Loading...
Loading...
fehle

Deputat fəhlələrin 55 min manatını vermir

“Deputat deyir ki, elə bil pulu qumarda uduzmusan, unut getsin”

“Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, “elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Mən unudaram unutmasına, gətirdiyim fəhlələrə, ustalara nə deyim? Onlar mənim yaxamdan yapışıb pullarını istəyirlər axı”.

Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyir. O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir.

“Bugünə qədər pulumuzu ala bilməmişik”

Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:

“Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük. Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”.

“Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik”

Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir: “Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik.  Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.

“Millət vəkili vətəndaşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə verib”

Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib: “Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı”.

Sonradan Z.Əliyev Mirzəcan Xəlilovla bağlı Milli Məclisin komitələrinə və hüquq-mühafizə orqanlarına məktublar göndərməyə başlayıb. Bunu eşidən millət vəkili bu dəfə də onu 100 min manat təzminat tələbi ilə Ağdam Rayon Məhkəməsinə verib:

“Guya onların şərəf və ləyaqətini alçaltmışam. Beləcə, həm günahkar, həm də güclüdülər”.

“Bizim heç kimə borcumuz yoxdur”

Zülfüqar Əliyev deyir ki, öz payına düşən məbləği istəmir, yetər ki, fəhlələrin pulu ödənsin:

“Tikinti materialı satanlar da məndən əl çəkmirlər. Mən ora-bura məktub yazandan sonra deputatın köməkçisi mənimlə görüşdü, dedi ki, tezliklə problem həll olunacaq. Bugünə qədər səs-soraq yoxdur. Ağdam məhkəməsi isə görülən işləri dəyərləndirmək üçün ekspertiza təyin edib, villaya baxış keçirib. Təkcə villaya, halbuki, villanın ətrafındakı hasarlanma işlərini də biz görmüşük.

Meydan TV məsələyə münasibət öyrənmək üçün millət vəkilinin telefonuna zəng edib. Mirzəcan Xəlilovun özünü İlham kimi təqdim edən köməkçisi bildirib ki, Zülfüqar Əliyevin dediklər yalandır:

“Necə oldu ki, adam 2013-cü ildə iş gördü, pulunu almadı və susdu? Mirzəcan müəllim millət vəkili olandan sonra başlayıb şantaj etməyə. Bu 3 ildə harda yatmışdı? Niyə tələb etmirdi pulunu? Özü də 55 min manatlıq əmək haqqı olmur. Yalan danışır, elə bir şey olmayıb. Biz onunla bağlı məhkəməyə müraciət etmişik. Bu barədə şər-böhtan yayan media qurumlarını da məhkəməyə verəcəyik. Bizim heç kimə borcumuz yoxdur”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Masallıda şəhid gizirin medalı ailəsinə təqdim olunub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: