Loading...
Loading...

Dələduzla dövlət məmurlarının ortaq «layihəsi»

Uşaqlıq dostuna etibarı Elxan Zamanova baha başa gəlib. Onunla eyni kənddən olan  Seymur Heydərov ondan 22 min manat pul alıb, həmçinin Bakıdakı iki mənzilini sataraq pullarını mənimsəyib.

Bu barədə Bizimyol.info saytına Elxan Zamanovun özü məlumat verib. Əslən Masallı rayonunun Xıl kəndindən olan Elxan 1999-cu ildən Rusiyada işləyib. 2007-ci ildə Azərbaycanda ailə qurub. “Həmin il Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində mənzil aldım. Özüm rayonda qeydiyyatda olsam da, həyat yoldaşım və iki uşağım orada rəsmi qeydiyyatdadır. 2008-ci ildə isə Nəsimi rayonu Mir Cəlal 58 ünvanında daha bir mənzil aldım. Mənzilləri kirayəyə vermişdim. Pulunu isə dostum Seymur alırdı ki, guya mənə verəcək. Hələ üstəlik məndən əlavə borc da almışdı. Ümumilikdə mənə 22 min manat borcu vardı.
2011-ci ildə anamın səhhətində yaranan problemlə əlaqədar Azərbaycana gəldim. Seymur mənə dedi ki, sənin evinə 500 manat əlavə borc yazıblar. Amma prezidentin sərəncamı ilə köhnə borclar silinib. Sənin adına isə borc qalır, onu məhkəmə yolu ilə sildirmək lazımdır. Mən də qardaşım oğlu Kamran Zamanovun adına etibarnamə verdim ki, bu məsələ ilə məşğul olsun. Bilsəydim ki, axırı belə olacaq, elə gedib 500 manatı ödəyərdim. Sonra Seymur dedi ki, etibarnaməni mənim adıma ver, özüm vəkillə həll edəcəm. Qardaşım oğlu da mənim icazəmlə adımdan ona etibarnamə verib. Bir neçə gün qaldıqdan sonra anamın səhhəti normallaşdığı üçün qayıtdım Rusiyaya. Gedəndən 3-4 ay sonra öyrəndim ki, Seymurun çox adama borcu var. O zərgər idi, qızıl biznesi ilə məşğul olurdu. Zəng etdim ki, nə məsələdir, dedi ki, sərhəddə brilyantımı tutublar, işə düşmüşəm, narahat olma sənin evini banka girov qoymuşam, kredit götürürəm. Sərt formada etiraz etdim, mübahisə etdik. Qayıtdım Azərbaycana, getdim banka, dedilər ki, bizə heç bir ev girov qoyulmayıb”.
“Evimi federasiya prezidenti Cəsarət Əhmədov alıb”
Bunun üstündən az keçmiş Elxan öyərinb ki, dostu Seymur onun evini satıb. “Evdə olan kirayənişim zəng etdi ki, Cəsarət adında bir nəfər gəlib evə ki, mən bu evi almışam, 1 gün ərzində evi boşaldın. Kirayənşindən nömrəni alıb zəng etdim. Dedim qardaş, o ev mənimdir, sən necə almısan? Çox kobud və sərt danışdı mənimlə. Dedi ki, sən bilirsən mən kiməm, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovam, istəsəm sənin cibinə narkotik atdırjb tutduraram. Onunla şəxsən görüşdüm, bir neçə idmançı ilə gəlmişdi. Dedi ki, mən evi 50 minə Seymurdan almışam. Mən etirazımı bildirəndə cibindən prezidentin şəklinin çıxardı ki, bax gör mən kiməm, sənin başına oyun açaram…”
Elxanın başına gələnlər bununla da bitməyib. Az müddət sonra məlum olub ki, Seymur verilmiş etibarnamədən istifadə edərək, onun digər evini də Cahangir adlı başqa bir şəxsə satıb. “Öyrəndim ki, Seymurun faizlə borcu olduğuna görə, mənim evlərimi onların adına keçirib, borcu bağlayıb. Yerdə qalan məbləği isə özünə götürüb”.
Dövlət qurumlarından alınan saxta arayışlar və qanunsuz alqı-satqı
E.Zamanov bildirir ki, onun evlərini qanunsuz şəkildə almış Cəsarət Əhmədov və Cahangir Şahbazov izi itirmək üçün tez bir zamanda həmin mənzilləri başqa adama satıblar. Bundan sonra Elxan Zamanov həyat yoldaşı ilə birgə Nəsimi rayon Məhkəməsində həm adıçəkilən şəxslərə qarşı, həm də sonradan evi onlardan alanlara qarşı iddia qaldırıb. “Məhkəmədə evlərin alqı-satqısı zamanı çox sayda qanunsuzluqlara yol verilməsi və saxta sənədlər alınması ortaya çıxdı. Belə ki, həyat yoldaşım həmin evdə qeydiyyatda olduğu halda, onun razılığı olmadan evin satılması qanunvericilklə qadağandır. Məhkəmədə məlum oldu ki, Seymur Masalı rayonuna gedərək, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən onun subay olması barədə saxta arayış alıb. Deyib ki, guya Rusiyada mənə belə bir arayış lazımdır. Masallı ZAQS-nın müdiri Xanverdii Həsənov da həmin arayışı verib. Halbuki mən 2007-ci ildə həmin ZAQS-da nikaha girmişəm. Həmin arayışı da notariat kontoruna təqdim edib ki, evin satılmasına etiraz edəcək şəxs yoxdur. 27 saylı notariat kontorunun müdiri Eldar Qurbanov isə yoxlamadan evi digər şəxsin adına alqı-satqısını rəsmiləşdirib. Həmçinin yoldşım və iki övladım həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, digər bir saxta arayış da 51 saylı Mənzil Kommunal İstismar Sahəsi (JEK) tərəfindən verilib ki, guya həmin ünvanda heç kim qeydiyyatda deyil. Arayışı JEK-in rəis müavini Zərifə Babayeva hazırlayıb, rəis Aydın Qurbanov imzalayıb”.
Dələduz həbs edildi, vəzifəli şəxslər isə məsuliyyətdən kənarda qaldı
E.Zamanov vurğulayır ki, məhkəmə bütün bu halları araşdırdıqdan sonra onun xeyrinə qərar çıxarıb. “Qətnamədə bütün alqı-satqıların ləğv edildiyi və və hər iki mənzilə mülkiyyət hüququmun bərpa olunması qət edild. Ancaq saxta sənəd verən vəzifəli şəxslərin heç biri ilə bağlı qətnamədə hansısa qərar və ya xüsusi qərardad çıxarılmadı.  Qarşı tərəf isə apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin qərarının ləğvinə nail oldu. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra mənə qarşı edilmiş dələduzluğa və vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı polis orqanlarına müraciət etdim. Polis bölməsinə və Nəsimi rayon Polis İdarəsinə müraciətlərim nəticəsiz qaldı. Nəhayət, Bakı Şəhər Baş Polis İdarəsi cinayət işi başladı. Seymur Həsənov mənim işimlə bağlı Cinayət Məcəlləsinin 178.2.3 (külli-miqdarda dələduzluq) və başqa bir şikayətçinin müraciətinə əsasən 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham olundu”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli hökmü ilə Seymur Həsənov dələdizluqda təqsirli bilinərək 8 il, oğurluqda təqsirli bilinərək isə 7 il müddətinə, cəzaların qismən toplanması yolu iləı ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edilib.
E.Zamanov bildirib ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı saxta sənəd vermiş vəzifəli cəlb edilsələr də, onların barəsində cinayət təqibinə xitam verilmişdir.
Bizimyol.info saytının əməkdaşı Notariat və Qeydiyyyat şöbəsindən alınan saxta sənədlərlə bağlı deyilənlərə mövqe öyrənmək üçün Ədliyyə Nazirliyi mətbuat xidməti ilə əlaqə saxlasa da, telefon zənglərinə cavab verilmədi.
Cəsarət Əhmədov: “Mən pulumu verib notariusda qanuni alqı-satqı etmişəm”
Bizimyol.infosaytı məsələ ilə bağlı Azərbaycan Qol Güləşi Federasiyasının rəhbəri Cəsarət Əhmədovun da mövqeyini öyrənib. C.Əhmədov bildirir ki, o, bu məsələdə heç bir qanunsuz əmələ yol verməyib. “Mənim elə evlərim çoxdur. Alıram, satıram, tikinti işlərim var. Çünki ilk ixtisasın inşaat mühəndisidir. İkinci ali təhsil olaraq Bədən Tərbiyəsi Akademiyasını bitirmişəm. Bir gün axşamüstü makler zəng etdi ki, ucuz ev var, ala bilərsənmi? Dedim problem yoxdur, amma indi notarius işləməz. Dedi ki, zəng etmişik, notarius bizi gözləyir. Makler dedi ki, ev ikiotaqlıdır, 50 min dollara verirlər. Evdə cavan ailə kirayəşin qaldığına görə tam baxmadım evə. Vasitəçi Şamxal, Seymur və mən getdik notariusda, Eldar müəllimin yanında pulu verib, alqı-satqı elədim. Səhəri günü evə kirayənişinə dedim ki, kirayə pulunu bundan sonra mənə verəcəksən, Seymura yox. Evə baxdım ki, mənzil əslində birotaqlıdır, iki otağa düzəldilib. Kiraynişin də dedi ki, mənə evi Seymur kirayə verib. Mənə də Seymur Elxanın etibarnaməsini təqdim etdi və bildirdi ki, o, Rusiyadadır. Notariusda da telefonla yanımda danışdı, Elxan dedi ki, bəli etibarnaməni mən vermişəm. Mən evin ikiotaqlı deyil, birotaqlı olduğunu görüb Seymura zəng etdim. Dedi ki, Türkiyədəyəm, gələndən sonra sənə 10 min dollar qaytaracağam. Sonradan 6500 dollar aldım. Üstündən 3-4 ay keçəndən sonra həmin evi satdım. Satmamışdan əvvəl Elxan zəng etmişdi ki, o ev mənimdir. Mən də dedim ki, rəsmi qaydada pulumu verib almışam. Yəni problem Seymurla sənin öz arandadır, etibarnamə vermisən, o da mənə satıb”.
Məhkəmə qərarına gəlincə, ferderasiya rəhbəri bildirir ki, o, Polşada yarışda olan zaman məhkəmə onun iştirakı olmadan qərar çıxararaq, mülkiyyət hüququnu ləğv etsə də, sonradan Apellyasiya məhkəməsində qərarı ləğv etdirib. «Sonradan polisdə ifadə verib hamısını olduğu kimi danışdım. Bir müddət sonra Seymuru həbs edərək hökm oxudular. O məhkəmədə də ifadə verdim, dedilər ki, burada sənlik bir məsələ yoxdur. Mən hacı adamam, heç vaxt kiminsə haqqına girmərəm. Burada mənlik heç bir məsələ yoxdur, problem Elxanla etibarnamə verdiyi dostu Seymur arasındadır”- deyə, C.Əhmədov bildirir.
“Ümidim Avropa Məhkəməsinədir”
Elxan Zamanov isə hüquqlarının bərpası üçün addımlarını davam etdirir. O qeyd edir ki, mülki qaydada qaldırdığı iddia ilə əlaqədar Ali Məhkəmə qərar versə də, o, yeni açılmış hallarla bağlı əlavə kassasiya şikayəti də verib. Lakin məhkəmə bu şikayətə baxışla bağlı imtina verib. “Artıq bu iş üzrə verilən qərarlardan Avropa Məhkəməsinə şikayət hazırlayırıq. Həmçinin vəzifəli şəxslərin qanunsuz əməllərinin araşdırılması üçün Baş Prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər müxtəlif qurumlara müraciət etmişəm. Son olaraq Baş prokurorluqdan cavab verilib ki, müraciətim baxılması üşün Bakı Şəhər Prokurorluğuna göndərilib. Azərbaycanda olmasa da, Avropa Məhkəməsində polzulmuş hüquqlarımın bərpasına nail olacağam”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İnanılmaz: Sumqayıtda həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu

Loading...
%d bloqqer bunu bəyənir: