Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

CO-nun arzuları – Aqil Ələsgərdən sabiq deputata CAVABNAMƏ

Deməli, FETÖ tərəfindən cavab veriləcəyi gözlənilən idi. Bu qədər hücumun, xüsusilə, “Səssiz İşğal” kitabının Türkiyədəki rezenonsının bir cavabı olmalı idi. Hazırda gələn məlumatlar cavabın Ceyhun Osmanlı (bundan sonra CO) ilə məhdudlaşmayacağı, tam əksinə, canım Azərbaycanda və Türkiyədə əleyhimə bir etibarsızlaşdırma, gözdən salma kampaniyasının aparılacağı yönündədir. FETÖ biz bu davaya başladığımız illərdə – 2007-2008-ci illərdə etdiyi kimi, barəmizdə süni düşmən obrazı yaradıb, yalnızlaşdırmaq, təkləmək metodundan istifadə edir. Belə ki, o zamanlar haqqımızda Türkiyədə populyar olan “Ergenekon” kartından istifadə edir, araşdırmalarımızın “Ergenekon” adlı xəyali örgütün əsəri olduğunu iddia edirdilər.

İndi isə CO iddia edir ki, “Xarici ölkə kəşfiyyatı ilə birmənalı şəkildə əlaqələri var… … Aqil Ələsgərin rəhbərlik etdiyi sayt Türkiyədə müəyyən dairələrin göstərişlərini yerinə yetirir”. Yəni, o zaman CO və digər fətullahçılar məni Türkiyədəki xəyali bir terror örgütünə bağlayırdılarsa, artıq bir rəsmi quruma bağlı olduğuma “qənaət gətiriblər”. Fəqət unutduqları bir məqam var…

O da bizim nədən bu mübarizəyə başlamağımızla bağlıdır… Aqil Ələsgər də sentimental reportajlar yazıb, ütülü müsahibələr götürər, gününü keçirərdi. Sağlamlığıma, maddi durumuma, bir sözlə həyatımın hər səhifəsində zərərimə olan bu mübarizəyə niyə girdim? Nə üçün təhlükəli sularda üzməliydim? Biz bu mübarizəyə başlarkən, CO-nun “sifariş aldığımı” iddia etdiyi Türkiyə hökuməti FETÖ-nün arxasındaydı. Həmdə elə bir arxasındaydı ki, burada o zaman ən çox təzyiqə məruz qaldıqlarım bir CO-nun abiləri, bir də elə o dövlətin təmsilçiləri idi. Fəqət bizi bu mübarizəyə sövq edən həm “Terrorun Gülən üzü”, həm də “Səssiz İşğal” kitablarımda qeyd etdiyim kimi, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu çağırışı idi:

“Xaricdən Azərbaycana müxtəlif dini meyillərin gəlməsi tendensiyaları artsa, ölkədə böyük problemlər yaranacaq. Belə hallara qarşı bütün xalq etiraz etməlidir”

“SSRİ dağıldıqdan sonra müxtəlif dini təriqətlər Azərbaycandakı azadlıqdan istifadə edərək ölkəyə gəlib. Bu təriqətlər Azərbaycandakı ənənəvi dinə uyğun gəlmir. Bu nöqteyi-nəzərdən bu problemlər bizi narahat edir”

“Demokratikləşmə eyforiyası bir tərəfdən, dini etiqad azadlığına gətirib çıxarmış, digər tərəfdən isə ölkənin milli təhlükəsizliyinə qorxu yaratmışdır. Təriqətçilik cərəyanlarının sayı artmağa başlamış, Azərbaycanda din yeni Avropa (xristian), İran, Türkiyə, ərəb dini modellərinə, ya da “liberal islam” modelinə yönəlmənin təcrübə obyektinə çevrilmişdi. Siyasi partiya bayrağı altında radikal islam  qruplarını birləşdirməyə cəhdlər göstərilir”.

Bəli, bu gün Milli Şuranın mitinqlərindəki dini motivləri cənab akademik hələ 2007-ci ildə uzaqgörənliklə qələmə alaraq, müxtəlif dini meyillərin ölkəmizə problemlər yaradacağını qeyd etmiş və xalqı buna qarşı etiraza çağırmışdı. Biz də məhz Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşının dövlətin bu məsələdəki mövqeyini ortaya qoymasından güc alaraq, belə bir örgütə qarşı mübarizəyə başladıq. Çünki Azərbaycan mətbuatında bu kimi örgütləri həm də ilahiyyatçı olaraq bilən demək olar ki, yox idi… Olan da səsini çıxarmırdı… Bu yöndə mübarizə aparacaq potensialı özümüzdə gördüyümüz üçün meydana girdik…

Təkcə FETÖ-yə qarşımı? Bu gün ölkəmizdəki bütün yad dini ünsürlərə qarşı ən sərt mövqeni qoyduq. Əgər CO izləməyibsə, müraciət etdiyi qurumlardan həm də adnançılarından hizbullahçılarına, Mustafa İslamoğlundan Moon Təriqətinə qarşı bu ölkədəki ilk araşdırmaları kimin yazdığını soruşa bilər. Ermənilərin ölkəmizə hansı təriqətlərlə soxulmaq istədiyini 2008-2009-cu illərdə faktlarla yazan müəllif haqqında “Türkiyədə Xocalı haqqında məqalə dərc etsin” demək, Allahsızlıqdır. Biz həm burada, həm xaricdə erməniyə və ermənipərəstlərə qarşı hər zaman ön sırada olduq və olmaqdayıq!

 

“Samanyolu”na ödənən 800 min dolar və bizim Xocalı fəaliyyətimiz

1477800_10201862055865813_1246873012_n

Çünki mən COdan fərqli olaraq, Xocalı Soyqırımının təbliğatı üçün ayrılan səkkiz yüz min dolları “Samanyolu”na verməmişəm. Ancaq tam əksinə, 2008-ci ildən bəri hər il Türkiyədə “Xocalını unutma, unutdurma” kampaniyası çərçivəsində “Xocalı həftəsi” keçirirəm. Bu illər ərzində Türkiyənin nüfuzlu təşkilatlarının maliyyə dəstəyi ilə dəfələrlə beynəlxalq simpozium və konfranslar təşkil etmişəm. Qazaxıstandan Türkiyənin ayrı-ayrı şəhərlərinə qədər keçirilən konfranslarda Diasporla İş Üzrə Dövlət Komitəsinin verdiyi ədəbiyyat və disklərlə Qarabağ sərgiləri təşkil etmişəm. “Yeni Şafak”, “Sabah” və başqa qəzetləri vərəqləyərsə, Haber7.com, “İnternethaber.com” və başqa nüfuzlu saytlara daxil olarsa, Xocalı Soyqırımı ilə bağlı onlarla yazılarıma, müsahibələrimə rast gələ bilər. Ayrıca, hər il ən az üç-dörd türk telekanalında 25-26 fevral tarixlərində türk ictimaiyyətinə Xocalı soyqırımını mən anladıram. Təkcə, bu il 25 fevral tarixində TRT Ərəbiyyə, Ülke TV, TV NET, Akit TV və “Ulusal” kanallarında Xocalı Soyqırımı ilə bağlı həqiqətləri anlatdım. Yəni, təkcə türk ictimaiyyətinə deyil, ərəb dünyasına da Xocalı Soyqırımını anlatmağı hər zaman boynumuzun borcu bilmişik.

11026278_10205091796647314_3507635220455291937_nMərmərə, Yeni Yüz Yıl, Giresun, Haliç və başqa universitetlərdə, Ankarada, İstanbulda, Bursada, İznikdə, İnegöldə konfranslar təşkil edən, İnsani Yardım Vəqfinin dəstəyi ilə hər il “Hocalı raporu” çıxartdıran, bu il isə Xocalının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının Türkiyədə çap olunmasına nail olanlardan biri və kitabın ön sözünün müəllifi də mənəm. Sarıqamışın 100-cü il dönəmində Qarsda, 28 may 2015-ci ildə Taksimdə minlərlə Azərbaycan bayrağını və Bakı 2015 bukletlərini payladığımız tədbirlərin təşkilatçısı da mənəm və CO-dan fərqli olaraq, bunu öz şəxsi vəsaitimiz hesabına etmişik.

10469437_10203337331706787_7065443270850495158_nXocalı Soyqırımı ilə bağlı Türkiyədəki fəaliyyətimə görə, ilk təqdirnaməni də 2008-ci ildə Türk Dünyası Araşdırmalar Vəqfinin qurucu başqanı, mərhum Turan Yazgandan almışam. Sadəcə Türkiyədə də deyil, Belçikada, Quzey Kıprısda, İsveçdə Qarabağ və Xocalı prioritet mövzum olub və olacaq. Ancaq biz bunu vətənimiz qarşısında borcumuz bilmişik. Sizin kimi ASAİF-in Romada tədbirini keçirib, ora sadəcə Azərbaycan mediasını məcburi olaraq, gətirməmişik. Bizim bütün tədbirlərimiz yerli vətəndaşların və medianın diqqət mərkəzində olub. Siz dövlətin etimadından sui-istifadə edib, paralarını həzm-rabedən keçirərkən, biz bunun üçün heç vaxt bir imtiyaz gözləməmişik. Bir ərəb atalar sözü belədir: Borca görə, təşəkkür olmaz. Biz də bunu borcumuz bilmişik və bilməkdə də davam edirik.

12932567_10207858611855965_7239997455174174049_nMəncə, Xocalı mövzusu ilə bağlı yetərincə cavab oldu. Olmasa, CO “Google”də “Agil Alesger Hocalı” yazarsa, bizim bu yöndəki fəaliyyətimizlə yaxından tanış ola bilər.

10417542_10205766317669918_1676679322965136685_n

Şah İsmayılı təhqir edənin tələbəsi CO

Sözün düzü, heç bir ittihamı bu sözlər qədər mənə təsir etmədi: “Mən həmin saytda dəfələrlə Şah İsmayıl Xətainin, Səfəvilər İmperiyasının aşağılandığının şahidi olmuşam.” Mən təkcə Azərbaycanda deyil, Türkiyə mətbuatında belə Şah babam İsmayıl ilə bağlı mövqeyi bilinən adamam. Üstəlik, Şah İsmayıl ilə bağlı təhqiramiz fikirlərə ən sərt reaksiyanı verən də bizik. Bu yerdə deyiblər ki, adımı sənə qoyum, səni də yana-yana… Şah İsmayılı təhqir edən CO-nun tərifini yerə-göyə sığdıra bilmədiyi liseylərin baş məsləhətçisi Nazim Əkbərovdur. Öz müəlliminin yazısını tənqid etdiyimiz yazını bizim adımıza çıxmaq istəyirsə, “Gülənin erməni İSTƏKli müridlərinin Xətai dərdi” (http://yenicag.az/gulenin-ermeni-istekli-muridlerinin-xetai-derdi-i-yazi/) başlıqlı yazımızı yenidən oxusun. Görsün ki, akademik Mehdiyevin “Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi” adlandırdığı Şah babamız haqqında “türk liseyi” dediyi “Çağ Öyrətim”in baş məsləhətçisi Nazim Əkbərov nə yazıb.

Sitat: “Şah İsmayıl fenomeni xristian Avropasının, fars ideoloqlarının və rus imperiyasının ehtiyat kartı idi. Stepan Şaumyan kartı vurulan kimi ortaya Şah İsmayıl kartını atdılar. Ən faciəli hal bu idi ki, Şah İsmayılı göylərə qaldıran, portretini böyüdüb mitinqlərə, küçələrə çıxaran “Millət, millət” şüarı bağıranlar idi və məhz onların hakimiyyəti dövründə Stepan Şaumyanın heykəlinin yerinə Şah İsmayılın heykəlini oturtdular. O Şah İsmayılı ki, ortodoks kilsəsinin sadiq qulu Martanın oğlu idi. Erməni keşişlərindən tərbiyə almışdı və şeirlərində özünü Allah elan edirdi (haşa!)… (“Zamanın axarında” silsilə kitabları. Ədəbiyyatımızın tarixi və tariximizin ədəbiyyatı. III kitab.2003)

İndi Şah İsmayılı təhqir edən, erməni adlandıran sənin oxuduğun liseyin baş məsləhətçisi, ancaq sırf Şah babamızı müdafiə etdiyimiz və ona uzanan dilləri ifşa etdiyimiz üçün biz suçlanırıq? Yaddan çıxarmayaq ki, CO-nun bir zamanlar heç bir tədbirini qaçırmadığı Ənvər Özərənin “sağ qolu” olan N.Əkbərov hazırda “İstək” liseyində baş məsləhətçidir. Yəni, etiraz etmək istəyirsə, ünvanı düzgün müəyyənləşdirsin.

CO-nun və mənim bank hesablarımız araşdırılsın

Əslində, CO-nun mənimlə bağlı maraqlı bir təklifi var ki, ikiəlli dəstəkləyirəm: “Mən buradan Azərbaycan dövlətinə və mediasına müraciət edirəm ki, Aqil Ələsgərin son illərdə bank hesabları araşdırılsın”. Mən hazır! Təkcə, bank hesablarım deyil, harada yaşamağım, darısqal ev şəraitim, qaldığım daxma, ofis olaraq sığındığım dost ocağı, qazanc mənbəyim… Hamısı araşdırılsın. Eyni zamanda sabiq deputatın Bakı kəndlərində villa, şəhərin mərkəzində 2-3 ev, son model bir neçə maşına necə sahib olduğu da araşdırılsın. Onun dönəmində “İrəli” Gənclər Hərəkatı və “İrəli” İctimai Birliyinə ayrılan qrantların və o pullar hesabına həyata keçirilən lahiyələrin sonrakı talehi də didik-didik edilsin, “Yeni Çağ” qəzetinin və onun xələfi olan Yenicag.az-ın fəaliyyəti də… Ancaq bu Vergilər Nazirliyi içərisindəki fətullahçı şəbəkəyə bir işarə deyilsə, təbii ki… Elnur Aslanovun bir sözü ilə Rəbiyyət Aslanovanın YAP-çı rəqibinin oğlunu işdən atanlardan hər şey gözlənilir…

Ancaq CO istərsə, 7 nəfərlik ailəmlə qaldığım 37 kv.m-lik evimi necə və neçə ilə tikdiyimlə və hər yağış yağdığında evin hansı tərəflərinə vedrələr qoyduğumla bağlı da ətraflı məlumat verə bilərəm.

Üstəlik, kim CO-ya bu yalanı sırıyıb, bilmirəm, məni dost-tanışla üz-üzə qoyub: “Aqil Ələsgər hər hansı sosial şəbəkədə və ya saytda bir xəbərin paylaşılması üçün 100 dollar vəsait xərcləyir”. İndi bu xəbəri eşidən sayt rəhbəri olan tanışlarım hesablayıcını qarşılarına qoyub, bizim saytdan götürüb yayınladıqları yazıların məbləğini hesablayırlar ki, hərəsinə nə qədər borcum var… İnsafın olsun, barıtı bu qədər çox eləmə də, “bro”…

CO başqa bir ittihamında həm bizi Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməkdə suçlayır, həm də Türkiyədən sifariş almaqda ittiham edir. Axı Türkiyə və ya tutaq ki, o ölkənin xüsusi xidmət orqanları nə üçün qardaş ölkədə münasibətlərə xələl gətirəcək bir fəaliyyəti dəstəkləsinlər? Bu ittihamın özü Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmirmi? Bizim Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirən fəaliyyətimiz nədən ibarətdir? Gülənə qarşı mübarizəyə verdiyimiz dəstəkdən! Bizim yazılarımız və televiziya çıxışlarımız Türkiyə-Azərbaycan müasibətlərinə deyil, sizin Türkiyədə rahat hərəkət etmənizə əngəl törədir. Mütəmadi olaraq, çıxış etdiyini iddia etdiyin “Star” qəzetində belə ən son fətullahçıların idarəsində olanda çıxmısan. 24 TV-də   Burada bir haşiyə çıxmaq lazımdır.

 

Gülənə qarşı ilk mübarizəyə başlayan siyasi lider MƏNİM PREZİDENTİM İlham Heydəroğludur

13445746_10208379964849464_4915553546819639091_nBu gün hamı Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın FETÖ ilə mübarizəsinə dəstək verdiyini bildirir. Əslində, cənab Ərdoğan cənab Əliyevin 2006-cı ildə əsasını qoyduğu Fətullahçı Şəbəkə ilə mübarizəsinə dəstək verir. Dünənə qədər FETÖ-nün arxasında Türkiyə dayandığı üçün Azərbaycan ikili münasibətlərə xələl gəlməsin deyə, mübarizəsini səssiz aparılırdı. Ancaq bu gün Türkiyə də Gülənə qarşı Azərbaycanın 2006-cı ildəki mövqeyindədir. Yəni, Gülənə qarşı ilk mübarizəyə başlayan siyasi lider MƏNİM PREZİDENTİM İlham Heydəroğludur!  O İlham Heydəroğlu ki, sənin dostun Fərhad Məmmədov Etibar Məmmədovun təbliğatını apardığı 2003-cü ilin avqust ayında baş nazir olmasını təbrik edib, payızında isə prezident olmasına səs vermişəm və bu mövqeyim heç vaxt sənin ətrafındakılar kimi dəyişməyib. O illərdən tanıdığım və obyektivliyinə sənin də şübhə etmədiyini düşündüyüm millət vəkili Zahid Orucdan bu sözlərimi dəqiqləşdirə bilərsən…

12112352_10206726326269533_4900470206418973602_nBizim fəaliyyətimiz də illər boyu məhz 2007-ci ildə akademik Mehdiyevin çağırışı ilə Azərbaycan prezidentinin bu haqlı mübarizəsinə dəstək verməkdən ibarət olub. Ayrı-ayrı müxalifətçilərin və məmurların ifşasını da bu aspektdən dəyərləndirmək lazımdır. Cənab İlham Əliyev “İctimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilməyəcəyik” dediyi üçün internet media olaraq, biz həm də bu funksiyanı həyata keçiririk. Biz bir güzgüyük və hər kəs burada özünü görür. Əyrilik varsa, güzgü sındırılmaz, yalnış ortadan qaldırılar… Dediyin kimi, seçki dönəmində təkcə biz deyil, bütün media aktivləşir. Məsələn, indi ölkəmiz çox ciddi bir seçim-Referendum ərəfəsindədir. Bu səbəbdən də, yayın necə keçdiyini bilmədik və halımızdan məmnunuq. Referendumda xalq rifahı naminə dəyişikliklərə “Hə” deyəcək və Azərbaycan yeni siyasi dönəmə qədəm qoyacaq.

Etiraf etməliyəm ki, CO daha bir maraqlı sual verib. “Sadəcə baxmaq lazımdır ki, nurçuların biznesinə indi nə olub və adı niyə dəyişdirilib. Ən əsası indi bu biznes kimlərin nəzarətindədir?” Bəs mən nə deyirəm? Rəhmətlik professor Malik Qarayev belə vəziyyətlərdə deyirdi ki, bəs mən sənin “şapka”nın yamağını tikirəm? Fətullahçıların biznesinin ad dəyişdirməsini iki ildir deyirəm. Üstəlik, bu gün azərbaycanlı fətullahçıların çoxluq təşkil etdiyi “İpəkyolu” İB Gülənin biznes imamı və hazırda axtarışda olan Rizanur Meralın iştirakı ilə yarandığında CO protokolda oturmuşdu. Bəlkə bunu da danacaq? Süfrənin başında oturduğu üçün fətullahçıların biznesindən məlumatlıdır. Ən azından özü də bu sahədə özünü sınamaq istəyir. Nə üçün ad dəyişdirən o fətullahçı şirkətlərin adlarını açıqlamaq yerinə, bizi 15 iyuldan sonra maskalanan FETÖ üzvlərini gizlətməkdə suçlayır. Əgər biz FETÖ ilə mübarizəyə zamanında Dialoq Avrasiya Platformunun dəstəyi ilə xarici səfərlərdə, əyləncələrdə olan bir çoxları kimi 15 iyuldan sonra başlasaydıq, bəlkə də bu ittihamın yeri vardı. İstər-istəməz sual yaranacaqdı ki, nə oldu buna? Üstəlik, özü də qeyd edir ki, vaxtilə, AKP ilə Gülənin arası yaxşı idi. Bizim Gülənlə mübarizəmiz isə nə 2014, nə 2013, nə də 2011-ci ildə başlayıb, bu savaşı başlatdığımız il 2007-ci ildir. Biz o dövrdən mübarizə aparırıq və bu səbəbdən də hər iki dövlət bizim bu haqlı mübarizəmizə hörmətlə yanaşır. Yəni, CO Rizanur Meral, Naci Tosun kimi Gülənin baş imamları ilə eyni tədbirlərdə iştirak edərkən də, biz bu şəbəkəyə qarşıydıq, indi də… O səbəbdən kimisə qorumağa ehtiyac yoxdur… Üstəlik, bir zamanlar şəkil çəkdirdiyi Hakan Şükür sayağı “dövlətim düşmən sayırsa” kimi söz oyunu ilə deyil, konkret mövqe qoyaraq, “FETÖ terror təşkilatıdır” deyə bilmirsənsə, o zaman ən böyük FETÖ-cü sənsən, yoxsa Ukraynadakı biznesinə dəstək verən “bro”ların? O biznesinə hazırda qaçaq olan Naci Tosun abin dəstək verdimi? O “Çağ Öyrətim”in 20 illiyində birlikdə çıxış etmişdiniz, həmin o imamı deyirəm…

 

Fuad Muradova qarşı qurulan oyun

Məni “Azərbaycan dövlətinə sədaqətli adamlara şər atmaq”da ittiham edən CO bir zamanlar yediyi-içdiyi ayrı getmədiyi Elnur Aslanov üçün “Onu mənlə Fuad Muradov tanış edib” deyərək, özünə yoldaş axtarır. Ola bilsin ki, bu belədir. Ancaq Fuad Muradovun Elnur Aslanovla birləşib, dövlətin büdcəsini taladığını eşitməmişik. Fuad Muradovun da, digərlərinin də sırf protokola görə, istənilən şəxslə görüşü, birlikdə tədbirdə iştirakı ola bilər. Fəqət bu gün adını çəkərək, özünü təmizə çıxarmaq istədiyin Fuad Muradova qarşı Milli Şurada elə Elnur Aslanov və İntiqam Babayevlə birlikdə hansı kirli oyunlardan çıxdığınızın şahidləri yaşayırlar. Sırf gənc deputat olduğu üçün “Yahoo” qruplarında sənin adamlarının hansı təhqiramiz ifadələr işlətdiklərini də bilirik. Sənin bu hücumları özbaşına etməyə cəsarətinin olmadığını, bunu Elnur Aslanov-İntiqam Babayev ikilisinin dəstəyi ilə etdiyin də məlum idi. Fuad Muradovun bu dövlətə sədaqətinə şübhənizmi vardı ki, bütün əyan-əşrəfinlə əleyhinə təbliğat aparırdınız? Ayrıca, dövlət içinə öz adamlarını yerləşdirmək, gənclər arasında Azərbaycan dövlətinə deyil, məhz sizə bağlı kadrların olması planını həyata keçirən də səninlə Aslanov idi, Fuad Muradov, Əkrəm Abdullayev və ya bir başqası deyil… Sağlam, dövlətə sadiq kadrları deyil, məhz sizə itaət edəni önə çıxarmağınız səndən sonrakı “İrəli”nin ilk sədr seçimindən də görünür. Bu səbəbdən də, sizin xəttinizlə dövlətdə işə düzələnlərin, vəzifə sahiblərinin araşdırılmasına əşəddü ehtiyac var.

Və ya ay bro, 9 dekabr 2008-ci ildə, Prezident seçkilərindən sonra niyə “İrəli” Gənclər Hərəkatını bağladınız? “Məqsədimizə çatdıq” demişdiniz, sonra nə oldu ki, iki həftə sonra birlik yaratmaq qərarına gəldiniz? Hansı “məqsəd”iniz yarımçıq qalmışdı? Hərəkatın bağlanmasında Gülənin Orta Asiya (eyni zamanda Azərbaycan) imamı Naci Tosun və onun Azərbaycandakı “vəkil”ləri ilə kölgə dövləti yaratmaq cəhdinin rolu olmuşdumu? Sizin o “Gənclər Parlamenti”nizin aqibəti niyə uğursuz oldu? Niyə davam etmədiniz? Cavab verməsən də olar…

Mənə gəlincə, nə Azərbaycanda, nə də sərhədlərimizdən kənarda ölkə başçısına sədaqət nümayiş etdirən heç kimsənin əleyhinə bir cümlə belə işlətməmişəm. Əksinə, ölkə xaricində olarkən, Azərbaycan prezidentinin FETÖ-yə qarşı qətiyyətli mübarizəsindən, DİN, DTX və Baş Prokurorluğun bu barədə cinayət işi başlamasından danışmışam. Ancaq Türkiyə kimi köklü dövləti sarsıdan bir terror şəbəkəsi ilə mübarizənin çətinliyini də vurğlamışam ki, bunu bütün dünya bilir və qəbul edir.

Bəli, CO-nun dediyi kimi, “Azərbaycanda “FETÖ” üzvləri ilə bağlı bütün sirlər Aqil Ələsgərin məqalələrində gizlənir”. Əgər illər öncə, bir vaxtlar bütün tədbirlərində ön sırada əyləşdiyin Neft Şirkəti bizim yazılarımıza sənin kimi yanaşsaydı, bu gün 20-ə yaxın əməkdaşı Türkiyədə həbsdə olmazdı. Əgər dövlətin müvafiq qurumları heç mənim deyil, öz diplomatları Həsən Zeynalovun arayışlarını diqqətə alsaydı, FETÖ bu günki kimi güclü olmazdı. Yəqin ki, Həsən Zeynalovu tanıyırsan? Sənin Fərhad Məmmədov və Elnur Aslanovla birlikdə, gənc jurnalistləri üzünə durdurmaq istədiyiniz, akademiklə bağlı demədiyi sözləri adına çıxıb, şərləmək istədiyiniz diplomatdan bəhs edirəm. Sizi qapısından qovan, İstanbulda HASEN adına etdiyiniz oyunları deşifrə edən böyük dövlət adamını xatırlayarsan, yəqin ki… Bu arada sən məni Türkiyə-Azərbaycan münasibətlərini korlamaqda ittiham edirsən, ancaq Həsən müəllim sizi nəinki Türkiyə ilə, Rusiya və İran başda olmaqla regiondakı bütün böyük qonşularımızla düşmən etməkdə ittiham edirdi…

Ayrıca, həyatda üç dəfə gördüyünü iddia etdiyin, fəqət iş tapmaq üçün döymədiyin qapı qalmadığı yoldaşının xalası indi “Meydan.tv”də xidmət etdiyini iddia etdiyin Azərbaycan iqtidarına qarşı təbliğat aparır. “19-20 yaşından “BBC” teleradio kampaniyasında çalışan, dünyanı gəzən intellektual səviyyəli adam” deyə, təriflədiyinə görə, onun müsahibələrində dediyi fikirlərlə də razısan. Nə də olsa, intellektualdır… Hər halda onun Xədicə İsmayılla eyni mövqedən çıxış etməsi belə səni narahat etmir…

Unutmadan bir məsələni də soruşum. Vaxtilə, İsa Qəmbəri, Əli Kərimlini Kadir Has Universitetində konfransa dəvət edən “Arı” Hərəkatının sədri Ural Aküzüm sənində dostundur, yoxsa sadəcə Elnur Aslanovla Fərhad Məmmədovun? Demədi, demə, nəbadə “dostumun dostu mənim də dostumdur” deyib, Türkiyədəki erməni açılımının memarlarından olan, Soros Fondunun dəstəyi ilə hər il İstanbul-İrəvan turları təşkil edən bu şəxslə dost olma… Ad tanış gəlmədisə, SAM-ın nəşr etdiyi, hazırda ABŞ-da olan Mahir Zeynalovun da Türkiyədə akkreditasiya olunduğu “Caucasus Internetional” jurnalının əvvəlki saylarının titul listinə bax, adını görəcəksən…

CO bro, düzdür mənə demirsən, ancaq dövlətimdən narazılıq edirsən ki, “Ceyhun Osmanlı gəncliyində bu dövlətə canı ilə fəda olub, bu yolda söyülüb, döyülüb. Ancaq indi buna verilən qiymət budur. Təbii ki, bütün bunlar gənclərdə ruh düşkünlüyü yaradır”. Dövlət sənə mandat, ev, maşın, milyonlarla qrant verəndə yaxşı idi, indi bir mandatın yoxdur deyə, narazılıq edirsən? O zaman içi mən qarışıq, bu dövləti qarşılıqsız sevən, illərlə sizin yol vermədiyiniz, önünü tıxadığınız dövlətçi gənclik nə etsin? Özümüzü asaq? Üstəlik, hansı yolda döyülmüsən? Bəlkə müxalifət icazəsiz aksiyalar edəndə, gedib onlarla mübarizə aparmısan? 11 mart aksiyasını təşkil edənləri bir neçə il öncə “cəmiyyətə qazandırmaq” istəyən sən deyildinmi? Söyülməyinə gəlincə, bu dövlət üçün canını fəda edən, müxalifətindən xarici qüvvələrinə qədər hamısı ilə döş-döşə mübarizə aparan insanlar belə sənin qədər iddialı deyil. Tez-tez Xocalı Soyqırımı ilə bağlı etdiklərindən danışırsan. Heç 1993-cü ildən dünyanın dörd bir yanında Xocalı Soyqırımının təbliğatı ilə məşğul olanlar da, Türkiyədə ilk Xocalı konfransını təşkil edən Tənzilə Rüstəmxanlıda da bu iddianın şahidi olmamışam. Nə etmisiniz? Dövlətin pulunu fətullahçılara yedirdib, işi ülküçülərin üstünə buraxıb qaçmaqdan başqa? Axı o dəftərlər açılarsa, sən zərərli çıxarsan, bro…

Sonda Anadolu türklərinin bir atalar sözünü xatırlatmaq istəyirəm: “Dinimə söyən barı müsəlman ola…” Mənim hər hansısa xarici istər dövlət, istər qeyri-dövlət təşkilatından bir dollar aldığımı isbat edə bilməzsən, ancaq sənin NDİ, İRİ, USAİD kimi ABŞ təşkilatları ilə əlaqələrini təsdiq edən çoxsaylı faktlara nə deməli? Ayrı-ayrı ölkələrdə hakimiyyət çevrilişlərinin müəllifi və icraçıları kimi tanınan bu təşkilatlardan qrant aldığını bəyan edən sən və təşkilatındır… İndi niyə öz köynəyini zorla mənim əynimə geydirmək istəyirsən? Yoxsa səni önə verib, özünü gizlətmək istəyənlərmi belə deməyini istəyib?! Səninlə özlərini hədəfdən yayındırmaq istəyirdilərsə, buna qismən nail oldular… Ancaq savaşın bu mərhələsi hələ yeni başlayır…  Narahat olma, nə qədər qorunsalar da, sıra onlara da gələcək…

Aqil ƏLƏSGƏR

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Rayonların qaytarılması prosesi dayandı – SİRR

%d bloqqer bunu bəyənir: