Loading...
Loading...

Deputat hökuməti devalvasiyaya getməyə çağırdı: “12 milyard xərclənib”

“İlin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək və 1 dollar azı 2 manatadək bahalanacaq”.

Yerli ekspertlər bu fikirdədir. Mərkəzi Bankın sonuncu hərraca adəti üzrə 50 milyon yox, 300 milyon dollar çıxarması, ölkədə dollar qıtlığının yaşanması, ekspertlərə görə, ixracatdan asılı olan ölkədə manatla bağlı gedən proseslərin daha da sürətləndiyini göstərir. Medalın digər üzündəsə Neft Fondu və Mərkəzi Bankın getdikcə azalan valyuta ehtiyatlarıdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov düşünür ki, hökumət vaxtında devalvasiyaya getməlidir ki, valyuta ehtiyatları tükənməsin: “Manat gec-tez öz dəyərini almalıdır. Biz artıq manatın qorunub saxlanması üçün əlavə vəsait sərf etməməliyik. Mərkəzi Bank 12 milyarda yaxın vəsait xərcləyib və öz ehtiyatlarını azaldıb. Yaxşı olardı ki, vaxtında bu proses öz həllini tapardı və həmin vəsaiti biz real kredit sektorunun inkişafına yönəldərdik. Mərkəzi Bank bununla bağlı açıqlama verməlidir. Manatın qiyməti isə ilin sonunadək ucuzlaşacaq”.
Mərkəzi Bankın ölkədəki dollar qıtlığı və valyuta ehtiyatlarındakı durumla bağlı son günlər hər hansı açıqlaması olmayıb.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, indi hökumətin masası üzərində iki seçim var. Ya birdəfəlik kəskin devalvasiyaya getmək, ya da manatın dəyərsizləşməsi prosesini ilin sonunadək tədricən həyata keçirmək. Bununla da yeni maliyyə ilinə keçid zamanı neft fondunun valyuta ehtiyatlarına da qənaət etmiş olur. Amma ekspertə görə, hər iki yol Azərbaycan iqtisadiyyatını uçuruma aparır:
“Bu prosesin iqtisadiyyata ən böyük təsiri bank sektoruna olacaq. Onsuz da tənəzzüldə olan bank sektoru getdikcə daha çox problemlərlə üzləşəcək. Kreditlərin yığılmasında problem olacaq. Problemli kreditlərin həcmi pikə qalxacaq. İkinci zərbə pərakəndə satışa dəyəcək. Qiymətlərin sürətlə qalxması, inflyasiyanın artması insanların onsuz da aşağı düşən alıcılıq qabiliyyətini daha da aşağı salacaq. Ticarət şəbəkələri ciddi problemlərlə üzləşəcək, həm ticarət dövriyyəsi, həm gəlirlilik, həm də iş yerləri getdikcə azalacaq”.
Ötən ilin sonunda devalvasiya baş verən zaman 2016-cı maliyyə ilində dövlət büdcəsinə transfer zamanı neft fondu təxminən 2 milyard dollar qənaət etmiş oldu. Hazırda Mərkəzi Bankın nağd valyuta ehtiyatlarının 4 milyard, Neft Fondunun isə qeyri-nağd ehtiyatları ilə birgə cəmi 31 milyard dollar civarında olduğu bildirilir. Ekspertlər təkcə devalvasiya yolu ilə valyuta ehtiyatlarını yalnız qısa müddətə qorumağın mümkün olduğunu deyirlər. Ölkəyə əlavə valyuta axını olmazsa, ölkənin büdcə ehtiyacları, həyata keçirdiyi layihələr, beynəlxalq valyuta öhdəlikləri nəzərə alınarsa, hazırki ehtiyat fondu yalnız bir il, il yarıma bəs edər:
“Valyuta ehtiyatlarını qoruduqca da ölkədə inflyasiya yüksələcək, qiymətlər daha da artacaq və həm iqtisadi aktivlik, həm də insanların gəlirləri və nəticədə yığılan vergilər azalacaq. Vergi yığımı azaldıqca hökumət məcbur olacaq ki, neft fondundan əlavə vəsait istifadə etsin. Azərbaycanda normal iqtisadi model, normal iqtisadi islahatlar olmadıqca bu problem həmişə qalacaq. Ancaq devalvasiya yolu ilə ehtiyat valyutanın qorunmasını davam edilərsə manatın hər 3-5 aydan bir dəyərdən düşməsini gələn il də görəcəyik”.
Manat dollara nisbətdə iki dəfə dəyər itirməsi ilə eyni vaxtda Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini elan edib. Yəni manatın məzənnəsinin başlıca olaraq valyuta bazarındakı tələb və təklifə uyğun olaraq formalaşacağını bildirib. Amma ekspertlər ölkədə real üzən məzənnə rejiminin olmadığını, manatın dəyərinin inzibati yolla müəyyənləşdirildiyini iddia edirlər. Üzən məzənnə rejiminin real olaraq işlədiyi məsələn qonşu Gürcüstanda milli valyuta ilə bağlı eyni ajiotajın yaşanmamasını ekspertlər ölkəyə valyuta axınının olması ilə bağlayırlar. Ötən ilin statistikasına görə, Gürcüstan şərab və mineral suların ixracından təxminən 520 milyon dollar gəlir əldə edib. Ölkəyə hər il gələn turistlərin sayı isə təxminən 5,5 milyon nəfərdir.(azadlıg.org)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Tədiyyə balansının kəsiri 1,8 milyard dollara çatıb

%d bloqqer bunu bəyənir: