Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Deyirlər, gözü görür, yalandan pul üçün belə edir” – VİDEO

Elçin Abbasov haqqında elə sosial şəbəkələrdən məlumat almışdım. Şəbəkə istifadəçiləri metro stansiyalarında tez-tez qarşılaşdıqlarını və görmə məhdudiyyətli olsa da, əla toxuya bildiyini yazmışdılar. Düzü, mənim üçün görmə məhdudiyyətli birinin toxumasından daha çox onun haqqında səsləndirilən “pozitiv, həyat dolu insan” ifadələri daha maraqlı gəlmişdi. Odur ki,“Qafqazinfo” olaraq müsahibə almağı qərarlaşdırıb vaxt təyin etdik. “İçəri şəhər” metrostansiyasının çıxışında suallara nəzər salıb özümüz üçün sxem qururduq ki, onun uzaqdan gəldiyini gördük. Yaxınlaşıb elə hal-əhval tutduğumuz an kefsiz olmasından bayaq qurduğumuz sxemi tamam dəyişəcəyimizi anladım. Amma bu qədərini gözləmirdim…
Özü də bunu hiss etmiş kimi hər danışığının sonunda “Məni bu cür tanımağınızı heç istəməzdim” deyirdi. Mən də zarafata “Onsuz da mətbuatda haqqınızdan çox yazılıb, bu dəfə də bu cür tanısınlar, nə olar” deyib suallarıma nəzər saldım. Başlayaq elə toxumağı necə öyrənməsindən:
“Bacılarım toxumağı yaxşı bacarırdı. Mənə də maraqlı gəldiyi üçün 11 yaşımda onlardan öyrəndim və o gündən indiyə qədər toxuyuram. Əvvəl maraq üçün öyrəndiyim bu peşə indi kiməsə əl açıb dilənməməyimin yeganə səbəbidir. Çörək pulum, ev kirayəsi, bir sözlə bütün qazancım bu yolla çıxır. Bəzilərinə bu iş gülünc görünür. Kişi də nəsə toxuyar? Daha soruşmurlar kı, kişi əlini açıb kimdənsə nəsə dilənə bilər? Şəxsən mən özümə sığışdırmaram. Gül, jaket, jilet toxuyub halal pulumu qazanıram. Nizami Gəncəvi demiş, başqa süfrənin pələngi olmaqdansa, öz süfrənin pişiyi olmaq yaxşıdır. İnsanlar yaxınlaşanda anlayıram ki, nəsə almaq üçün yaxınlaşır, ya məsxərəyə qoymaq üçün. Bayaq metroda da bir az əsəbiləşdim. Bəlkə, ona görə belə sərt danışıram. İstəməzdim, məni zəhər tuluğu kimi biləsiz, nəsə bu gün ağır gündür”.
Düzü, hər hansı bir sualı qaçırmamaq üçün müsahibimi yaxşı dinləsəm də, bütün diqqətim onun əllərində idi. 1 saatlıq söhbətimiz boyu o, həm əsəbiləşdi, həm sevindi, emosional söhbətimiz də oldu, ancaq bir ilmək belə ötürmədi ki, ötürmədi. Deyir, toxumaq artıq onda bir vərdişdir, fikri başqa yerdə də olsa, əlləri öz işini yaxşı bilir: “Elə günlər olur ki, gecə 4-ə, 5-ə kimi işləyirəm. Səhər tezdən evdən çıxıram ki, axşam qaydanda əlimdə bir qazanc olsun. Ya park, ya da metroda yaxınlaşıb maraqlanırlar. Elə günlər var ki, 50 manatlıq satışım olur, ancaq elə günlər var, heç yaxınlaşıb maraqlanmırlar. Amma yenə də min şükür. Hazırda toxuduğum sifarişdir. Papağını vermişəm, indi şərfini toxuyuram. Sapları Sədərəkdən nisyə alıram, satış olduqdan sonra borcumu qaytarıram. Həmişə alış-veriş etdiyim insanlar mənim üçün sapları xüsusi seçib, rənglərinə görə ayırıb verirlər. 6 yaşıma kimi rəngləri gördüyüm üçün, nəyin hansı rəng olduğunu yaxşı bilirəm. Bəzən güllərin rənglərinə baxıb məni yalançı adlandırırlar, deyirlər ki, gözü görür, pul qazanmaq üçün belə edir. Nə deyim, bütün insanlar bir deyil axı”.
“Reklam üçün hamının gözü qabağında cibimə pul qoyanların insanlığı olsa, o pula bir şey alar”
Müsahibimin 33 yaşı olsa da, yaşamağa özü öz ayaqları üstündə durmağı bacardıqdan sonra başlayıb:
“Valideynlər fiziki məhdudiyyətli uşaqlarını adətən cəmiyyətdən gizlətməyə çalışırlar. Bizim ailədə də elə olub və bu səbəbdən mən təhsil ala bilməmişəm. Artıq elə öyrəşmişdim ki, özüm insanlardan qaçırdım. Sonra fikirləşdim ki, mən insanlardan qaçdıqca, elə biləcəklər əqli cəhətdən də problemlərim var. Ailəmə də başa saldım ki, siz sabah dünyada olmayanda, mən öz ayaqlarım üstündə durmağı bacarmalıyam. Uşaq vaxtı incəsənətə marağım böyük olub, indi də dost məclisində bir-iki muğam oxuyuram, musiqi duyumum var. Bir də özümü həkim kimi görmək istəyərdim. Xəyallarımda özümü həkim kimi hiss eləmişəm. Nərimanovda gözdən əlillər üçün gecə məktəbi var. Əlifbanı da orada öyrənmişəm, artıq əlimlə oxuya bilirəm”.
 
Hər zaman pozitiv olmağa çalışsa da, Elçin bəy üçün həyat o qədər də asan deyil. Dəfələrlə ondan oğurluq edənlər olub, hətta ən yaxın “dost”unu belə oğurlamaqdan çəkinməyiblər:
“Pulları yaxşı tanıyıram, ona görə kimə nəyi neçəyə satdığımı bilirəm. Amma neçə dəfə oğurluq edənlər olub. Görməsəm də, hiss edirəm. Nə deyim, vicdanı olmayan insana onsuz nəsə desəm də təsir etməz. Hətta əlimdəki çomağı belə parkda oğurlayanlar olub. Əşya belə olsa, bu, mənim ən yaxın dostumdur. Artıq əsəblərim çox pozulub, doğma valideynimə belə kobud cavab verirəm. Səbəbi də insanların reaksiyalarıdır. Öz əməlini reklam etməyə çalışan insanlar var. Qatarda hamının qarşısında cibimə pul qoyurlar. Əgər bu insanın mənə hörməti varsa, Allah rizası üçün edirsə, bunu hamının gözü qarşısında etməz. Toxuduğum bir şeyi alaraq həm əziyyətimə qiymət verər, həm də mənə. Özümü heç vaxt kimdənsə aşağı tutmamışam. Gözlərini bağlayaq, bunu toxusun, görüm bacarar? Heç açıq gözlə edə bilməz. Belə olanda pulu cibimdən çıxarıb həmin şəxslərə qaytarıram. Çoxu mənə deyir ki, sən o insanı qırırsan, ancaq bilmirlər ki, bu hərəkətlə onlar məni necə qırırlar. Metroda olanda bəzən eşidirəm ki, hansısa xanım yanındakılara mənə kömək etmələrini deyir. Ondan sonra gəlib qolumdan tuturlar, kömək edirlər”.
Müsahibə əsnasında yaxınlaşaraq xoş söz deyənlər, güllərin qiymətini soruşanlar, adicə kənarda dayanıb qulaq asanlar çox oldu. Bu zaman həmsöhbətimin narahat olduğunu görürdüm, hətta birindən getməsini də xahiş etdi. Pərt olduğumu hiss edib “Siz gözlə görürsüz, mən könül gözümlə. Bu insanları yaxşı tanıyıram, bir şey alan deyil”- dedi. Üstündən heç 5 dəqiqə keçməmiş başqa bir insan yaxınlaşdı, bu dəfə isə müsahibim mənə görə, ya başqa səbəbdən ona qarşı mehriban davrandı. Qoca bir neçə dəfə Elçin bəyin zəhmətini təriflədikdən sonra özü də danışmaq istədiyini dedi. Hətta müsahibimin yaxasındakı mikrofonu belə çıxartdırıb ona taxmağı, şair olduğunu, həyatından danışmaq istədiyini israr edincə təşəkkür edib getməsini xahiş etdim. Bayaqdan bizə alqış oxuyan ağsaqqal bu dəfə “Təşəkkürün başına dəysin”-deyib bizdən uzaqlaşdı. İndi müsahibimi çox yaxşı başa düşürdüm. Gülərək mənə dedi ki, hər gün bunun kimi neçə hadisə ilə qarşılaşır, bu nədir ki… Vəziyyəti dəyişmək üçün bir az da xoş şeylərdən danışaq dedik. Məsələn, müsahibim bu günlərdə artıq xeyir işinə hazırlaşır. Deyir ki, məsuliyyəti daha da artıb, artıq bir ailəni dolandırmaq üçün daha çox çalışmalıdır:
“Bu il xeyir işim olacaq. Çox istəyərdim ki, görmə məhdudiyyətli insanlar üçün olan yataqxanalardan bir göz ev verilsin. Mən onsuz əlimdən gələni edirəm, ancaq belə ev almağım bir az müşkül məsələdir. Elə bir dövr gəlib ki, kim varlıdırsa, güclüdür, kim güclüdürsə, elə o da haqlıdır. Bir qız var idi, bəlkə də 10 il onu düşündüm, gələcək xoşbəxtliyimi onunla görürdüm. Mənə qarşı biganə deyildi, ailəsi də razı idi. Ancaq qardaşı razılaşmadı deyə qaldı. Ondan sonra rayonda qalmaq istəmədim. Artıq ailəm də mənim tək özümü dolandıra bildiyimi anlayıb, məndən nigaran deyillər. Sevgim də qarşılıqlıdır və ümid edirəm ki, bu dəfə xoşbəxtlik mənimlə olacaq”.
Bu yaxınlarda bir neçə sərgidə əl işləri nümayiş olunan Elçin bəy artıq toxuculuqla yanaşı muncuqlardan gül dibçəkləri də hazırlamağa başlayıb:
“Muncuqlardan güllər düzəldib dibçəklər hazırlayıram. Ötən gün birini 20 manat, balacasını 15 manata satdım. Ən çox zabitlər parkında alırlar. Bilmirəm səbəb nədəndir, o parkın insanları da bir başqadır. İki dəfə əl işləri sərgisində iştirak etmişəm, maraq böyük olub. Daha çox parklarda və metroyla gedən zaman satışım olur. Elə bura gələndə də bir qadın maraqlanıb siftə elədi. Bulvarda icazə yoxdur, cərimə edirlər. Ancaq metroda polislər çox mədənidir. İnsan kimi danışırlar, halımla maraqlanırlar. Çox istəyərdim ki, fiziki məhdudiyyəti olan insanlar həyatdan küsməsin. Bütün çətinliklərə baxmayaraq tutunacaq bir şey mütləq var. Bəzən ağır danışıram, bəlkə, bu vasitə ilə kiminsə vicdanını oyada bildim. Ən böyük şikəst, ən böyük bədbəxt o insandır ki, kiminsə zəif nöqtəsindən istifadə edib ona yuxarıdan aşağı baxır, ona gülür. Yaxşı insanımız da çoxdur, yolunu uzadır, məni evimə kimi ötürür, sonra qayıdır. İstəmərəm, mənə görə kimsə əziyyət çəksin, ancaq bu kimi hallar məni sevindirir, yaxşılıq günəş şüası kimidir. Qaranlıq dünyam bir anlıq aydınlanır…”

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Mütəmadi şəkildə kitab oxumağın faydaları

%d bloqqer bunu bəyənir: