“Dedilər ki, 150 min manatı verməsəm, başıma torba keçirəcəklər”

“MTN işi”ndə zərəçəkən qismində sabiq bələdiyyə sədrləri ifadə verib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Proses Sabunçu rayon məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilib. Jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Biləcəri qəsəbəsi bələdiyyəsinin keçmiş sədləri İlham Xəlilov və Elman Salmanov ifadə veriblər.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə deyib ki, İlham Xəlilovun məhkəmədəki ifadəsində ziddiyyətlər olub: “Əvvəlcə deyirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırılaraq, pul istənilib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini bildirdi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salmanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman bildirdi ki, İlham Xəlilov ona “150 min manat verməsən, başına torba keçirəcəklər” deyib”.
Elman Salmanov isə jurnalistlərə bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, ona 150 min manat verib: “Bir maşınımız var idi, satıb pulu verdik. Akif Çovdarovu görməmişəm. Məhkəmədə Akif Çovdarov mənə dedi ki, elə bir şey vardısa, Binəqədinin ağsaqqalı məsələni niyə çatdırmamışam? Heç nə demədim. İşlə bağlı olan hər şeyi də kiməsə demək olmur axı…”
Proses günortadan sonra davam edəcək.
Qeyd edək ki, Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

“Qorxuram ki, ermənilər gəlib bizi Bakıda öldürsünlər” -Hafiz Hacıyev

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: