Loading...
Loading...

«Cahangir Hacıyevin 184 milyonluq səhmləri banka qaytarılıb»

Aqil Layıcov: «Hər şeyin arxasında Maliyyə Nazirliyi durur»

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, həbsdə olan Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov həm ibtidai, həm də məhkəmə istintaqı zamanı hüquq pozuntularına yol verildiyini bildiriblər.  Bizimyol.info xəbər verir ki, bu barədə dünən onlar keçirdiklkəri mətbuat konfransında məlumat veriblər. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, ibtidai istintaqda başlayan maddi və prosessual hüquq pozuntuları məhkəmə istintaqlı zamanı da davam edir. “Cahangir Hacıyevə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham irəli sürülüb.Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmışdır. Biz o zaman da istintaqın həmin idarədə aparılmasına etiraz bildirmişdik. Çünki məlum olduğu kimi, 2005-ci ildə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN əməkdaşı Hacı Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən oğurlanmış, həmin vaxt Cahangir Hacıyev bu işlə bağlı DİN barədə çoxsaylı narazılıqları, şikayətləri olmuşdu. DİN-ə aid olan struktur bu işin obyektiv aparılmasında maraqlı deyildi və bu sonrakı proseslərdə də təsdiqini tapdı. Həmçinin Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 308-ci maddəsi ilə bağlı istintaq da Baş Prokurorluğun səlahiyyətlərinə aiddir” – deyən vəkil qeyd edir ki, bununla bağlı vəsatət və şikayətlər versələr də təmin edilməyib.
“Cahangir Hacıyev 32 gün BMCMİ-də saxlanılıb”
Vəkil əlavə edir ki, istintaqın özündə də prosessual pozuntular müşahidə olunub. “Cahangir Hacıyev qanunsuz olaraq 38 gün BMCMİ-nin müvəqqəti saxlama yerində saxlanılıb, həmkarım Aqil Layıcov tərəfindən verilən vəsatətdən sonra o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki həmin 32 gün ərzində xeyli prosessual hərəkətlər aparılmışdı və hesab edirik ki, hamısı qanunsuzdur”.
F.Mehdiyevin sözlərinə görə, Cahangir Hacıyev həbs edildikdən sonra onun ailə üzvlərinə qarşı da təqiblər başlayıb. “İstintaq dövründə, bu işlə ümumiyyətlə əlaqəsi olmayan bacısı Əminə Hacıyevanın ölkədən çıxışına qadağa qoyulub. Onlara aid olan vərəsəlik və digər digər mülki işlər qanunsuz müdaxilə ilə dayandırılıb”.
“Cahangir Hacıyevlə salamı olanları da ölkədən buraxmırlar”
 
Vəkil Aqil Layıcov əlavə edir ki, C.Hacıyev və ailə üzvlərinə istənilən vətəndaşın hüququ olan hərəkətlərin həyata keçirilməsinə məhdudiyyətlər qoyulub. “Onlar hətta notarius xidmətindən belə istifadə edə bilmirdilər, reyester xidmətindən arayış verilmirdi. Ə.Hacıyevanın ölkədən çıxışına qoyulan qadağanı BMCMİ belə əsaslandırıb ki, Beynəlxalq Bankdan kredit götürən şirkətlərdən birinin təsisçisidir. Halbuki Dövlət Reyester Xidmətindən çıxarış vermişik ki, belə hal yoxdur. Hətta Cahangir Hacıyevlə salamı olan şəxslərin də ölkədən çıxışı məhdudlaşdırılıb”.
Vəkilin sözlərinə görə, Əminə Hacıyevanın qızı da Beynəlxalq Sığorta Şirkətində İdarə Heyətinin 1-cü müavini vəzifəsindən çıxarılıb və rəhbərlik bununla bağlı göstəriş aldıqlarını deyib.
“2008-ci ildən Maliyyə Nazirliyi tərəfindən müəssisələrin fəaliyyətinə daim maneçilik törədilib”
Vəkil Fəxrəddin Mehdiyev bildirir ki, ibtidai istintaq birtərəfli araşdırılıb. “İttihama qarşı Cahangir Hacıyevin dediyi arqumentlər yoxlanılmalı, layihələrlə bağlı sənədlər alınaraq araşdırlmalı idi. Amma istintaq Maliyyə Nazirliyində və Beynəlxalq Bankda olan bu sənədləri əldə etməkdə aciz olduğunu bildirdi. Həmçinin xaricdə olan şəxslərin dindirilməsini də həyata keçirə bilmədilər”.
Vəkil qeyd edir ki Beynəlxalq Bankın 2010-2014-cü illər ərzindəki bütün fəaliyyəti, verilmiş kreditləri, təyinatı üzrə istifadəsi, layihələr, bankla əlaqəsi olan müəssisə və təşkilatların rentabelliyi və s. məsələlər Vergilər Nazirliyinin istintaqı və Baş Prokurorluq tərəfindən yoxlanılıb. “Yekunda yoxlamar nəticəsində qanunsuz hal aşkarlanmadığı üçün cinayət işinə xitam verilib. Həmçinin Cahangir Hacıyevin xanımına da cinayət işi açılıb və xitam verilib. Cahangir Hacıyevin bildirdiyinə görə, ümumiyyətlə 2008-ci ildən Maliyyə Nazirliyi tərəfindən müəssisələrin fəaliyyətinə daim maneçilik törədilib, qaralama kampaniyaları aparılıb. Halbuki həmin müəssisələr dəfələrlə beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb. Maliyyə Nazirliyi həmin yoxlamalrın nəticələrini qaralayıb ki, guya rüşvət yolu ilə əldə olunub, özü yenidən əlavə yoxlamalar təyin edib. Hamısına da xitam verilib. Hazırkı cinayət işini aparan BMCMİ isə ümumiyyətlə bu iş üzrə ixtisaslaşmış qurum deyil”.
Fəxrəddin Mehdiyevin açıqlamasına görə, həmin cinayət işi yekunlaşdıqdan sonra xitam verilməsi ilə bağlı vəsatət veriblər. “Əsaslandırdıq ki, müqavilə və layihələrlə bağlı olan işlər mülki icraat qaydasında baxılmalı olan işdir və cinayət tərkibi yaratmır. Bu vəsatətimiz də təmin edilmədi və dediyimiz məsələlər araşdırılmadan iş məhkəməyə göndərildi. Məhkəmənin hazırlıq iclasında da həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və digər vəsatətlər versək də, heç biri təmin edilmədi. Nəinki müdafiəçilərinin yanında əyləşməsinə, hətta Cahangir Hacıyevin heç olmasa ifadə verərkən şüşə qəfəsdən çıxarılmasına razı olmadılar”.
Vəkil əlavə edib ki, məhkəmə istintaqının ardıcıllığı da pozulub. “Qaninverciliyə görə, bir qayda olaraq təqsirləndirilən şəxslər ittihamı qəbul etmədikdə, əvvəlcə zərərçəkmiş şəxslər dindirilməli olsa da, məhkəmə təqsirləndirlən şəxslərin dindirilçəsi ilə bağlı qərar qəbul etdi. Zərəçəkən şəxs qismində isə həm Beynəlxalq Bankın, həm də prezidentin fərmanı ilə yaradılmış “Aqrarkredit” QSC-nin nümayəndəsi tanındı. Beynəlxalq Bank 211 milyon manat,  “Aqrarkredit” QSC isə 7 milyon manat məbləğində mülki iddia tələbini məhkəməyə təqdim edib. Bu isə yolverilməzdir və prezidentin fərmanına əsasən, bütün tələblər “Aqrarkredit” QSC-yə keçib, mülki iddia ilə yalnız bu qurum çıxış edə bilərdi”.
Vəkil Aqil Layıcov isə Cahangir Hacıyevin 5 milyard manat mənimsəməsi və ofşor zonalara ötürməsi barədə Maliyyə Nazirliyinin son açıqlamasına münasibət bildirib. «Bbu tip işlər elə nazirlik tərəfindən kurasiya edilib. Ona görə də heab edirik ki, hər şeyin arxasında Maliyyə Nazirliyi durur. Hüquqi cəhətdən Maliyyə Nazirliyinin Beynəlxalq Bankın zərələri və s. məsələlərlə bağlı açıqlama vermək səlahiyyəti yoxdur. Prezidentin fərmanı il o səlahiyyətlər “Aqrarkredit”-ə keçib”.
Fəxrəddin Mehdiyev bildirib ki, prosessual pozuntular indi də məhkəmədə davam edir və bunları aradan qaldırmaq üçün verdiyi vəsatətlər heç müzakirəyə də çıxarılmır. “Hesab edirik ki, məhkəmə bu qaydada davam etməklə tələm-tələsik ittiham aktını təsdiqləməkdən başqa bir iş görməyəcək”.
Vəkilin sözlərinə görə, ittiham aktında verilmiş kreditlərdə 35 milyon manatadək mənimsəmə olduğu qeyd edilib. “Biz isə bildirirk ki, ümumiyyətlə mənimsəmə olmayıb, bütün kreditlər layihələrə və səhmlərin alınmasına xərclənib”.
Vəkil Aqil Layıcov bildirib ki, Cahangir Hacıyevin həyat yoldaşına qarşı 3 milyon manatlıq ittiham irəli sürülsə də, o, banka 4 milyon manatlıq səhm qaytarıb. “Səhmlərlə bağlı Z.Hacıyeva ilə bank arasında alqı-satqı edilsə də, pul verilməyib. Nə də 3 milyonun ödənilməsinə sərf edilməyib. Ümumilikdə Cahangir Hacıyevə, ailə üzvlərinə və yaxın ətrafına aid 184 milyonluq səhmlər Banka qaytarılıb”.
“Cahangir Hacıyev dedi ki, mənə göstəriş belə olmuşdu… ”
C.Hacıyev və yaxınları tərəfindən səhmlərin alınmasına sərf olunan pulun mənbəyinə gəlincə, vəkil bildirir ki, pullar bankdan götürülmüş kreditlər hesabına ödənilib. “Sadəcə başqa adamların adına kredit götürərək səhm alıblar və o pullar bankdan çıxmayıb. Cahangir Hacıyevə sual verdim ki, nəyə görə bu yolu seçdiniz ki, səhmlər məhz sizin yaxın adamların adına alınıb? Dedi ki, mənə göstəriş elə olmuşdu. Səbəbi də odur ki, idarəetmə paketinin kənar şəxslərin adına keçməsini istəməyiblər”. Vəkil bildirib ki, C.Hacıyev göstəriş məsələlərinə həssas yanaşır və tapşırığın kim tərəfindən verilməsini açıqlamır.
Vəkil bildirir ki, Beynəlxalq Bank tərəfindən verilmiş kreditlər proqram çərçivəsində layihələrə sərf edilib. “Həmin layihələrin çoxu işləkdir, səmərəliliyi və iqtisadi rentabelliyi var. Sadəcə, sonradan həmin layihələr dayandırılıb, yaxud da Maliyyə Nazirliyi tərəfindən benefsiarlar təyin olunub, həmin 3 milyardı götürmək üçün layihələr gözdən salınıb”.
Aqil Layıcov deyib ki, həmin layihələrin bir çoxu bu il kənd təsərrüfatı sərgisində son ilin uğuru kimi təqdim edilib.
“Baş verənlər Samir Şərifovla Cahangir Hacıyev arasında olan intriqanın nəticəsidir”
 
Aqil Layıcov qeyd edib ki, Beynəlxalq Bank ətrafında baş verənlər maliyyə naziri Samir Şərifovla Cahangir Hacıyev arasında olan intriqanın nəticəsidir. İntriqanın səbəbini isə vəkil belə izah edib: “Bu mənim fikrimdir, Cahangir müəllim də deyib və beynəlxalq reytinq agentliklərinin nəticələri də təsdiqləyir. Belə ki, Beynəlxalq Bankın reytinqi həmişə Azərbaycanın kredit reytinqindən ikiqat yüksək olub. Azərbaycan Respublikasının maliyyə reytinqinə Samir Şərifov cavabdeh olduğu üçün bu hal qısqanclıq yaradıb. Bizdə olan məlumata görə Maliyyə Nazirliyi tərəfindən dəfələrlə beynəlxalq reytinq agentliklərinə deyiblər ki, belə etməyin. Bu zəmində yaranan qısqanclıq yersiz yoxlamaların aparılmasına, qaralama əməliyyatlarına, eyni zamanda əsassız istintaqın aparılmasına gətirib çıxarıb”.
Cahangir Hacıyevin həbsinin devalvasiya ilə bağlı olması, həmin vaxt maliyyə əməlyyatları həyata keçirməsi ilə bağlı yayılan məlumatlarla bağlı F.Mehdiyev bildirir ki, bu yanlış informasiylardır. “İstintqda da bununla bağlı heç bir ittiham yoxdur. Cahangir müəllim isə ümumiyyətlə devalvasiyanın bu şəkildə keçirilməsinin əleyhinə olub və bildirib ki, bu proses bankların çökməsinə və vətəndaşlar üçün ciddi problemlərə səbəb olacaq. Cahangir Hacıyev bildirir ki, devalvasiyanın müəllifi Samir Şərifov olub”.
Yekun olaraq vəkillər bildiriblər ki, hazırda davam edən məhkəmə istintaqının gedişatından narazılıqlarını dəfələrlə bildiriblər. “Bu barədə vəsatətlərlə çıxış etmişik. Hətta məhkəmə tərkibinə yazılı etiraz da təqdim etmişik. Bu dəfə isə nəinki tərkibə, məhkəmənin özünə etiraz verməyi planlaşdırırıq. Ancaq əvvəlki vəsatət və etirazlarda olduğu kimi bu etirazın da qəbul ediləcəyinə inanmırıq” – deyə A.Layıcov bildirib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

London və Bakı hərbi əməkdaşlıq haqda razılığa gəldi

%d bloqqer bunu bəyənir: