Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107413

“Camaatı özünüzə güldürməyin!” – Generaldan açıqlama

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da İrəvanda Respublika Partiyasının 16-cı qurultayında danışıqlar prosesini sual altına qoyan, eləcə də Azərbaycanın ünvanına hədələrlə dolu bəyanatla çıxış edib: “Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərbə vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur”.

Ermənistanın “fürer”i bununla kifayətlənməyərək aprel hadisələrinə görə Azərbaycanı ittiham edib, eləcə də rəsmi Bakını mövcud vəziyyəti və qüvvələr balansını real qiymətləndirmədiyini deyib. Onun fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi yolu ilə həll edilə bilər, bütün digər məsələlər isə buna paralel olaraq həllini tapacaq.

Bakıdan S.Sarkisyanın bu fikirlərinə cavab özünü gecikdirməyib. Azərbaycan Müdafiə Nazirliyinin sabiq idarə rəisi və keçmiş korpus komandiri, hərbi ekspert, general-leytenant Yaşar Aydəmirov bildirib ki, Sarkisyanın bu sözləri özünə təskinlik verməkdən başqa bir şey deyil.

General Bakını tutmaqla, kapitulyasiyaya məcbur etməklə hədələyən Ermənistan prezidentinə xitabən deyib: “Yavaş olun! Birdən özünüz özünüzə inanarsız. Camaatı özünüzə güldürməyin! Adicə çoban da başa düşür ki, bunlar boş və gülməli sözlərdir. Bizim təkcə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordumuz bütün Ermənistana yetər. Naxçıvandakı Ordumuz onlara elə problem yarada bilər ki, Ermənistanın gələcəyinin hansı vəziyyətə düşəcəyi bəlli olmaz. Bizi sadəcə iri dövlətlər müharibə etməyə qoymur. Qoy çəkilib bizə imkan versinlər, onda görərik kim harada olacaq”.

Y.Aydəmirovun fikrincə, S.Sarkisyanın bu bəyanatı erməni cəmiyyətini sakitləşdirməyə, onları yalanlara inandırmağa yönəlib: “Əvvəla, bununla ermənilər özlərinə təskinlik vermək, canlarına düşən xofu, qorxunu kənara atmaq istəyirlər. İkincisi, əgər özlərinə bu qədər inanırlarsa, niyə öz ordularını başqa dövlətin tabeliyinə verirlər?!

Üçüncüsü, niyə apreldə cəmi 3 günlük döyüşlərdən sonra ordunun və az qala ölkənin rəhbərliyi dəyişildi? Onlarda hansı sahədə problem olmadı? Döyüş təminatında, maddi-texniki təminatında, rabitədə, kəşfiyyatda, tibbi yardımda, maliyyə məsələlərində problemlər olmadımı?! Ona görə də gülməli sözlər danışmasınlar.

Qüvvələr balansını real qiymətləndirməyə çağırışa gəlincə, ermənilər istəyirlər ki, Azərbaycan böyük ordu saxlamasın, ordusu üçün yeni silah və texnika almasın, güclənməsin. Azərbaycan buna gedən deyil. Bizim ordumuz Qafqazda yeganə ordudur ki, müharibə vəziyyətində güclənə bilib və döyüş hazırlığını artırıb.

Azərbaycan bu gün nə tam, nə də qismən səfərbərlik aparmadan da düşmən üzərində qələbə çala bilər. Özü də bunun üçün heç o biri birliklərə ehtiyac yoxdur, Naxçıvandakı Ordumuz yetər”.(Milli.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milli Məclis Xocalı qatillərinin cəzalandırılması ilə bağlı hərəkətə keçdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: