Loading...
Loading...

Dolların bahalaşması manatı “sındıracaq”mı? – Gözləntilər

Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) aprelin 26-27-də keçirilən iclasının protokolları açıqlanıb. FES-in rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti statistik göstəricilərin ABŞ-da makroiqtisadi vəziyyətin yaxşılaşmasını əks etdirəcəyi təqdirdə iyunda keçiriləcək iclasda faiz dərəcələrini artırmağa hazır olduqlarını bəyan ediblər.

Başqa sözlə, protokollara görə, FES-in iyun ayında faiz dərəcələrini artıra biləcəyi bildirilir. Yəni qurum üzvlərinin əksəriyyəti, statistik məlumatlar II rübdə iqtisadi artımın sürətlənəcəyinə, əmək bazarında vəziyyətin yaxşılaşacağına və inflyasiya həddinin 2%-lik hədəfi aşacağına işarə edəcəyi təqdirdə federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılmasının mümkün olacağını deyirlər.

Onu da qeyd edək ki, bu xəbər yayıldıqdan bir neçə dəqiqə sonra birjalarda dolların qiyməti sürətlə artmağa başlayıb. Eyni zamanda, neft ucuzlaşmaqdadır.

Maraqlıdır, bəs bu proseslər Azərbaycana necə təsir edəcək? Azərbaycanda da dolların qiyməti kəskin qalxa bilərmi?

İqtisadçı-ekspert Samir Əliyevin virtualaz.org-a bildirdiyinə görə, bu hələlik ehtimaldır. FES-in qarşıda növbəti iclası gözlənilir: “Ola bilər ki, o zaman uçot dərəcələri artırılsın, amma biz 100 faiz deyə bilmərik ki, faiz dərəcələri qaldırılacaq. Əgər qaldırılarsa, bu, dollar indeksinin bahalaşmasına və digər valyutaların dollara nisbətdə ucuzlaşmasına gətirib çıxaracaq. Eyni zamanda bu, neft və qızıla da təsir göstərəcək”.

Dünəndən başlayaraq artıq neftin qiymətində ucuzlaşma müşahidə olunduğunu deyən ekspertin sözlərinə görə, buna yalnız Çin müqavimət göstərir. Çünki bu ölkə FES-in uçot dərəcələrini artırmasında maraqlı deyil. Uçot dərəcəsi qalxdıqca, bütün inkişaf etməkdə olan ölkələrdən, o cümlədən, Çindən Amerikaya kapital axını güclənir. Buna parallel olaraq Çin də yuanı ucuzlaşdırır. Çin Amerikanın əsas ticarət partnyorudur. Yuan ucuzlaşanda Amerika iqtisadiyyatı əziyyət çəkir. Çin yuanı ucuzlaşdırmaq yolu ilə FES-i bu qərardan çəkindirmək istəyir.

Azərbaycan manatına gəlincə, ekspert deyib: “Əgər uçot dərəcələri qaldırılsa, neft ucuzlaşacaq, Azərbaycan manatı da hər bir halda neftin qiymətindən asılıdır. Amma… deməzdim ki, uçot dərəcəsi qalxan kimi manat devalvasiyaya uğrayacaq. Bu fikri ona görə irəli sürmək istəmirəm ki, Azərbaycan xeyli vaxtdır üzən məzənnə siyasətinə keçib. Bu isə o deməkdir ki, məzənnə bazara uyğun olaraq dəyişir. Ola bilsin manatın məzənnəsi bir qədər aşağı düşsün. Hər bir halda yaxın dövr üçün manatın məzənnəsində kəskin ucuzlaşma gözləmirəm. Düşünürəm ki, hələlik yaxın dövrdə manatın məzənnəsi 1,50-1.65 arasında dəyişəcək. Mərkəzi Bank bunu 1.50-dən aşağı düşməyə qoymayacaq”.

S. Əliyevin sözlərinə görə, FES uçot dərəcəsini qaldıranda manata o halda güclü təsiri olar ki, neft 40 dollardan da aşığı düşsün və gəlib 30 dollara çatsın. Belə bir hal isə yoxdur…

Xatırladaq ki, FES –in növbəti iclasının iyunun 14-15-də keçiriləcəyi gözlənilir.

Virtualaz.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dollar 1,50 manatdan aşağı düşüb

%d bloqqer bunu bəyənir: