Loading...
Loading...

Cahangir Hacıyevin vəkili prosesə gəlmədi, məhkəmə təxirə salındı

Cahangir Hacıyevin və digərlərinin işi üzrə günün ikinci yarısına təyin olunmuş məhkəmə iclası sentyabrın 21-nə təxirə salınıb.

Virtualaz.org-un müxbiri məhkəmə zalından xəbər verir ki, buna səbəb vəkillər Azər Tağıyevlə Aqil Layıcovun prosesə gəlməmələri olub.

Hakim bildirib ki, sözügedən vəkillərlə bağlı Vəkillər Kollegiyasına müraciət edəcək.

*   *   *14:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Prosesdə hakim Ə.Haciyev bildirib ki, altı nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların bəzi səbəblərə görə məhkəmədə iştirak edə bilməmələri ilə bağlı sənəd daxil olub. Buna görə də, hakim tərəflərin bu məsələyə münasibətini soruşub. C.Hacıyevin vəkili Aqil Layıcov həmin şahidlərin ifadəsinin vacib olduğunu deyib. Digər vəkillər və dövlət ittihamçısı şahidlərin ifadəsinin elan olunması təklifi ilə razılaşıblar.

Bundan sonra şahidlərin ibtidai istintaqa verdikləri ifadələri elan edilib. Şahid Vüqar Sadıqovun istintaqa verdiyi ifadəsində “İnter Security”nin əməkdaşı olduğunu, adına 550 min manat kredit götürüldüyünü və yalnız sənədlərə qol çəkdiyini göstərib.

Şahid Tərlan İsmayılov isə istintaqa verdiyi ifadəsində təqsirləndirilən Məmməd Cahangirovu əvvəldən tanıdığını, başqa bir iş üçün bankda olarkən sonuncunun ondan şəxsiyyət vəsiqəsini istədiyini, adına 300 min manat kredit götürüldüyünü göstərib. T.İsmayılov deyib ki, 2014-cü ilə qədər bu kreditə görə onu narahat edən olmayıb, həmin ilin sonunda isə bankdan bildirilib ki, 300 min manat pul və faiz borcu var. Bu haqda M.Cahangirova dedikdə, o, götürülən kreditin ödəniləcəyini bildirib.

Daha sonra hal şahidi Ədalət Muradovun ifadəsi elan olunub. Şahid ifadəsində bildirib ki, Azad Cavadovun bağ evinə baxış keçirilərlkən hal şahidi olub. Orada yarımtikilidə olan yatağın altında patron və silah götürülüb. Həmçinin onun ifadəsində qeyd edilib ki, evdə qılınc dəsti və of tüfəngi də olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin ifadəsi də elan olunub. O bildirib ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və yaxınlarının adına olan külli miqdarda məbləğli kredit kartları vasitəsilə ayırılan pulların verilməsi, xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparılıb. Yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələblərinə və qaydalarına riayət edilməyib. Bununla bağlı banka külli miqdarda ziyan vurulub.

Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir. Təqsirləndirilən İbrahim Hüseynov bildirib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbəri olduğu “İnter Security” şirkətinin əməkdaşı ilə bağlı ifadə versə də, həmin şəxslər orda çalışmayıb. Buna görə də, onların məhkəməyə çağırılmasını tələb edib.

Vəkil Aqil Lahicov MBNP-ın baş inspektorunun dəvət edilməsini istəyib. Bildirib ki, ekspert hüquqi rəy verə bilməz, ona görə də, prosesdə dindirilməlidir.

Hakim bildirib ki, şahidlər gələ bilmədiyi üçün ifadələri elan olunması ilə bağlı qərar qəbul edilib.

Prosesdə sənədlərin tədqiqinə başlayıb. Məhkəmə günün ikinci yarısı davam edəcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Akif Çovdarovun məhkəməsi başlayır

Loading...
%d bloqqer bunu bəyənir: