Loading...
Loading...

Daha bir neçə bank bağlanacaq, amma…

Azərbaycanın bank sisteminin sürətli və yaxşı təşkilatlanmış şəkildə təmizlənməsi iqtisadiyyatın real sektoruna kredit axınının effektivliyini bərpa edəcək. Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi “IMF News”a müsahibəsində Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və perspektivləri barədə açıqlamasında deyib.
M.əl-Qorçi Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı fikirlərində struktur islahatlarının genişləndirilməsinin əhəmiyyətini də qeyd edib. IMF rəsmisi yeni iqtisadi modelə keçiddə qəbul olunacaq qərarların şirkətlər arasında rəqabəti artırılması, biznesə başlamağın asanlaşdırılması üçün zərurətini vurğulayıb. İnsan kapitalına investisiyanın vacibliyini qeyd edən missiya rəhbəri işə qəbul və işdən çıxarılma qaydalarının da tənzimlənməsinin önəmini vurğulayıb (Report).
Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Bizimyol.info saytına şərhində bildirib ki, BVF nümayəndəsinin fikirlərini haqlı hesab edir. “Xüsusilə də “bank sisteminin sürətli və yaxşı təşkilatlanmış şəkildə təmizlənməsi” ifadələri çox yerində qeyd edilib. Hələ ilin əvvəlindən demişəm ki, artıq gözləməyə vaxt yoxdur. Bank sektorunun əsas problemi qeyri-sağlam bankların olmasıdır və onları təmizləmək lazımdır. Çünki pis banklar yaxşı banklara da mənfi təsir göstərirlər”.

Əkrəm Həsənov: «Palata ya vəziyyəti başa düşmür, ya da xalqla qeyri-səmimidir»

Ekspert təəssüflə qeyd edir ki, bu proses Azərbaycanda ləng aparılır. Burada müəyyən subyektiv amillər var: bu filankəsin bankıdır, bu belədir, bu elədir və s. İlin əvvəlindən görürük ki, 6 bank, ardınca isə iyulda 4 bank bağlandı. BVF nümayəndəsinşt çıxışından da görünür ki, hələ də bağlanmalı olan banklar var və proses davam edəcək. Bu baxımdan da Maliyyə Bazarlarına Nəzarət Zalatasının dünən verdiyi bəyanatla da razılaşmıram. Palata bəyanat verib ki, yaxında bağlanası bank yoxdur. Onlar eyni sözü apreldə də demişdilər, amma iyulda bağlanan banklar oldu. Belə çıxış edib sonradan bağlamaq əslində bank sistminə və onlara nəzarət edənlərə etimadı azaldır. Bu sahənin peşəkarları, ekspertlər arasında isə belə bir rəy yaranır ki, bank sahəsinə nəzarət edən orqan ya işinin öhdəsindən gələ bilmir, vəziyyəti başa düşmür, ya da başa düşür, sadəcə xalqla qeyri-səmimidir. Bu da əlbəttə ki, pis haldır”.
Əkrəm Həsənov bildirir ki, Məhəmməd əl-Qorçinin açıqlamasında qeyd etdiyi struktur islahatları və digər məqamlar da tamamilə doğrudur. “Amma burada bir məqama diqqət yetirmək lazımdır. Yaxşı olar hər dəfə bunu konkret desinlər ki, Azərbaycanda iqtisadi inkişaf, biznes, qeyri-neft sektorunun inkişafı ölkədə müstəqil məhkəmə sistemi olmayınca mümkün olmayacaq. Vəziyyət elədir ki, nəinki xarici sərmayəçilər, heç yerli sərmayədarlar da bura pul qoymaq istəmirlər. Hazırda kimin əlində bir az pulu varsa, Qərbi Avropaya da imkanı çatmasa da, çalışır ki, Şərqi Avropa ölkələrində, Gürcüstanda, Türkiyədə, hətta Ukraynada özünə kiçik bir biznes qursun, amma Azərbaycana pul qoymasın. Səbəbi də odur ki, sabah biznesinin, mülkünün qanunsuz əlindən alınmasından qorxur, qanunsuz tətbiq edilən vergi, rüşvət hallarından çəkinir. Çünki onu müdafiə edəcək qurum yoxdur. Bu qurum isə məhkəmədir. Məhkəmələrin müstəqilliyinə o zaman inanaram ki, ən azı hakimlərin əməkhaqqı artırılsın. Azərbaycanda hakimlərin maaaşı təxminən 500 dollardır. Bu məbləğdə maaş alan hakimdən hansı ədaləti gözləmək olar? Yaxşı olardı ki, beynəlxalq qurumlar bu məsələlərə də diqqət yetursinlər. Çünki problemin əsası budur” – Ə.Həsənov bildirib.

BVF: Bankların bağlanması davam edəcək

Qeyd edək ki, BVF də Azərbaycanda bankların bağlanma prosesinin davam edəcəyini hesab edir. BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib. “Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub. Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir”, – deyə hesabatda qeyd olunur.
BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.

Qeyd edək ki, yanvar-iyul aylarında respublikada tənzimləyici tərəfindən 10 bankın lisenziyası ləğv edilib. Hazırda Azərbaycanda 34 bank fəaliyyət göstərir.

Əlavə edək ki, BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı gələcək illər üçün nikbin proqnoz verib. Fondun hesabatında qeyd edilir ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının 1,4 faiz artımını proqnozlaşdırır. Hesabatda ölkə ÜDM-in artımı üzrə əvvəlki proqnozu 1 faiz təşkil edib.Hesabata əsasən, Azərbaycan ÜDM-in proqnozlaşdırılan artımı 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,9 faiz, 2020-ci ildə isə 2,5 faiz təşkil edəcək.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Yüksək faiz əhalinin kreditödəmə qabiliyyətiyini aşağı salacaq”

%d bloqqer bunu bəyənir: