Loading...

“Daha sağçı və solçu Türkiyə yoxdur, dünyəvi və dinçi Türkiyə var…”

“The Guardian” yazır ki, Türkiyənin “avtokratik” prezidenti Recep Tayyip Erdoğan çox nadir hallarda müdafiə mövqeyi tutur və o Yeni il günü İstanbul gecə klubuna hücumun həm də onun hökumətinin vətəndaş cəmiyyətinə dözümsüzlüyü ucbatından baş verdiyi barədə mülahizələri də rədd edib.

Amma inkarlara baxmayaraq hücum onsuz da bölünmüş ölkəni daha da parçalyıb. Heç kəs bu hücumun arxasında birbaşa hökumətin durduğuna inanmasa da, hökumət dinçi fanatiklərə qol-qanad verən atmosferin yaradılmasında günahlandırılır.

Loading...

“The Guardian” yazır ki, Erdoğanın küçə uşağı olmaqdan memarların hesablamasına görə 1 milyard dollarlıq saraya yüksəlişi o qədər də asan olmayıb.

Lakin buna baxmayaraq onu irəlidə gözləyənlər daha məşəqqətli ola bilər. Suriyadakı vətəndaş müharibəsi nəticəsində ölkəyə 3 milyon suriyalı pənah gətirib.

Bir vaxtlar gəlhagəl yaşayan iqtisadiyyat indi axsayır. 2015-ci ildə millətçilərin səsləri cəlb etmək naminə hökumət müxalif kürdlərlə razılaşmanın üstündən xətt çəkib. Bütün bunlardan başqa ölkəni ağlı başdan çıxaran terror dalğası bürüyür.

“The Guardian” yazır ki, Reina gecə klubuna hücum Türkiyədə heç vaxt yaddan çıxmayacaq. Hücum edən elə edib ki, cəmiyyəti “bizlərə” və “onlara” parçalayıb.

Prezidentin əminliyinə baxmayaraq bir çox türklər öz həyat tərzlərinin təhlükə altında olduğunu düşünürlər.

“Nəyi gözləyirlər? Gözləyirlər ki, hamımızı tikə-tikə partladıb qurtarsınlar?” – deyib adının çəkilməsini istəməyən restoran sahibi “The Guardian” müxbirinə.

Bəzi məlumatlara görə iyul çevrilişi cəhdindən sonra 120 min hökumət qulluqçusu repressiya edilib. Onların üçdə birinin hələ də müəyyən mənada həbs olunduğunu düşünmək olar.


 


Məqalədə deyilir ki, Reina klubuna hücumdan sonra bir çoxları, hökumətin düşməni yenə də başqa yerdə axtarmasından narahatdırlar. Hökumət indi düşünə bilər ki, repressiyaları həyata keçirənlərin özlərinə də etibar etmək olmaz.

“The Guardian” yazır: Hətta hökumətin ən qatı opponentləri də inana bilmirlər ki, kimsə ötən iyulda radiostansiyanı tutmaqla G20 və NATO üzvü olan ölkənin nəzarət altına alınmasını mümkün sayıb.

Məqalədə təəccüb ifadə olunur ki, çevriliş cəhdindən bir-iki saat sonra İstanbulun Atatürk hava limanından sərnişin uçuşları normal şəkildə necə təkrar açıla bilərdi?

Türkiyənin sosial mediası

“The Guardian” yazır ki, ölkə tez bir şəkildə normala qayıtsa da, bu artıq prezidentin daha da güclü olduğu yeni normal idi. İndi bəziləri ehtiyat edirlər ki, Erdoğan artıq tamamilə yalnız onu dəstəkləyənlərin yanındadır və innən belə bütün türklərin prezidenti deyil.

İstanbulun Sabancı Universitettinin fəxri sosiologiya professoru Ayşe Öncü deyib ki, “Türkiyə artıq solların və sağların deyil, dinçilərin və dünyəviçilərin ölkəsidir”.

Türkiyənin dövlət qurumu olan dini işlər idarəsinin sədri xitabət kürsüsündən Yeni il şənliyinin keçirilməsini lənətləyib.

Son günlər Türkiyənin sosial mediası Santa Claus-un linç edilməsini göstərən şəkil və videolarla dolu idi.

İstanbuldakı almandilli məktəbə Yeni ili qeyd etmək qadağan olunduqdan sonra Die Welt qəzeti Erdoğanın karikaturasını dərc edib. Bu şəkildə Türkiyə prezidenti Miladı oğurlamış nağıl obrazı Grinch kimi təsvir edilib.

“The Guardian” yazır ki, belə bir karikaturanı dərc etmək hər hansı bir türk qəzeti üçün təhlükəli qəhrəmanlıq olardı. Çünki hazırda 140 jurnalist Türkiyə məhbəslərindədir.

Londonda mənzillənmiş Article 19 təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Katie Morris deyir ki, Türkiyə məhkəmələrindən ədalət görməyən jurnalistlər Avropa Məhkəməsinə müraciət edirlər.

“The Guardian” yazır ki, bir vaxtlar özünü Türkiyəni Avropaya yaxınlaşdıracaq islamçı partiya kimi təqdim edən AKP indi ölkəni tamamilə təcrid olunmuş vəziyyətə salıb.

Soyuq hava dekabrın son günlərində Türkiyədə elektrikin kəsilməsinə səbəb olub, lakin belə şayiələr də gəzir ki, bunu heç kimin Yeni il bayramı keçirdə bilməməsi üçün hökumətin özü bilərəkdən edib, “The Guardian” yazır.

“The Guardian” yazır ki, Erdoğanın dostlaşmağa can atdığı Rusiyadan fərqli olaraq, Türkiyənin öz camaatını sədaqətli saxlamaq üçün nefti və ya təbii qazı yoxdur.

İndi İstanbulun küçələrində təkəm-seyrək insan görmək olar. Milli valyuta hətta Reina basqınından əvvəl də qiymətdən düşməyə başlamışdı.

Lakin əksəriyyət düşünür ki, bütün bunlar Erdoğanı ipə-sapa yatdıra bilməyəcək. Özünün prezident səlahiyyətlərinin artırılmasına işarə edən prezident son çıxışlarından birində deyib: “Bəzən sizin üçün xeyrli olan bir şeyi istəməyə bilərsiniz, bəzən də elə bir şeyi xoşlaya bilərsiniz ki, sizin üçün ziyandır”.

Başqa sözlərlə bu o deməkdir ki, Türkiyə avtoritarlığı bu gün xoşlamasa da, sabah acı dərman kimi qəbul etməyə məcbur ola bilıər.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Avropa Birliyi Azərbaycanla da viza rejimini ləğv edə bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: