O şəraitdə və sıxlıqda saxlanılmağın nə demək olduğunu isə özünüz təsəvvür edin.
Yaranmış vəziyyətdə günahı Penitansiar sistemdə görmək düzgün olmazdı. Düzdür, tikintisi gedən bir sıra yeni və müasir standartlara cavab verən müəssisələrin istifadəyə verilməsi naməlum səbəblərdən ləngiyir. Lakin əsas problem məhkəmələrdədir. Çünki insanları həbsə göndərən instansiya onlardır. Həbs edilən isə haradasa saxlanılmalıdır.

Azərbaycanda haqqında cinayət işi qaldırılan adam barəsində həbs qəti-imkan tədbirinin seçilməsi avtomatik baş verən hadisədir. Əksər hallarda da buna heç bir ehtiyac olmur. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin törədilməsində şübhəli bilinən insanlar – xüsusən də əgər o maddədə həbslə bağlı olmayan cəza növü nəzərdə tutulursa – haqqında həbs qəti-imkan tədbiri seçməmək də olar. Belə olan halda həmin insanlar aylarla istintaq təcridxanasında saxlanılmazlar. Yalnız həbs cəzası aldıqda təcridxanaya göndərilə bilərlər ki, hökm qanuni qüvvəyə mindikdən sonra cəzaçəkmə müəssisəsinə yola düşərlər.

Lakin təcrübədə başqa halla üzləşirik. Hansısa cinayətdə şübhəli bilinən insanın istintaq dövründə həbs edilməməsi üçün nə etmək lazım olduğunu cəmiyyətimiz gözəl bilir. Bu zaman da hakimlər şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar.

Digər tərəfdən, məhkəmələr cəza təyin edərkən də hamıya məlum olan səbəblərdən qeyri-həbs cəzası (əgər maddə beləsini nəzərdə tutursa) və yaxud da maddənin göstərdiyi minimum cəzanı almaq müşkül məsələdir. Bunun üçün xalq arasında “ən asan xidmət” deyilən vasitəyə əl atmalısan. Məsələn, CM-nin 177.1 və 177.2 (oğurluq), 178.1 və 178.2 (dələduzluq) maddələri həbslə yanaşı cərimə, ictimai işlər və islah işləri kimi cəza növləri nəzərdə tutur. Lakin cəzaçəkmə müəssisələri bu maddələrdən həbs cəzası almış məhkumlarla doludur.

Nəticə isə ondan ibarətdir ki, bu gün Penitensiar müəssisələrdə 24 mindən artıq adam cəza çəkir ki, bu da ölkə tarixində ən yüksək göstərici kimi qəbul olunur. Bəs vəziyyəti dəyişmək üçün nə etmək olar?

Həbs qəti-imkan tədbiri yalnız şübhəli şəxsin istintaqdan və məhkəmədən yayınacağına ciddi əsaslar olduqda seçilməlidir. Xüsusən də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin istintaqı zamanı polis nəzarəti altına verilmə və ev dustaqlığı kimi qəti imkan tədbirlərinə müraciət etmək lazımdır.

Tətbiq olunan maddədə cərimə və ya digər qeyri-həbs cəzası nəzərdə tutursa – xüsusən də təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıbsa – məhkəmələr bu cəzalara üstünlük verməlidirlər. Belə olduqda, dövlət məhkumu saxlamaq üçün pul xərcləməyəcək, əksinə, büdcəyə vəsait daxil olacaq.

Zərərçəkənə dəymiş ziyanı tövsif edən minimum hədd artırılmalıdır. Məsələn, oğurluq və ya dələduzluq zamanı vurulmuş ziyan 700 manatdan yuxarı olarsa xeyli miqdar, 7000 manatdan yuxarı olarsa külli miqdar hesab edilir və, müvafiq olaraq, cəzalar da sərtləşir. İki devalvasiyadan sonra manatın xeyli dəyər itirdiyini nəzərə alsaq, belə dəyişiklik kifayət qədər aktualdır.

Gələcəkdə ev dustaqlığı təkcə qəti imkan tədbiri kimi deyil, cəza növü kimi də tətbiq edilə bilər. Bir çöx ölkələrdə belə təcrübə mövcuddur.

Bəzi maddələr CM-dən çıxarılmalıdır. Məsələn, xuliqanlığı nəzərdə tutan 221 maddə. Xuliqanlıq inzibati xəta kimi qiymətləndirilməlidir. Cinayət məsuliyyətini yalnız kiminsə xəsarət alması yaratmalıdır. Eləcə də narkotiklərdən istifadənin cinayət təqibinə son vermək haqqında düşünməyin vaxtıdır. Bu əməl yalnız məcburi müalicə ilə təqib olunmalıdır.

Qanunvericilikdə cəzaların təxirə salınması şərtləri çox məhduddur. Yalnız hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə şamil edilə bilər (Ağır və ya xüsusilə ağır cinayətlər törətməyə görə 5 ildən artıq cəzaya məhkum edilməmişlərsə). Qonşu Türkiyədə isə 2 il və ya daha az cəza almış (18 yaşdan aşağı və 65 yaşdan yuxarı yaşı olanlar üçün – 3 il və ya daha az), əvvəllər məhkumluqları olmayanlar cəzalarını təxirə salmaq imkanına malikdirlər.

Şəxs sınaq müddəti bitənə qədər yeni cinayət törətməzsə, cəzasını çəkmiş sayılır. Mən isə həbsxanada olduğum müddətdə bir xeyli dustaq gördüm ki, 4-6 ay cəza almışdılar. Cəzaçəkmə müəssisəsinə gəldikdən bir qədər sonra azadlığa çıxırdılar. Hətta cəzaçəkmə müəssisəsinə gəlib 2 gündən sonra cəza müddəti bitən də olmuşdu.

Xüsusən azyaşlılara və qadınlara münasibətdə həm qəti imkan tədbiri, həm də cəza növü kimi həbsdən qanunların verdiyi imkanlar daxilində maksimum dərəcədə yayınmaq lazımdır. Həbsə islah aləti, həbsxanaya isə islah yeri kimi baxmaq kökündən yanlışdır. Bura sadəcə cəzaçəkmə yeridir.

Məqalənin əvvəlində göstərdiyim rəqəmlərdə Gürcüstanın bizə yaxın göstəriciyə malik olduğunu görürük. Lakin nəzərə almaq lazımdır ki, 5 il öncə qonşu ölkədə vəziyyət qat-qat pis idi. Post-Saakaşvili dövründə atılan addımlar nəticəsində məhkumların sayı təxminən 2,5 dəfə, istintaq təcridxanasındakı dustaqların sayı isə 2 dəfə azalıb. Həbsxanalar yalnız yarıya qədər (hər 100 yerə 47,5 dustaq) dolub. 5 il öncə isə hər 100 yerə 94 məhbus düşürdü.

Sadaladığım və digər addımlar nəticəsində məhbusların sayı və həbsxanalardakı sıxlıq yalnız müəyyən müddətdən sonra azala bilər. Problemi daha qısa müddətə yumşaltmaq üçün isə amnistiya verilməsi yaxşı olardı. Hər məhkumun saxlanılmasının dövlətə ayda 200 manata başa gəldiyini nəzərə alsaq, bu həm də hakimiyyət tərəfindən prioritet kimi qəbul olunan büdcə xərclərinin azalmasına xidmət edərdi.

Yadigar Sadıqov

Meydan TV

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

«WhatsApp»a 2 yenilik gəlir

%d bloqqer bunu bəyənir: