Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Çalışacam ki, hökumət əlimdən aldığı o bir il yarımın hesabını ödəsin”

Əvəz Zeynallı

I hissə

Xədicə İsmayılla müsahibə o, azadlığa buraxılan kimi planlaşdırılmışdı. Amma bir az çəkdi. Çünki Xədicənin işləri o qədər çoxdur ki, o vaxta girmək istəmədik. Ortalığın səngiməsini gözlədik.

Xədicə zaman-zaman siyasi məhbusları, vicdan məhbuslarını müdafiə edib, hakimiyyətlə kəskin toqquşmaları olub və bu toqquşmalar heç bir zaman səngiməyib də. Hətta həbs olunduğu zamanlarda belə, Xədicə mövqeyini tərk etməyən tək-tük siyasi və vicdan məhbuslarımızdan biridir. Bütün dünya bir tərəfə oldu, Azərbaycan hakimiyyəti bir tərəfə, Xədicə də bir tərəfə. Və… Xədicə qazandı.

Son illər siyasi hakimiyyətlə axıra qədən gedən və meydandan qalib ayrılan insanların sayı çox azdır. Barmaqla sayılacaq qədər. “Xədicə bu insanların ən parlaq nümayəndəsidir” desəm, məncə, şişirtmə olmaz. Onu indi bütün dünya tanıyır. Amerikadan Asiyaya, Afrikadan Avropaya hamı ona qəhrəman kimi baxır. Əslində, hakimiyyət də son anda özündə güc tapıb Xədicə labirintindən vaxtında azad oldu, məncə. Yoxsa cəmi bircə il də Xədicə içəridə qalsaydı, Nobel Sülh mükafatına qədər gedəcəkdi.

Xədicənin özü də bütün bunların fərqindədir. Siyasi analizləri əladır. Mətbu beyni fövqəladə dəqiq işləyir. Məhz bu dəyərləndirmələri onu hakimiyyətin qarşısında dik saxladı. Xədicə ilə eyni zamanda həbs olunanların bir çoxunda bu səbatlılıq müşahidə olunmadı, amma Xədicə hesablamalarında çox dəqiq oldu. Ona görə də yanına gəlməli olan, gələn, söz yollayan, söz demək istəyən hər kəsin cavabını özünün ironiyalı baxışları ilə sındırdı. Əslində, sındırılan bu qoca iqtidar oldu, Xədicə yox.

Ona 7 il yarım iş verdilər, zarafata saldı ki, niyə belə az? Onu karsa saldılar, kamerada səsi yetdikcə ariya oxudu, rəis yanına çağıranda karsdan xoşu gəldiyini dedi. Ona “plitka” vermədilər ki, soyuq yemək yesin, Xədicə əslində, soyuq yeməklərdən xoşlandığını dedi. Tam bir dustaq. Ağlamadı, sızlamadı, şikayətlənmədi, ah-uf eləmədi. Xədicə bu millətin gözlərində həbsxana xofunu öldürən və onu adiləşdirən nadir adamlardan biridir. Bu tarixi yazdı…

İndi qalır mətbuatın azadlığı yönündə iş görmək. Xədicə mənim üçün Azərbaycan mətbuatının müstəqilliyi uğrunda sarsılmaz mübarizlərdən biridir. Əslində, gözlənti də odur. İndi Azərbaycan mətbuatının bütün dünyada tanınan ən parlaq nümayəndələrindən biri kimi, bir qrupunmu, bir dəstəninmi adamı olacaq, yoxsa Azərbaycan mətbuatını düşdüyü vəziyyətdən çıxarmaq üçün qollarınımı çırmalayacaq? Görünən dağa nə bələdçi, yaxın zamanlarda bunun şahidi olacağıq. Çətindir, amma mən ikinci kateqoriyaya aid Xədicə arzulayıram. Biz əvvəlkiləri görmüşük də ondan…

Xədicə ilə bağlı xatirələrim o qədər çoxdur ki… Gündəliklərimdə bu haqda geniş yazmışam. İş elə gətirdi ki, mən azadlığa buraxılanda Xədicə həbsdə idi. Məhkəmələrinə adam da buraxmırdılar. Taleyə bax ki, məni də, onu da eyni hakimlər heyəti – Ramella-Tamella-Novruz üçlüyü və eyni prokuror – Ramazan Hadıyev mühakimə etdi. Xədicə mənim məhkəməmə gəldi və “Səninlə qürur duyuram” dedi. Mən həbsdən çıxanda, o həbsdə idi və eyni hakimlər və prokuror bu dəfə onu mühakimə edəndə mən “Səninlə qürur duyuram, Xədicə” deyir, yazırdım. Bizi belə qərib bir taleyə məhkum etmişdilər. Helsinkidə Xədicənin mükafatlandırılmasında dünya şöhrətli Amanpurla “Xədicəyə Azadlıq!” şüarını qaldıranda və mediaya poz verəndə heç bilmirdim ki, Xədicə siyasi məhbuslara dəstək mitinqlərində “Əvəz Zeynallıya Azadlıq!” şüarını əlində tutub. Nə qərib bir tale…

Çoxsaylı narahatçılıqlarımız, nigarançılıqlarımız vardı. Bir siyasi məhbus tutulanda rəis muştuluqlamaq üçün çağırırdı və sevinc içində xəbər verirdi. Kim tutuldusa, kim əfv ərizəsi yazdısa, dərhal o “muştuluqlama əməliyyatı” başlayırdı. Bu da bir psixoloji təzyiq idi. Bütün beynimizi sıradan çıxarmaq üçün bizi 10 qat nəzarətdə saxlayır, belə-belə şeylərlə psixikamızı pozmaq istəyirdilər. Amma mən taleyin başqa ironiyalarını da gördüm. Məni Xədicənin tutulması münasibətilə muştuluqlayan rəis Mirsaleh Seyidovu 4-cü zonun qarşısında miskin bir halda Xədicənin azadlıq sənədini gətirən gördüm. İndi o, vəzifə pillələrində yüksəlmişdi, amma azadlıq hissini yaşayan insanların qarşısında gözükölgəli idi – digərləri kimi. Zatən vəzifə pillələrində yüksəlməyin indi başqa bir variantı da yoxdur.

Bax belə, haqqında yazmaqdan doyulmayan Xədicə İsmayıl saat yarımlıq müsahibəsi ilə “Qaynar Qazan”ın 22-ci qonağıdır. Onunla bu müsahibə media tariximizdə özünün yerini tutacaq türdəndir. Ancaq qiymətləndirməni əlahəzrət Oxucu və tamaşaçı edəcək.

“Qaynar Qazan”da qonağımız “Azadlıq radiosu”nun əməkdaşı, sabiq vicdan məhbusu Xədicə İsmayıldır…

Cavab verirdim ki, hələ axırımız gəlməyib

x1

– Xədicə xanım, səni həm azadlıqda, həm də “Qaynar Qazan”da xoş gördük.

– Çox sağ olun, sizi də xoş gördük.

– 65 sualla gəlmişəm. Müsahibənin gedişində də, yəqin, suallar çıxacaq.

– Ümid edirəm ki, o sualların hamısını verməyəcəksiniz.

– Çalışacam ki, əhatə eləyim. Çünki bu müsahibə hər facebook istifadəçisinin sualları ətrafında hazırlanır. Ünvanlanan sualları verməyəndə narazılıq yaranır ki, nə üçün həmin sualı vermədik. Ona görə də bu sualları özətləmişəm.

– Mən anlayıram və ümid edirəm ki, inciməzlər bir az yığcam eləsək.

– Təbii ki…

– Çünki işləmək də lazımdır.

– Bu, əsasən həm də sizdən asılıdır. Haradan başlayacağımı bilmirəm. Amma əsas bir sual var. Niyə bütün bunlar baş verdi? Əslində həbsxananın ən önəmli sualıdır: “Niyə?”

– Həbsxanada mənə başqa sual verirdilər: “Axırımız necə olacaq?” Mən də cavab verirdim ki, hələ axırımız gəlməyib.

Bütün tənqidçiləri susdurmağa çalışırlar

– Elə bu sualların arasında da bu sual var. Soruşurlar ki, axırımız necə olacaq? Bizi nələr gözləyir? Amma mən başqa bir sual verirəm ki, niyə bütün bunlar baş verdi?

– Sadə bir səbəbdən… İnsanlar, vətəndaşlar öz talelərinə və öz ölkələrinə sahib çıxmaqda aciz oldular. Digər tərəfdən də ölkədə hakimiyyətə qanunsuz yollarla yiyələnmiş bur dəstə var ki, onlar da o hakimiyyəti itirmək istəmirlər. Ona görə də bütün tənqidçiləri susdurmağa çalışırlar. Məsələ bu qədər bəsitdir yəni… Kimsə tutduğunu buraxmaq istəmir. O birisinin də iradəsi çatmır ki, özünə çatanı alsın.

– Necə keçdi həbsxanada olduğunuz il yarım? Bəzən deyirlər ki, “papağını hərlə, keçib gedəcək” … Bu qədər asan oldu, yoxsa əzablı, çətin oldu?

– Nazim Hikmətin bir şeiri var. Həbsinin 10-cu ilindən sonra yazıb. “Ben içeri düşdüyümdən beri” adlanır bu şeiri. Yazır ki:

“Ben içeri düşdüyümdən beri 10 kere dolandı güneşin etrafına dünya…

Ona sorarsan, lafı belə edilemez, mikroskopik bir zaman,

Bana sorarsın, 10 senesi ömrümün…

Bir kurşun kalemim vardı ben içeri girdiyimde,

iki haftada yaza-yaza kurtarıverdi.

Ona sorarsın, tam bir ömür,

bana sorarsın, adam sen de, iki hafta…”

Yəni zaman anlayışı nisbidir. Biz günəş sisteminin ölçülərindən baxanda çox kiçik bir zamandır. Amma “o bir il yarımda nələri edə bilərdik” – fikirləşəndə bir az uzun çəkir. Mən həbsxanada olanda da hesabımı doğru aparırdım və bundan sonra çalışacam ki, hökumət əlimdən aldığı o bir il yarımın hesabını ödəsin.

– Nazim Hikmətin şeirini xatırlatdın. Həbsxanada şeirlər də yazmısan. Bu günlərdə maraqlı bir şeirini oxudum.

– Hə. Var idi. Hərdən xüsusi həyəcanlananda, nəsə içimizi tərpədəndə…

Həbsxanalara bircə sərçələr gəlir – niyə?

– Maraqlıdır ki, sərçəyə ithaf olunmuşdu o şeir. Mənim də həbsxanada olarkən sərçəyə aid bir şeirim var idi. Sənin şeirini oxuyandan sonra düşündüm ki, deyəsən, elə həbsxanalara bircə sərçələr gəlir. İri quşlar ora uça bilmirlər.

– Hə. Mən hər zaman fikirləşirdim: onların ki başqa yerlərə getmək azadlıqları var, onlar niyə bura gəlirlər?

– Bəlkə xatırlatmaq istəyirmişlər ki, azadlıq var?

– Hə… Hər halda çox simvolik idi və gördüyüm bala sərçələr həbsxanada olan təhsilsz, kimsəsiz insanlara çox bənzəyirdilər.

– Tərlan Rzazadə soruşur ki, hakim hökm oxuyandan sonra heç Xədicə xanımın üzünə baxdımı? Ramella Allahverdiyeva baxmırdı. Məndə hökm oxunan kimi gözünü də götürdü getdi. Səndə baxdımı, bilmirəm?

– Düzü, mən bu məqama diqqət eləmədim. Zalda başqa müşahidəçilər var idi, yəqin ki, bilmirəm onlar diqqət elədilər yoxsa yox. Mənim üçün hökm oxunanda daha çox zaldakıların reaksiyası maraqlı idi. Mənim üzüm onlara tərəf dönmüşdü. Düzü, mənim nə prokurordan, nə hakimdən elə də ciddi umacağım yox idi ki, onlar vicdanları qarşısında əziyyət çəkirlər, ya yox. Yəni belə umacaqlarım yox idi. Ona görə də belə xüsusi küskünlüyüm də yoxdu onlardan. Əslinə qalsa, o məhkəmədə – müşahidəçilər və vəkillər xaric – olan adamlardan bəlkə ən azadı mən idim də… Yəni prokuror da əmr qulu idi və olduqca miskin vəziyyətdə idi. Hakimlər də çox miskin vəziyyətdə idilər. Mən onlardan özümü qat-qat daha azad və rahat hiss eləyirdim.

– Amma bütün hallarda bu qədər müddət – 7.6 il iş kəsiləcəyini gözləyirdinmi?

– Mən daha çox gözləyirdim. Sözün düzü, incidim də bir az onlardan ki, hörmət eləmədilər. Çünki elə bilirdim ki, məni daha təhlükəli hesab edirlər və daha çox da hökm verə bilərlər. Amma elə olmadı. İncidim onlardan, heç hörmət eləmirlər.

İkirəqəmli həbs gözləyirdim – hörmət etmədilər

– O zaman gərək gələcəkdə daha diqqət eləsinlər ki…

– Eləsinlər… Eləsinlər… Bir də hakim məni hədələmişdi və iki dəfə 15 il müddətini xatırlatmışdı. Mən də gözləyirdim ki, iki rəqəmli bir hökm olacaq. Amma hökmüm təkrəqəmli oldu. Ona görə də bir az məyus oldum.

– Mehman Əlibəyli soruşur: “Mirmahmud Mirəlioğlu ilə olan probleminin başında nə dayanır? Eşitdiyimə görə, Mirmahmud tutdurmuşdu bu xanımı. Əsl səbəb nədir?” Bu, mənim üçün də yenilikdir.

– Mənim üçün də yenilikdir. Mənim Mirmahmud bəylə şəxsi problemim yoxdur. Mirmahmud bəyin partiyasından olan bir nəfər – Elman Türkoğlu məni məhkəməyə vermişdi. Bu, tamam başqa bir işdir və mənim həbsimə aidiyyatı olmayan bir işdir.

– Deyəsən, bir cərimə işi idi…

– Hə. Bir cərimə işi idi və mənim həbsimlə heç bir əlaqəsi yox idi.

– Bəlkə qarışdırılıb?

– Hə, qarışdırılıb yəqin.

Qadın həbsxanasında beyindən əsər-əlamət yoxdur

– Baba Allahnəzərov: “Həbsxanalarda beyin mərkəzləri mövcuddurmu və əgər varsa, bu dərin dövlətin siyasi proseslərə təsirindən yararlanmaq mümkündürmü?” Hər halda biz həbsxanaları elə təqdim eləmişik ki, hamı elə bilir ki, həbsxanalarda böyük beyin mərkəzləri mövcuddur.

– Mən kişi həbsxanalarını deyə bilmərəm, amma qadın həbsxanasında xırda intriqalar var və beyindən orada əsər-əlamət yoxdur. Çox qadıncasına qurulmuş intriqalar var. Bəzən olur 7-8 mərtəbəli intriqalar qururlar. Yəni orada hansısa beyin mərkəzindən danışmağa dəyməz. Mən də həbsxanada ikən beynimi dincə qoymuşdum, xüsusi çalışdırmağa da ehtiyac olmurdu. Zabit heyəti ilə ünsiyyətdə çalışdırmağa ehtiyac olurdu. Amma belə xüsusi çalışdırmağa ehtiyac olmurdu.

– Yəni bayırda cəmiyyətdə olduğu kimi, eynilə o intriqalar içəridə də davam eləyir?

– Daha iyrənc, daha pis formaları da olur.

– Elə başa düşdüm ki, qadın həbsxanasında dustaqlar arasında olan həmrəylik azdır.

– Hətta əksini də demək olar. Çünki mən eşitdiyimə görə – siz bunu daha yaxşı bilərsiniz – kişi həbsxanalarında xəbərçilik eləmək ayıbdır.

Yazırdım ki, heç nə görməmişəm, heç nə xatırlamıram…

– Təbii ki…

– Amma qadın həbsxanasında kabinetə birinci getmək üstündə davadır. Yəni zabitə şikayət eləmək ayıb sayılmır. Adamlar zabitə şikayət edirlər, yazırlar. Mən özümü bunlardan qoruyurdum, hətta məndən şikayət eləyən adamların da haqqında məndən izahat alınanda mən həqiqətin necə olduğunu belə yazmırdım. Yazırdım ki, heç nə görməmişəm, heç nə xatırlamıram və s.

– Yəni səndən də şikayət eləyənlər olurdu?

– Hə, olurdu. Amma çoxu qurama işlər idi. Bəzən görürdüm ki, təşəbbüs yuxarıdan gəlir, bəzən də elə olurdu ki, gördüm kimsə bir balaca irəli düşmək istəyir və görünür, elə düşünürmüş ki, irəli düşməyin yolu budur.  Amma belə hallar da tək-tük idi, çox deyildi. Əsasən də ilk vaxtlarda idi. Sonralar isə daha yaxşı tanıdılar və bildiyimə görə belə təşəbbüslər yuxarıdan da olanda onun içərisində iştirak eləmək istəyənlər az olurdu.

– Mənə elə gəldi ki, yuxarıdan da elə ciddi təzyiqlər olmadı. Sən həbs olunandan, haqqında hökm çıxarılandan sonra bütün bu məslələrə son qoyuldu.

– Mən fiziki zor görməmişəm.

– Məsələn, Leyla Yunusda olan situasiya səndə müşahidə olunmadı.

– Bəli, Leyla xanımda olanlar məndə yaşanmayıb. Mən tam əminliklə deyirəm ki, Leyla xanımın yanına salınan həmin məhkumu da görmüşəm, həmin məhkumun başqa adamların yanında etdiyi söhbətlərdən də xəbərdaram. Həmin məhkum başqa adamların yanında fəxrlə danışırdı ki, o, necə tapşırıqla Leyla Yunusu incidib.

Leyla xanıma – onun danışdıqlarından 10 dəfə çox işgəncə verilmişdi

– Yəni sən özün bu söhbətlərin şahidi oldun?

– Yəni onun danışdığı işgəncələr Leyla xanımın danışdıqlarından 10 dəfə artıq idi. Leyla xanım olanların çoxunu bəlkə də abır eləyib, danışmayıb. Amma o məhkumun özü daha çox şeylər danışırdı. Daha onu bilmirəm ki, bu məhkum dələduzluq ittihamı ilə həbs olunmuşdu və bu cür şeyləri danışmaqla özünü təcridxana rəisinə daha yaxın bir adam kimi göstərib, ya yox… Və yaxud da başqa adamlara göstərmək istəyib ki, o, rəisin tapşırıqlarını yerinə yetirdiyi üçün ona daha yaxın adamdır və başqalarından pul müqabilində onların rəislə işlərini görə bilən adam kimi özünü təqdim etməyə çalışıb, onu bilmirəm. Bunu deyə bilmərəm. Amma ki, o məhkum müxtəlif adamların yanında – və bu, mənim bir mənbədən aldığım məlumat deyil, bir neçə mənbədən aldığım məlumatdır –  hətta zabit heyətinə də danışırdı ki, o, Leyla xanıma necə işgəncə verib. Çox açıq şəkildə bunları danışırdı.

– Siz özünüz Leyla xanımla əlaqə yarada bilirdinizmi?

– Biz bir-birimizi, demək olar ki, görmürdük. Bir dəfə təsadüfən Leyla xanım telefon otağına gedəndə nəzarətçilərin diqqətindən qaçıb bizim kameraya yaxınlaşdı və mənə öpücük göndərmişdi.

– Onun kamerası telefon otağına yaxın idi?

– Yox, mənim kameram telefon otağına yaxın idi. Mən də görəndə ilk öncə tanımadım. Çox dəyişmişdi, olduqca pis vəziyyətdə idi. Mənə çatanda ki, o Leyla xanım idi, mən yerimdə donub qaldım və həmin gün ilk dəfə idi ki, mən həbsxanada ağlamışdım. O, çətin məqam idi.

– Hə, biz də Leyla xanımı həbs olunandan sonra görəndə şok olmuşduq.

– Amma mənə qarşı fiziki zor olmamışdı. Xırda pisliklər var idi. Məsələn, bütün kameralarda plitə var idi və onlar yeməklərini qızdıra bilirdilər. Biz isə iki aya yaxın soyuq yemək yemişik. Yeməyi çöldə də qızdırmırdılar. Problem onda deyildi ki, mən əziyyəti çəkirdim, problem onda idi ki, 5 nəfər də mənimlə birlikdə o əziyyət çəkirdi.

Mən insanlarla münasibəti qura bilmişdim

– Həmin o 5 nəfərlə ünsiyyət normal idimi?

– Ünsiyyət normal idi və mən bilirdim ki, o 5 nəfərdən biri yuxarı xəbər aparıb gətirir. Digərini də tez-tez sorğu-sual edirlər. Bəlkə də tapşırıq var və s. Amma mən insanlarla münasibəti qura bilmişdim.

– Elə mən də o məqama toxunacaqdım. Elə bil, sanki sən həbsə də özünü daha tez adaptasiya edə bildin. Çox problemlər də bayıra çıxmadı. Məsələn, mən oxumadım ki, “Xədicəyə plitə verilmir, Xədicənin başqa bir problemi var”…

– Bəli, mən şikayət eləmədim. Mən şikayət eləmirdim. Ona görə yox ki, təcridxana rəhbərliyindən xoşum gəlirdi. Mən özüm istəmirdim. Mən öz haqqımda əzabkeş obrazı yaratmaq istəmirdim, bu bir. İkincisi də mən bilirdim ki, həbs barəsində qorxunc hekayələr adamların əlini işdən soyudur və mən də istəmirdim ki, başqa adamların əli işdən soyusun.

Karserdə opera mahnıları – ariya oxuyurdum

– Hər zaman da pozitiv mesajlar gəlirdi.

– Və bu da yalan deyildi. Mən gülümsəyirdim. İstədiyim zaman da problemi zarafata çevirirdim. Məni çağırıb deyirdilər ki, əgər sən yazmasan, sakit otursan, otağa plitə qoyarlar. Mən də deyirdim ki, “soyuq yemək yeməkdən xoşum gəlir. Kim sizə dedi ki, mən əziyyət çəkirəm.” Yəni belə söhbətlər də olurdu. Hər şeyi zarafata çevirməyi bacarırdım. Onsuz da əvvəl-axır hər şey yoluna qoyulurdu. Amma onların damağında dad qala bilərdi, əgər bilsəydilər ki, belə çətinliklərin qarşısında mən nəyisə qurban verirəm və yaxud da hansısa razılaşmaya gedirəm. Və yaxud da birinci dəfə karserə salınanda bir gün karserdə qaldım. Orada da opera mahnıları – ariya oxuyurdum. Səsim aləmi götürmüşdü. Yazıq mühafizəçilər çox əziyyət çəkdilər. Hərdən gəlib soruşurdular ki, niyə bərkdən oxuyursan, mən də deyirdim ki, “sizin söyüşlərinizi və təpiklərinizin səsini eşitmək istəmirəm, ona görə mahnı oxuyuram.” Və yaxud da soruşurdum ki, “harada yazılıb ki, mahnı oxumaq olmaz? Gətirin göstərin”. Fasiləsiz yuxu vaxtı axşam saat 10-dan sonradır. 10-dan sonra da mahnı oxumaram, indi oxuyuram. Mahnını oxuyurdum və onlar da xeyli əziyyət çəkidilər.

– Karser səsləndiyi qədər də pis deyil. Tək adamlıq otaqdır. Əksinə, dincəlmək və mütaliə üçün ideal şəraiti var…

– Həə… Mənim olduğum kameradan göy üzü görünmürdü. Ancaq gəzinti yerindən görmək olurdu. Gəzinti yeri də axşamlar bağlı olurdu. Mən də uzun müddət idi ay-ulduz görməmişdim. Karserdə olanda ay-ulduz gördüm. Sonra pəncərədən ağac gördüm. Əslində, adamın həbsxanada görmə qabiliyyəti zəifləyir. Çünki yaşıl rəngi, demək olar ki, görmürsən. Və çox adamda eyni problem var idi. Göz spazmaları və s. Mənim üçün bir imkan yaranmışdı. Pəncərədən ağaca baxırdım, ay-ulduz da görünürdü. Məni cəmisi bir sutka saxladılar. Kitabım da yanımda idi. Uzanıb kitabımı oxuyurdum. Sonra məni rəisin yanına profilaktik söhbət üçün apardılar. Mən  də kabinetə ayaq basan kimi dedim ki, mən karserdən çıxmaq istəmirəm, oradan xoşum gəldi.  Daha məni karserə də salmadılar.

– Azər Seyidova…

– Hə… Azər Seyidova…

– Elə də pis adamlar deyillər. Əslində onlar da…

– Amma qəribə məntiqləri var idi. Bir dəfə mənə dedi ki, “budur sizin müdafiə elədiyiniz adamlar? İlkin Rüstəmzadə pinti…” Dedim, “Yerini yığmırdı da, ona görə tutublar onu…”

Kişi zabitləri qadın məhkumların qeybətini qıranda…

– İlk gündən çalışırlar ki, adamarın bir-biri ilə münasibətlərində soyuqluq yaratsınlar, ama buna da nail ola bilmirlər.

– Düzü, qadın həbsxanasında adam get-gedə qeybətə alışır. Çünki mən əslində, bütün həyatım boyu özümü qadın qeybətlərindən kənarda saxlamışam. Qeybətcil insanlarla da az ünsiyyət eləmişəm. Amma həbsxana elədir ki, başqa çıxış yolun yoxdur, çoxlu qeybət var. Qadınlar çoxluğu var və ona görə də çoxlu qadın qeybəti var. Amma zabitlər gəlib başqa məhkumların qeybətini qıranda, özü də kişi zabitləri, bir az çətin olurdu.

– Sizdə də çətin olardı. Qadın kalonunda Sevgiladə, Lamiyə…

– Mən Lamiyəni görmədim.

– Eləmi? Hacı Məmmədovun yoldaşı…

– O vardı…

– Onlarla necə, ünsiyyətin oldumu? Ən azı material toplamaq baxımından mənbə kimi onlarla söhbətlərin oldumu?

– Yox, mən Hacı Məmmədovun yoldaşı ilə söhbət eləmədim. Bircə azadlığa çıxdığım gün gördüm ki, məni qucaqlayıb öpənlərdən biri də odur. Qalan vaxtlarda onunla ünsiyyətimiz olmadı.

– Özü elə qapalı qadındır, yoxsa…

– Özü də çox açıq insan deyil, amma mən də ünsiyyətə o qədər cəhd eləmirdim. Bilirsinizmi, ömründə kitab görməyən bir adamın hansısa cinayəti törətməsi təəccüblü görünməyə bilər, amma kitab oxumuş adamın hansısa cinayəti törətməsi adama ağır gəlir. Və mən də orada elə öyrənmişdim ki, həmin qadın kitab əhlidir. Bu sözün, düzdür, başqa mənası var, amma qadın kitab oxuyan adam idi. Sevgiladəni isə gördüm. Mən çıxanda o, yeni gəlmişdi. İmkan eləyib, onunla söhbət elədim. Çünki mənim üçün maraqlı idi ki, Qənimət Zahid məsələsi necə olmuşdu.

Sevgiladə dedi ki, Aqil Abbasın evində işləyib

– O məsələdə maraqlı detal nə idi?

– Orada maraqlı detal bu idi: Sevgiladə dedi ki, həmin vaxt Aqil Abbasın evində işləyib. Maraqlı detal bu idi və iddia edirdi ki, Qənimət Zahid ona sataşıb. Amma dediklərində də çoxlu yalan var idi. Çünki mən ondan Vüsal Məmmədov haqqında soruşdum. Axı o məsələdə bir Vüsal Məmmədov da var idi…

– Hə… guya Sevgiladənin sevgilisi olub…

– Mən ondan soruşanda ki, Vüsal Məmmədov kim idi, o dedi ki, “mən bilmirəm, Vüsal Məmmədov kim idi.” Guya Qənimət Zahid bu qızı vuranda Vüsal Məmmədov da onunla əlbəyaxa olub. Ondan əvvəl də Sevgiladə demişdi ki, guya, Qənimət Zahid bunu vuranda, guya, bu yıxılıb, bir də gözünü xəstəxanada açıb. Yəni üst-üstə bir neçə məntiqsizlik var idi. Və mən ona deyəndə ki, sən axtarışda idin və biz sənin şəklini axtarışda olanların arasında görmüşdük və s., o, iddia elədi ki, yox. Sonra mən iddia elədim ki, onun bütün tarixçəsini bilirəm. Ondan sonra başladı yavaş-yavaş danışmağa… Amma görünən o idi ki, bu hadisəyə görə xəcalət çəkirdi və istəmirdi ki, adı kiminsə həbsinə səbəb olduğu istiqamətdə hallandırılsın.

– “İşverən” olduğunun bilinməsini istəmirdi?

– Bəli, istəmirdi. Bir xeyli sonra əsəbi-əsəbi danışdı ki, mən uzəduran deyiləm. Mən heç kimə iş verməmişəm və s. Belə-belə şeylər danışırdı. Mən sadəcə yoxlamaq istəyirdim ki, görüm, bu adam həmin məsələdə nə dərəcədə hazırlıqlı adam idi. Danışıqlarından sonra da başa düşdüm ki, istifadə oluna bilən tiplərdəndir. Bu işlərdə istifadə oluna bilən tiplərdəndir.

– Keçmiş siyasi məhbuslardan Orxan Daniyal Eyyubzadə soruşur: ““Jenski”də vaxt necə keçir? Həmişə bu sualı düşünmüşəm Kürdəxanıda.” Həqiqətən də orada olanda adam bu haqda düşünür.

– Vaxtı məişət qayğıları ilə öldürürlər və bir də teleseriallarla… Vaxt əsasən bunlarla keçir. Mən onlardan nə birincisi və nə də ikincisi ilə məşğul deyildim. Ona görə də bir az mənim üçün vaxt uzun keçirdi, amma mənim də oxumağa kitablarım var idi, görüləsi işlərim çox idi. Vəkillərim də gəlib-gedirdilər. İşlərim çox olurdu. Hərdən də zarafatla deyirdim ki, “bəyəm vaxtım var? Hökumət mənə 7.6 il iş verib. O işləri görüb çatdırmalıyam da”

– Oranın ərazisi böyükdürmü?

– Ərazi kiçikdir. Adamların da hamısı bir-birinin içindədirlər.

– 400-dən çox insan var…

– Mən çıxanda 470 nəfər var idi.

– Çoxdur…

– Çoxdur…

– Mən dünən internetdə gəzəndə diqqət etdim. Siz Leyla xanımla azadlıqda müsahibə verəndə əyninizə geydiyiniz köynəyi azadlığa çıxanda da geyinmişdiniz. Bunun bir simvolik mənası varmı?

– Yox, təsadüf idi. Çünki orada əsasən qara paltarlar geyinməyə qoyurdular deyə, mənim də bir qara köynəyim var idi. Onun da qarşısında güllər var idi. Mənim o vaxtlar evdə qara paltarım az idi deyə, mənə evdə olan bütün qara köynəklərimi gətirmişdilər və yenilərini də almışdılar. İndi də qarderobumda çoxlu qara köynəklər var. Bu əynimdə olan da bir az ürəkaçan köynəkdir. Qalanı qapqaradır.

Ona qarşı həyat çox qəddar oldu…

– Burada bəzi suallar vür. Sizin AR CM-nin 125-ci maddəsilə həbs olunmağınıza səbəb olan adam haqqında nə kimi məlumatlar olması ilə maraqlanırlar. O adam indi haralardadır və nə işlə məşğuldur?

– Məlumatım yoxdur. Ünsiyyət eləməmişəm.

– Sən azadığa çıxanda təbrik elədimi?

– Yox. Heç ünsiyyətimiz də yoxdur, belə bir arzum da olmayıb ki, o ünsiyyət olsun. Düzü, elə düşünürəm ki, ona qarşı həyat çox qəddar oldu. O, çox pis vəziyyətə düşdü. Mən də nəsə deyib onun əzablarını artırmaq istəmirəm.

– Sən də qəddar olmuşdunmu? Deyilən idimi? Yoxsa ümumiyyətlə belə şeylər olmamışdı?

– Yox, ümumiyyətlə belə şeylər olmamışdı. Belə deyək, onun “özünü öldürmə həddinə çatmamışdan” 5 ay əvvəldən mən onunla, ümumiyyətlə, heç bir ünsiyyət qurmamışdım. Yəni adam, ümumiyyətlə, yadıma düşmürdü. Sonra oktyabr ayı idi və zəng eləyib, görüşmək istəyəndə, dedim ki, “vaxtım yoxdur.” Onunla da son 6 ay ərzində yeganə ünsiyyətimiz onda oldu. Vəssalam.

– Elə hesab edirsənmi ki, o, əvvəlcədən kimlərinsə yanına yerləşdirdiyi adam olub?

– Məncə, yox… Sadəcə sonradan adamın zəif yerini tuta biliblər. Məncə, belə olub. Ümumiyyətlə, psixolojisi yerində olan adam deyildi və onun zəif nöqtəsini tapmışdılar, vəssalam. Məncə, məsələ bu idi.

– Mehman Əfəndi bayaq danışdığımız sualı verir ki, bu işlərin axırı necə olacaq? Yəni bundan da betəri olurmu?

– Axırımız hələ gəlməyib, onu bilirəm.  “Axırımız necə olacaq?” – sualının cavabını da bilmirəm. Yəqin bu, cavabı olmayan suallardandır. Amma mən o tip adamlardanam ki, hər şeyin yaxşı olacağına inanıram.

– Xədicə xanım, bir neçə siyasi suallar var.

– Buyurun.

– Emin Quliyev soruşur: “Sizin üçün Milli Şura ilə REAL hərəkatının fərqi nədir? Müsavat Partiyasının siyasi taktikası sizi qane edirmi?”

– Əgər sual “mənim üçün”, – sözlərilə başlayırsa, o zaman mənim üçün fərqi yoxdur. Amma əgər soruşsalar ki, Milli Şura ilə REAL hərəkatının arasındakı fərq nədən ibarətdir? O suala başqa cür cavab verərəm. Mənim üçün siyasətçilərin zatən bir-birindən çox az fərqi var.

Bu partiya həddindən artıq çox qurban verir

– Mən bunu xüsusilə vurğulayıram. Həm cəmiyyətdə belə bir rəy var və bunu yəqin özün də hiss edirsən. Suallardan da onu gördüm ki, insanların həddindən artıq sənə inamı yaranıb və sənin fikrin də insanlara müəyyən dərəcədə istiqamət verə bilər.

– O zaman mən də belə məsələlərə məsuliyyətli yanaşmalıyam.

– Bəli.

– Mən bilmirəm, inamı necə doğrulduram, amma hər halda söhbət Milli Şuradan gedirsə və yaxud onun aparıcı qüvvələrindən biri kimi AXCP-dən gedirsə, bu partiyanın çoxlu sayda üzvü hal-hazırda həbsdədir, çox sayda “vicdan və siyasi məhbus”u var. Bu partiya həddindən artıq çox qurban verir və ən azı 6-7 il ərzində mən onların müxalif yoldan sapınma təcrübəsini görməmişəm. Ondan əvvəlki vaxtla bağlı müxtəlif hekayələr var. 2005-ci il seçkilərilə bağlı hekayələr var və s.

– Ehtiram Əsgərov da bu suala dayaq olaraq soruşur, “Xədicə xanım Əli bəyin ətrafında siyasətə davam etsə, necə olar?”

– Mən siyasətlə məşğul olmayacam heç bir vaxt. Və heç bir vaxt da heç bir siyasətçinin yanında da olmayacam. Birinci sual yarımçıq cavanlandırıldı. AXCP ilə bağlı fikirlərimi bildirdim. Cəmil Həsənli prezidentliyə müxalifət qüvvələrinin vahid namizədi oldu və həm birləşdirici mövqeyi ilə, həm də kifayət qədər ardıcıl və kəskin çıxışları ilə məncə, kifayət qədər cəsarətli mövqe ortaya qoya bildi. Eyni şeyi REAL hərəkatının sədri İlqar Məmmədov barəsində də demək olar. REAL hərəkatı mənim üçün çox dəyərli ekspertlərin toplandığı bir klubdur və o, bir beyin mərkəzidir. REAL hərəkatı mənim üçün daha çox bir beyin mərkəzidir, nəinki təşkilatlanmış siyasi qüvvədir. Bu barədə onların özlərinə də deyirəm. Yəni mən REAL hərəkatını daha çox o cür görürəm. Güman edirəm ki, İlqar Məmmədovun həbsi ilə REAL hərəkatının təşkilatlanaraq daha ciddi siyasi qüvvəyə çevrilməsinin qarşısını hökumət ala bildi. Onu azadlığa buraxmamağın səbəblərindən biri də odur. O da hökumətə aydındır ki, İlqar Məmmədov azadlıqda olsa, REAL hərəkatı daha ciddi siyasi təşkilata çevrilə bilər. Düzü, Müsavat Partiyasında uzun illər olan fədakar insanların mövcudluğuna baxmayaraq, partiyanın ümumi xəttini anlamış deyiləm. Mən Müsavat partiyasının etdiyi müxtəlif manevrləri çox zaman anlamış deyiləm.

“Yeni Müsavat” qəzeti Müsavat partiyasının siyasi kursuna təsir edir

– Bunun İsa Qəmbər və yaxud da Arif Hacılı dönəminə aidiyyəti var, yoxsa partiyanın mövqeyinə münasibətiniz bu cürdür?

– Düzü, Arif Hacılıdan əvvəl də bu suallar var idi. Məsələn, mən uzun müddət Müsavat Partiyasının “Yeni Müsavat” qəzetindən özünü ayıra bilməməsi və yaxud da belə deyək, aralarındakı o səddi göstərə bilməməsi və s. mən bilmirəm, burada məsələ nədir? Söhbət ondan gedir ki. Müsavat partiyasının siyasi kursuna “Yeni Müsavat” qəzetinin təsiri bu gün də, fikrimcə, yüksək olaraq qalır. “Yeni Müsavat” qəzetinin də siyasi kursu son vaxtlar kifayət qədər aydındır.

– Mətbuatla bağlı suallarda verəcəkdim, amma madam ki, bu məqamın üstünə gəldik, Aqil Əliyevin bir sualı var. “Dəyərli, cəsarətli Xədicə xanıma salamlarımı çatdırın. Xədicə xanımın Rauf Arifoğluna münasibəti necədir?”

– Əvvəllər Rauf Arifoğlu həmkarımız olub deyə, ondan umacaqlarımız çox idi.

– Yəni indi onu həmkar saymırıq?

– İndi saymıram və mən yalan danışan adamla özümü həmkar hesab edə bilmərəm. Onun qəzeti olduqca ciddi yalanlar yazdı. Mənim haqqımda da olub o yalanlar. Siyasi proseslər haqqında da yalanları olub. Bu proses həmin qəzetdə 2009-cu ildə başlamışdı.

2009-cu ildə barmağımızı dişləməli idik

– Səninlə bağlı?

– Yox. Ümumilikdə… 2009-cu ildə Emin Milli ilə Adnan Hacızadə həbs olunanda və onların “Amerikanın casusları” olduğu barədə məqalə “Yeni Müsavat” qəzetində özünə yer tapanda biz barmağımızı dişləyib, bütün gözləntilərimizi saxlamalı idik. Amma biz çox optimist idik.

– Amma barmaq dişləyənlər də çox idi.

– Bəli, var idi… Biz çox optimist idik və hesab edirdik ki, bəlkə hələ bu proses müvəqqətidir, bəlkə düzələr. Amma bu, baş vermədi. Ona görə də mənim üçün hal-hazırda “Səs” qəzeti ilə “Yeni Müsavat” qəzeti arasında ciddi bir fərq yoxdur. Əksinə, “Yeni Müsavat” qəzeti daha təhlükəlidir. Çünki o, müxalif partiyanın brendi altında fəaliyyət göstərir. Yəni onlar nə qədər də iddia etsələr də ki, “Yeni Müsavat” qəzetinin Müsavat partiyasının brendinə heç bir aidiyyəti yoxdur, ovaxtkı Müsavat Partiyasının brendidir. Yox, bu, belə deyil. O özünü müxalif adlandıran və müxalif partiyanın – hələ də hesab edirəm ki, Müsavat müxalifətçi partiyadır, – onun brendi altında “Yeni Müsavat” qəzeti yalan sırımaqla məşğuldur. “Səs” qəzetinin, “Yeni Azərbaycan” qəzetinina adları üstündədir, onlardan nə kimi gözləntilər var ki?

– Heç birindən gözləntimiz yoxdur.

– İnsanların hamısı bu situasiyanı izləməyib və hesab edə bilərlər ki, bu ad başqadır. Məsələn, yeraltı sular hara axır və s.

“Yeni Müsavat” qəzetindən imtina etdim

– Sən həbs olunduğun dövrdə bu qəzetin bu və ya digər formada rolu oldumu?

– Mənim həbsimdə bu və ya digər qəzetin, hətta telekanalın rolu olmayıb.

– O aydındır, təbliğat və piar məsələlərində necə?

– Mən həbs olunduğum ilk zamanlarda “Yeni Müsavat” qəzetini də gətirirdilər. Hərçənd ki, mən yalnız “Azadlıq” qəzetinə abunə olmağı xahiş eləmişdim. Və “Yeni Müsavat” qəzeti gələndə rəsmi şəkildə bəyan elədim ki, mən “Yeni Müsavat” qəzeti istəmirəm, mənə göndərməyin. Bu, qəzetdə də çıxmışdı. Ondan sonra o qəzet kəsildi. “Yeni Müsavat” qəzetini oxuyurdum və oxuduqlarımdan çaşırdım. Nə bilim, Azadlıq radiosu haqqında belə qəribə-qəribə şeylər yazırdılar. Mənim özüm haqqında qəribə şeylər yazırdılar. Sonralar, artıq mən o qəzeti oxumadığım vaxtlarda ora hansısa şəkildə sızan istintaq materiallarını dərc etmişdilər. Orada gördüyüm və azadlığa çıxandan sonra da yoxladığım “Yeni Müsavat” qəzetində “istintaq materialları” adı altında çap olunan materiallar əslində, mənim gördüyüm istintaq materialları deyildi.

– Çox maraqlı bir şeydir…

– Və mən bilmirəm onların dərc etdikləri “istintaq materialları” ora necə yol almışdı, çünki mənim vəkillərimə belə o materiallar verilməmişdi.

Mənə və vəkillərimə verilməyən istintaq materialları “Yeni Müsavat”da dərc olundu

– Əsasən də 125-ci maddə ilə bağlı məsələ qabardılırdı.

– Bəli… Bəli… Mənim vəkillərimə “istintaq materialları”nın surətləri verilmədi. Mənim özümə də verilmədi. Bu məsələ ilə bağlı çox etirazımızı bildirdik. Yəni “istintaq materialları”nın kopyaları bizə verilməmişdi.

– Amma “Yeni Müsavat” qəzeti çap elədi?..

– Amma “Yeni Müsavat” qəzeti də “istintaq materialları” adı altında nəyisə çap elədi və oradakı ifadələr mənim cinayət işində oxuduğum ifadələrdən fərqlidir.

– Çox maraqlıdır. Mən ilk dəfədir, bu haqda eşidirəm…

.azadliq.info

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Mən Allahın əsgəriyəm, düz yoldayam”

%d bloqqer bunu bəyənir: