Loading...
Loading...

Covdarovun səhhətiylə bağlı məlumatlar hakimiyyətə mesajdır?

Əyyub Kərimov: “Müdafiə etdiyi şəxsin səhhətində problemlərin qabardılması vəkillərin seçdiyi taktikalardan biri olur”

Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun səhhəti ilə bağlı mətbuatda müxtəlif məlumatlar getməkdədir. Covdarovun vəkili Sadiq Rəsulov iddia edir ki, o, səhhəti ilə bağlı həbsxanadan azad olunmalıdır.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanov isə mətbuata açıqlamasında Covdarovun səhhətinin normal olduğunu deyib, Akif Çovdarov isə İ.Qurbanovun bu açıqlamasına etiraz edib. Covdarovun vəkili Musavat.com-a müvəkkilinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və həbsdə saxlandığı hər günün onun həyatı üçün təhlükə olduğunu bildirib. Vəkil qısa zaman ərzində lazımi tədbirlər görülməyəcəyi təqdirdə Çovdarovun dünyasını dəyişə biləcəyini də istisna etmir.

Bir sıra ekspertlərin fikrincə, Covdarovun səhhəti ilə bağlı məlumatların intensiv xarakter alması əslində hakimiyyətə verilən mesaj sayıla bilər. Bununla Covdarov barəsindəki qərarın dəyişməyəcəyi təqdirdə bir sıra faktları aça, adlar çəkə biləcəyinə işarə edir.

eyyub-kerimov2

Ekspert Əyyub Kərimov hesab edir ki, burada hər iki xətt mümkündür. Çünki bəzən müdafiə etdiyi şəxsin səhhətində problemlərin qabardılması vəkillərin seçdiyi taktikalardan biri də olur: “Bir qayda olaraq vəzifədə olan şəxslər xəstəliklərini inkar edirlər. Bəyan edirlər ki, yox mən hələ bir yüz il də yaşayacam. Səhhətimdə heç bir problem yoxdur. Amma elə ki, şəxs həbs olunur. İnformasiya yayılır ki, onun səhhətində ciddi və kəskin problemlər var. Bu müdafiə taktikalarından biridir. Çünki həbs qətiimkan tədbirinin dəyişdirilməsinə bir səbəb də saxlanılan şəxsin səhhəti ilə bağlı problemlər ola bilər. Amma digər tərəfdən bu məlumatlar doğru da ola bilər. Müdafiə tərəfinin dediklərinə inansaq Covdarov mxtəlif xəstəliklər keçirə bilər. Çünki bir var vəzifə stolu, istənilən şəkildə qidalanma və bir də var kamerada saxlanılma”.

Covdarovun səhhəti ilə bağlı məlumatların açıqlanmasının hakimiyyətə bir mesaj olmasıyla bağlı fərziyyələrə gəlincə isə, Ə.Kərimov hesab edir ki, artıq Covdarovun danışması bir şeyi dəyişməyəcək: “Onsuz da məlum olan şeylərin hamısı açıqlanıb. Covdarov elədiklərini edib və bunlardan rəhbərliyin xəbəri var. Akif Covdarov necə bütün bunları edib, kölgədə qala bilərdi. Ona görə hər şey aydındır. Bu baxımdan onun danışıb-danışmaması o qədər böyük rol oynamır. Akif Covdarov bütün bunları edəndə gərək düşünəydi. Nə qədər də cəzasızlıq mühiti olsa da bir gün mütləq cavab verməli olursan. Hadisələrin gedişi göstərəcək ki, səhhəti ilə bağlı məslələr müdafiənin taktikasıdır, yoxsa başqa məqamlar var. Amma mən onun barəsindəki həbs qətiimkan tədbirinin dəyişdirilməsinə inanmıram”.

azadliq.info

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Duz niyə süfrənin bərəkəti sayılır?

Loading...
%d bloqqer bunu bəyənir: