Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Çıxış yolu cəza deyil, islahatlar olmalıdır…”

Qayda pozuntularının hər gün artması cərimələmə mexanizminin səmərə verməməsinin göstəricidir

ABŞ-da olduğun 1 il ərzindən təxminən 9 ay avtomobil idarə etdim. Malik olduğum avtomobillə bu dövr ərzində 30 min mildən (48 min kilometrdən) çox məsafə qət etsəm də avtomobilim bir dəfə də olsa yol polisi tərəfindən saxlanmadı. Bir neçə ay avtomobil idarə edəndən sonra özüm də maraqla gözləyirdim ki, nə vaxtsa polis saxlayıb, sənədlərimi yoxlayacaq və mən də ona cəmisi 10 dollar rüsüm ödəməklə və 1 saat 20 dəqiqə vaxt sərf etdiyim imtahan vasitəsilə qazandığım ABŞ sürücülük vəsiqəsini təqdim edib, sürücülük hüququmu təsbit edəcəm. Amma, bu günün həsrəti ilə 9 ayda 1 dəfə də olsun avtomobilim saxlanılmadı. Çünki, ABŞ-da yol polisi ilə daha çox avtomobillrin hərəkətinin sıx olduğu, eləcə də şagirdlərin məktəbə giriş-çıxış saatlarında yolların kəsişməsində rastlaşırdım, onların xidməti vəzifələrini əsasən belə icra etdiyinin şahidi oldum. Digər tərəfdən ABŞ-da yollar və yol hərəkətin nişanları elə qurulub ki, qaydaları pozmağa ehtiyac qalmır, avtomobillərə U dönüşü, saga sola burulmaq üçün imkanlar yaradılır, sürət həddi yollara adekvat olaraq tənzimlənir və magistral yollarda hərəkət kosmosdan peyk vasitəsilə müşahidə olunur. Bu ölkədə sürücülər də öz növbəsində qaydaları təqib etməklə həm rahat və həm də təhlükəsiz şəraitdə avtomobillərini idarə edə bilirlər, belə olan halda yollarda da çox nadir hallarda qəzalarla rastlaşmaq olur.
Bakıya gəldiyim son 4 ay da özüm avtomobil idarə etməsəm də başqalarının avtomobillərinin dəfələrlə saxlanılmasının, cərimə meydançalarına daşınmasının, reydlərin artdığının şahidi oldum. Baxmayaraq ki, bununla yanaşı son illər yollarda müşahidə, nəzarət edici və hərəkət sürətini ölçərək qeydə alan çoxlu sayda kameralar quraşdırılıb və əslində bu infrastukturun inkişafı yol polislərinin işini asanlaşdırmaqla onları bu isti havada tozlu yollardan sərin kabinetlərə daşımalı idi.
Yekunda son günlər geniş müzakirə mövzusu olan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) cərimə yığımının artmasına bir daha münasibət bildirmək istərdim. Öncə qeyd edim ki, BDYPİ-nin əsas vəzifəsi büdcəyə pul toplamaq deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilidir. Amma, BDYPİ-nin açıqladığı rəqəmlərə görə, bu ilin 8 ay ərzində qeydə alınmış 2,1 milyon qayda pozuntusu nəticəsində 8,5 milyon manat cərimə toplanıb. Müqayisə üçün deyim ki, 6 ayın yekunlarına görə, 1,38 milyon qayda pozuntusuna görə 40,2 milyon manat cərimə hesablanmışdı. Beləliklə də orta hesabla bu ilin ilk 6 ayında hər gün 7625, bu ilin ilk 8 ayında hər gün 8678 qayda pozuntusu qeydə alınıb. 1 qayda pozuntusuna görə hesablanan cərimə ilk 6 ayda 28 manat 96 qəpik, 8 ayda 27 manat 85 qəpik təşkil edib. Əslində qayda pozuntularının hər gün artması BDYPİ-nin işinin düzgün qurulmamasının və cərimələmə mexanizminin səmərə verməməsinin və yeganə vasitə kimi özünü doğrultmamasının göstəricidir.
Fikrimcə, BDYPİ yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların təkmilləşdirilməsi sahəsində işini müasir tələblərə uyğun qurmalı, sürücülərin diqqətini cəlb edən sosial reklamlar yayımlamalı, piyadaların maarifləndrilməsi üçün məktəbəqədər müəssisələrdə, məktəblərdə şagirdlər, Universittetlərdə tələbələr arasında zəruri izahat işlərini gücləndirməlidir. Çıxış yolu cəza deyil, islahatlar olmalıdır.
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bakının mərkəzində qız ərəb turistlərə görə min oyundan çıxdı -Foto

%d bloqqer bunu bəyənir: